Şeytanın Dostu

Şeytanın Dostu


Gəlin belə bir strateji dilemmaya baxaq. Tutalım ki, siz digər ölkələri fərdi azadlıq, şəxsi mülkiyyət və azad bazarlar kimi vacib hesab etdiyiniz prinsiplərə yönəltməyə çalışan bir super gücsünüz. Digər yanda isə sosial bərabərlik, dövlət mülkiyyəti və mərkəzləşdirilmiş planlaşdırma kimi öz prinsiplərini digər ölkələrə qəbul etdirməyə çalışan başqa bir super güc də var.

Bir gün görürsünüz ki, həmin rəqib super güc sülh və demokratiya adı ilə beynəlxalq təşkilatlar yaradır, beynəlxalq konqreslər, mərasimlər təşkil edir və başqa ölkələri burda iştirak etməyə dəvət edir.

Bu təşkilat və mərasimlər işin görünən tərəfidir. Bu təşkilatlara üzvlük, onların proqramları və siyasi mövqeləri bütün bunlar üçün böyük məbləğdə pul xərcləyən rəqib super güc tərəfindən gizli şəkildə təşkil edilir. Siz isə belə düşünürsünüz ki, rəqibiniz heç də sülhsevər və demokratiya tərəfdarı deyil və bu ölkədə tamamilə totalitar rejim hökm sürür. Buna baxmayaraq, rəqib tərəfin şüarları beynəlxalq sülh və əməkdaşlığa inanan yazıçı və rəssamları, ziyalıları, tələbələri, həmkarlar ittifaqlarını cəlb edir.

Bunlara siz də inanırsınız, lakin sizin fikrinizcə, rəqib tərəf şüarlardan yalnız öz maraqlarını təşviq etmək üçün istifadə edir, bu maraqlardan biri də sizin gücünüzü əlinizdən almaqdır. Belə vəziyyətdə siz nə edirsiniz? Heç nə etməmək kimi seçiminiz yoxdur. Unutmayın, siz bir super gücsünüz.

Aydındır ki, ən yaxşı qarşılıq öz beynəlxalq təşkilatlarınızı yaradıb beynəlxaq konqres və mərasimlər təşkil edərək onlardan maraqlarınızın təşviqi üçün istifadə etməkdir. Ancaq təəssüf ki, siz bunu ictimai və şəffaf şəkildə edə bilməzsiniz. Çünki sizin vətəndaşlarınız üçün beynəlxalq sülh və əməkdaşlıq idealları o qədər də maraqlı deyil və sizin bu idealları təbliğ edən insanları dəstəkləmək üçün vergi gəlirlərindən istifadə etməyiniz vətəndaşlarınızı məmnun etməz. Vətəndaşlar bu gəlirlərin daha çox müdafiə üzrə xərclənməsinə üstünlük verərlər.

Eyni zamanda belə bir problem də var ki, super güc kimi prinsiplərinizdən biri də bu düşüncədir ki, hökumətlər yazıçı qurultayları və tələbə qrupları kimi könüllü şəkildə yaradılan birliklərin fəaliyyətinə müdaxilə etməməlidirlər. Sizinlə rəqib super güc arasındakı əsas fərq də elə budur. Ona görə də, əliniz-qolunuz bağlı qalır.

Ancaq bunu gizli şəkildə edə bilərsiniz. Fərz edək ki, vergidən gələn gəlirləri xüsusi xeyriyyəçi və özəl fondların yardımı adı ilə gizli vasitələrlə beynəlxalq şəkildə fəaliyyət göstərən və sizin inandığınız prinsiplərə əsasən başqa ölkələrdəki qruplarla əlaqə yarada bilən təşkilatlara istiqamətləndirdiniz. Əmin olmaq istəyəcəksiniz ki, həmin təşkilatları idarə edən şəxslər ya pulun hardan gəldiyini bilməsinlər, ya da bunu sirr olaraq saxlaya bilsinlər. Düzgün şəxslərə səlahiyyət verilməsi və düzgün vəzifələrin qəbul edilməsi üçün arabir də olsa, nəzarəti əldə saxlamalı ola bilərsiniz.

Burda şəffaflıq prinsipindən bir qədər kənara çıxılsa da, əsas etibarilə, heç kim nəyisə etməyə və ya deməyə məcbur edilməyəcək. Rəqibinizin gücünü əlindən aldıqdan sonra da gizlilik üçün heç bir ehtiyac qalmayacaq. Ancaq o gün gəlib çatana qədər milli təhlükəsizlik bunu tələb edə bilər. Yalnız artıq yanlış tərəfdə olan insanlar etiraz edə bilərlər.

İkinci dünya müharibəsindən sonra ABŞ da tam bu səbəblərdən istifadə edərək bu yolla dilemmanı həll etdi. Soyuq müharibənin rəsmi olaraq başlamasından və Harri Trumenin 1947-ci ilin mart ayında Konqres qarşısında çıxış edərək silahlı qrupların və xarici təzyiqlərin əsarət altına almağa çalışdığı azad xalqların müqavimətini dəstəklədiyini bildirməsindən sonra ABŞ öz maraqlarını xaricdə təşviq etmək üçün gizli şəkildə mövcud qeyri-hökumət təşkilatlarına daxil oldu.

Trumanın çıxışından elə düz 20 il sonra, 1967-ci ilin fevral ayında hökumətin bu faəliyyəti universiteti tərk etmiş tələbə Maykl Vud tərəfindən ifşa edildi. O, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Milli Tələbələr Assosiasiyası (National Student Association) adlı təşkilatdan gizli şəkildə istifadə etdiyini üzə çıxardı. Bu hadisənin təsiri sürətlə yayıldı və soyuq müharibənin birinci mərhələsinin sona çatdığına işarə etdi.

Hər iki təşkilat 1947-ci ildə, Trumenin çıxışından bir neçə ay sonra yaradılıb və Mərkəzi Kəşfiyyat İdarəsinin bu qurum üzərində lap əvvəldən gözü olub. Bu məsələ haqqında təfərrüatlardan isə ilk dəfə Karen Pagetin “Patriotik Xəyanət” (“Patriotic Betrayal”) adlı kitabında danışılır.

Bu kitab möhtəşəm bir tədqiqat işidir. Paget arxivləri böyük bir səylə toplayıb və MKİ-nin keçmiş rəsmiləri də daxil olmaqla, sağ qalan bir çox iştirakçıdan müsahibə götürüb. Müəllif özü də danışdığı hekayənin iştirakçısı olub. Belə ki, onun Kolorado universitetində tələbələrə rəhbərlik edən həyat yoldaşı 1965-ci ildə Milli Tələbələr Assosiasiyasında işləməyə başlayır və bir həyat yoldaşı kimi Paget də assosiasiyanın MKİ agentinə çevrilən iki keçmiş rəsmisi tərəfindən məlumatlandırılır.

Müəllif bu sirri saxlayacağına and içir. Razılaşmanın pozulması üçün cəza isə 20 il olur. O, o vaxtlar “Ayova ştatının kiçik bir şəhərində yaşayan və siyasətlə maraqlanmayan 20 yaşlı biri” olduğunu və qorxduğunu qeyd edir. 50 il ötsə də, onun qəzəbi hələ də keçməyib.

Bu təşkilatlar arasındakı gizli əlaqələrin təhqiqatı şəraitin imkan verdiyi qədər diqqətlə aparılıb. Buna imkan verən faktlardan biri odur ki, lazımı qədər sənəd əldə edilib. Paget “İnformasiya Azadlığı” haqqında qanundan istifadə edərək istədiyi məlumatları əldə edə bilib. Aysberqin görünməyən tərəfi isə hələ də aşkarlanmayıb və çox güman ki, aşkarlanmayacaq da. Ona görə də, bəzən kimin bu işlərə rəhbərlik etdiyi və səbəbi ilə bağlı hələ də qeyri-müəyyənlik var.

Kitab qəliz bir kitabdır. Oxucular üçün kitabın arxasında üç səhifə ixtisar və akronimlərin açılışı, eyni zamanda 90 səhifəyə yaxın əlavə məlumat var. Təşkilati baxımdan Milli Tələbə Assosiasiyası ilə Mərkəzi Kəşfiyyat İdarəsi arasındakı məsələ olduqca mürəkkəb olub.

Burda bir sıra yarı-müstəqil təşkilatlardan da söhbət gedir. Bunlara müharibədən dərhal sonra yaradılmış Ümumdünya Demokratik Gənclər Federasiyası; 1946-cı ildə Praqada əsası qoyulmuş Beynəlxalq Tələbələr Birliyi və ABŞ-ı bu birlikdə təmsil etməsi üçün 1947-ci ildə Viskonsin ştatının paytaxtı Medisonda təsis edilmiş Milli Tələbələr Assosiasiyası daxildir.

Medison konfransı ilə eyni zamanda assosiasiyanın beynəlxalq məsələlər üzrə alt komitəsi yaradıldı və bu komitəyə beynəlxalq məsələlərlə məşğul olmaq səlahiyyəti verildi. Həlledici addım isə assosiasiyanın Medisondakı əsas bürosunun Massaçusets ştatının Kembric şəhərində yerləşən beynəlxalq şöbədən ayrılması oldu. Mərkəzi Kəşfiyyat İdarəsindən ən çox maliyyə alan Kembric filialı idarənin əksər tapşırıqlarını da yerinə yetirirdi. Medison filialı isə hadisələrin gedişatından kənarda qalmışdı.

1948-ci ildə kommunistlər Çexoslovakiyada çevriliş etdilər və bu hadisə müharibədən sonrakı əlaqələrin gərginləşməsində həlledici rol oynadı. Beynəlxalq Tələbələr Birliyi bu çevrilişə qarşı çıxmaqdan imtina etdikdən sonra Milli Tələbələr Assosiasiyası geri çəkildi və rəqib qrup – Beynəlxalq Tələbə Konfransını formalaşdırmağa başladı. Bu iki təşkilat soyuq müharibədə super güclərin vasitələrinə çevrildilər.

Müəllif göstərir ki, bu hadisədənəvvəl də amerikalı tələbələr böyük qrupların – Dövlət Departamenti, Federal Təhqiqat Bürosu, Katolik kilsəsinin təqiblərinə və gizli planlarına məruz qalırdılar. Soyuq müharibədə kilsənin kommunizmə qarşı yüksək intizamının necə nüfuzlu rol oynadığı unudula bilər. Papanın Milli Tələbə Assosiasiyası daxil olmaqla, kommunistlərin gənclər təşkilatlarına gizli şəkildə soxulması təhlükəsində xüsusi marağı var idi. Katoliklər assosiasiya və Beynəlxalq Tələbə Konfransının iclaslarında bir blok kimi səs verirdilər.

Papanın antikommunizm mövqeyi MKİ üçün həddən artıq sərt idi. Təşkilat tələbələrin keçmişinin araşdırılmasında əməkdaşlıq etdiyi Con Edqar Quver və hökumətdə kommunistləri aradan qaldırmağa çalışan senator Cozef Makkartini bəyənmirdi. Agentliyin strategiyaları daha çox solyönümlü idi.

Milli Tələbə Assosiasiyası tam liberal bir təşkilat idi. Vətəndaş hüquqları ilkin mərhələdə assosiasiyanın gündəliyinə salınmışdı. Təşkilatın ikinci prezidenti afroamerikalı və katolik Ceyms Harris, dördüncü prezidenti isə vətəndaş hüquqları üzrə müharibə əleyhinə olan aktivist Allard Lovenştayn olub. Assosiasiyanın siyasi fəaliyyəti MKİ-nin gizli şəbəkəsinə daxil olan təşkilatların əksəriyyəti ilə eyni idi: sosial cəhətdən mütərəqqi, müstəmləkəçiliyə qarşı və bəzən də sosialist xarakter daşıyırdı.

Ənənəvi şərhlərdən biri odur ki, 1947 və 1967-ci illər arasında MKİ-də gizli əməliyyatlara rəhbərlik edən şəxslər sağçı şovinistlər olmayıb. Bu şəxslər antikommunist liberallar, MKİ-nin sələfi olan Strateji Xidmətlər Bürosunun veteranları olub. Həmin insanlar mütərəqqi psinsiplərə xəyanət etdiyini düşündükləri Sovet İttifaqına nifrət edirdilər.

MKİ rəsmiləri Milli Tələbə Assosiasiyasının məlumatlı tələbələrinə həmişə deyərdilər ki, avtoritar diktatorluqları dəstəkləyən Dövlət Departamentindən fərqli olaraq MKİ demokratik müqavimət və milli azadlıq hərəkatlarında iştirak edən xarici tələbələri dəstəkləyir. Bunun tələbələrə düzgün şeytanla sövdələşdiklərini hiss etdirəcəyi düşünülürdü.

Əslində isə tələbələr aldadılırdılar. MKİ icraedici hakimiyyətin tərkib hissəsidir. Onun rəhbəri prezidenti məlumatlandırır, əməliyyat və xərclərinə isə konqres nəzarət edir. MKİ-nin 1950-ci illərdə direktoru olan Allen Dalles dövlət katibinin qardaşı idi. MKİ-nin öz xarici siyasətini yeritdiyi fikri absurddur.

1960-70-ci illərdə MKİ-nin bir çox gizli əməliyyatları ifşa olduqdan sonra insanlar təşkilat haqqında çirkli əməlləri ilə etibarsız yeraltı bir qurum imiş kimi danışmağa başladılar. 1967-ci ildə üzə çıxan məlumatlardan sonra MKİ-nin gizli əməliyyatları haqqında verilən hesabatla qurumun “öz təşəbbüsü ilə fəaliyyət göstərmədiyi” qənaətinə gəlindi. 1976-cı ildə isə rəsmi şəkildə heç vaxt yayımlanmayan daha mühüm bir hesabatda deyildi ki, “əldə olan bütün sübutlara görə, MKİ nəzarətdən çıxmamış və tamamilə Milli Təhülkəsizlik məsələləri üzrə prezident və onun müavininin göstərişlərinə uyğun fəaliyyət göstərmişdir.”

Doğrudur ki, MKİ administrasiyaları heç də həmişə məqsədləri ilə bağlı tam məlumatlandırmayıb, ancaq bu təşkilatın administrasiyaların bilmək istəmədikləri şeylər olduğuna inanmaq üçün səbəbi var idi. İnkar etmək gizli əməliyyatların vacib tərkib hissəsidir. MKİ Milli Tələbə Assosiasiyasından Amerika hökumətinin strategiyalarını genişləndirmək üçün istifadə etdi. Əgər bu idarə prezidentin istəklərinin əksinə hər hansı bir şey etmiş olsaydı, onun fəaliyyətinə çoxdan son qoyulmuşdu.

Bəs tələbələr assosiasiyası tam olaraq hansı işə yaradı? Elə burda işlər qarışır: Pagetin dediyinə görə, bu assosiasiya MKİ-nin “siyasi müharibə” adlandırdığı şey üçün istifadə olunmadı. MKİ Müstəqil Tədqiqat Xidməti (mümkün olduğu qədər mənasız adların tapılması da casus oyununun bir hissəsidir) adlı əlaltı bir təşkilat yaratdı. Burda məqsəd Sovet İttifaqının nəzarəti altında 1959-cu ildə Vyana və 1962-ci ildə Helsinkidə keçirilən beynəlxalq gənclər festivallarını dağıtmaları üçün amerikalı tələbələrin yığılması idi. Bu fəaliyyətə rəhbərlik edən şəxs isə gələcəyin feministi Qloria Staynem oldu. O, pulun hardan gəldiyini çox yaxşı bilirdi və sonradan bu pulu almaqdan da heç vaxt peşman olmadığını bildirmişdi.

Milli Tələbələr Assosiasiyası bu əməliyyatda iştirak etmədi. Bu assosiasiya təkcə Amerikanın prinspiplərini xaricdə təşviq etmək üçün istifadə olunmadı, halbuki, onun maliyyələşdirilməsinin bir səbəbi də elə bu idi. MKİ assosiasiyada öz agentlərini yerləşdirərək qurumun idarəsinə təsir göstərə biləcəkləri tələbələrin seçilməsi və istədikləri siyasi mövqelərin qəbul edilməsi üçün gizli şəkildə çalışdı. Tələbə Əlaqələri üzrə Beynəlxalq Seminar adlı yay proqramının gizli maliyyələşdirilməsi və bu seminardan assosiasiyanın gələcək liderlərinin hazırlanması üçün üçün daha ehtiyatlı olmaq lazım gəldi.

Mahiyyət etibarilə, Milli Tələbələr Assosiasiyasının funksiyası Amerika hökumətinin fəəaliyyətini gizlətmək idi və bu birlik Amerika hökuməti ilə heç vaxt bilərəkdən çalışmayacaq insanlarla işləməyə imkan yaratdı. Bu insanlar elə bilirdilər ki, onlar hökumətdən asılı olmayan bir tələbə qrupu ilə çalışırlar. Onların heç bir fikri yox idi ki, bu assosiasiya hökumətə işləyir.

Bəs bu MKİ-yə nə etməyə imkan verdi? Birincisi, MKİ guya Milli Tələbələr Assosiasiyasından gələn yardımlar vasitəsilə üstünlük verilən xarici tələbə qruplarına maliyyə yardımı göstərirdi. İkincisi, bu birlik tələbələrin yığılması üçün bir vasitə olaraq MKİ-yə başqa ölkələrdə tələbə liderlər arasında potensial kəşfiyyat mənbələrini müəyyənləşdirmək imkanı verirdi. Üçüncüsü isə, beynəlxalq konfranslarda iştirak edən assosiasiya üzvləri yazılı hesabat verərək və ya sorğulanaraq MKİ-ni çoxlu sayda məlumatla təmin edirdilər.

MKİ bu günün tələbə liderinin sabahın da tələbə lideri olduğu məsələsinə tam bel bağlamadı və milli tələbə təşkilatlarının başçılarının öz ölkələrində önəmli şəxslərə çevriləcəkləri ehtimalı olduğunu nəzərə aldı. Bu baş verdikdə isə Amerika hökumətinin onlar haqqında yazılı məlumatları olurdu. Pagetin yazdığı kimi: “Zaman keçdikcə minlərlə xarici tələbənin siyasi meylləri, şəxsi xüsusiyyətləri və gələcək istəkləri haqqında yazılı məlumatlar yığıldı və xarici tələbə birlikləri daxilində və ölkələrdə siyasi dinamikaların ətraflı analizləri təqdim olundu.”

Bu, ilk baxışdan olduqca zərərsiz görünə bilər, ancaq Dövlət Departamenti ilə bağlı problem var idi. Dövlət Departamenti ABŞ-la diplomatik əlaqələri olan ölkələrlə işləyir. Xarici bir dövlətlə diplomatik əlaqələrin olması həmin dövlətdə hakimiyyətin devrilməsinə çalışan qruplarla əlaqəni və ya onların legitimliyini qəbul etməyə imkan vermir. Ona görə də, gizli şəkildə fəaliyyət göstərən agentliyin olması əlverişlidir. MKİ-nin müxalifət qrupları ilə gizli əlaqələri inkişaf etdirə bilməsi Amerika hökumətinə hər iki tərəfdə işləmək imkanı verdi.

Paget belə düşünür ki, bəzi hallarda MKİ-nin siyasi rejimə müxalif olan tələbələr haqqında topladığı məlumatlar həmin rejimin əlinə keçmiş və bu məlumatlardan rejimin düşmənlərinin həbsi və edamı üçün istifadə edilmiş ola bilər. O, bunun İraq, İran və Cənubi Afrika daxil olmaqla, rejimin dəyişdirilməsində Amerikanın əli olan bir neçə ölkədə baş vermiş ola biləcəyindən şübhələndiyini bildirir.

Ancaq bunların hamısı fərziyyədir. Pagetin kitabında heç bir danılmaz sübut – MKİ-nin xarici bir hökumətə tələbələrin adlarını ifşa etdiyi xüsusi heç bir misal çəkilmir. Əlbəttə ki, bu da məxfi məlumatlarla əlaqədardır. Heç bir kəşfiyyat agentliyi əlaqələri olduğu insanların kimliklərini üzə çıxaran sənədləri ifşa etməz. Həmin informasiya aysberqin ən aşağı hissəsində qalır.

Milli Tələbələr Assosiasiyası MKİ-nin gizli şəkildə maliyyələşdirdiyi təşkilatlardan yalnız biri idi. Həmin əlaqələr barədə, çox güman ki, yüzlərlə insanın məlumatı olub. Ancaq Maykl Vud bu sirri ifşa edənə qədər heç kim bu haqda danışmamışdı. Bu, bəzi şeylərin – tələbələrin sadəlövhlüyü, qurumların təkəbbürü və antikommunizm gücünün vicdanı kölgədə qoymasının sübutu idi.

MKİ-nin kəşfiyyatçılıq fəaliyyəti isə bunlara aid deyildi. Qurumun gizli maliyyələşdirmə sisteminin sübutu əslində nəzərə çarpacaq dərəcədə açıq olsa da, gizli olaraq qalırdı. 1964-cü ildə isə Nümayəndələr Palatasının alt komitəsi xeyriyyə cəmiyyətlərinin vergidən azad olmaları ilə bağlı araşdırma apardı. Komitə Nyu-Yorkda yerləşən xeyriyyə fondu “J.M. Kaplan Fund” ilə bağlı Beynəlxaq Tədqiqat Xidmətindən məlumat ala bilmədi.

Komitənin sədri, Texas ştatından olan konqresmen Rayt Patman BeynəlxalqTədqiqat Xidmətinin əməkdaşlıq etməməsinə MKİ-nin mane olduğunu düşünürdü. Patman bu hörmətsizliyin qarşılığında 1961-ci ildən 1963-cü ilə qədər “J.M. Kaplan Fund” təşkilatınaa hardasa milyonlar vermiş fondların ictimai siyahısını çıxartdırtdı.

“The Times” qəzetində çıxan siyahıda səkkiz vasitəçi fondun adı çəkildi. MKİ və tədqiqat xidmətinin nümayəndələri ilə keçirilən bağlı iclasdan sonra Patman məsələnin MKİ ilə əlaqəsi olduğu halda alt komitə üçün artıq maraqlı olmadığını və mövzunu bağladığını elan etdi.

Ancaq məsələ hələ tam aydınlaşmamışdı. Bu səkkiz fond MKİ-nin agentləri arasında vasitəçi rolu oynayırdı. Belə ki, MKİ tanıdığı varlı insanlara yaxınlaşaraq onlardan bu saxta fondlara başçılıq etmələrini xahiş etmişdi. Beləliklə, həmin insanlar başa gətirilir, fond üçün ad yaradılır, bəzən də adres verilməsi üçün ofis kirayəyə götürülür və vasitəçi fond meydana gəlirdi. Saxta fondun üzvləri hətta “işin” müzakirə edildiyi illik iclaslar belə keçirirdilər.

Bu saxta fondlardan agentliyin dəstəkləmək istədiyi qruplara pul göndərilməsi üçün istifadə olunurdu. Bəzən də MKİ saxta fondlar vasitəsilə “The Kaplan Fund” kimi qanuni xeyriyyə fondlarına, bu fondlar da Milli Tələbələr Assosiasiyası kimi qruplara maliyyə vasitəsi ötürürdülər. Bəzən isə bu əlaltı fondlar sadəcə MKİ benefisiarları üçün çek yazmaqla fəaliyyət göstərirdilər.

“The Times” qəzetində çıxan bir baş məqalədə deyilirdi: “bu fəaliyyət dayandırılmalıdır. Xaricdə fondların müəssisə, təşkilat, jurnal və qəzetləri siğortalamaları üçün dövlətin kəşfiyyat vəsaitlərindən istifadəsi MKİ-nin informasiya toplanması və qiymətləndirilməsi missiyasının təhrifidir.” 1966-cı ildə qəzetdə MKİ-nin Mədəni Azadlıq Konqresi və onun Avropada çıxan jurnallarını maliyyələşdirdiyini ifşa edən bir sıra məqalələr yayımlandı. Eyni zamanda idarənin xaricə gedən amerikalı alimlərə də maliyyə dəstəyi göstərdiyi ilə bağlı da məlumatlar çıxdı. MKİ isə heç bir nəticə verməyən bu məqalələrə cavab vermək üçün heç nə etmədi.

Sonra isə Maykl Vud çıxdı. Vud Kaliforniya ştatının Qlendeyl şəhərindən idi. O, 1964-cü ildə Los Ancelesin qonşuluğunda yerləşən Uotsda vətəndaş hüquqları üzrə təşkilatçı olmaq üçün Pomona Kollecini tərk edir, onun ordakı işi Milli Tələbə Assosiasiyasının diqqətini cəlb edir və ona bu qurumda iş təklif edilir.

O vaxta qədər artıq Amerikanın 400-dən çox universitetindən bir milyona qədər tələbə təmsil edən assosiasiya sadəcə öz bürolarını MKİ-nin köməyilə Vaşinqtona köçürmüşdü. Maykl Vud da tezliklə pul yardımı toplamaq üzrə inkişaf direktoru vəzifəsinə layiq görüldü.

Vud bu vəzifədə olarkən işlərdə nəsə qəribəlik hiss etdi. Assosiasiyada heç kim pul toplanmasında maraqlı deyildi. Yardım təklifləri isə səthi xarakter daşıyırdı. Vud öyrənir ki, onu işə götürən assosiasiya prezidenti Filip Şerburnun ianələr üçün danışıqları özbaşına aparır. Vud Şerburnla üzləşir və pul toplanması üzrə bütün fəaliyyətin nəzarəti ona verilməzsə, işdən çıxacağını bildirir. Şerburn isə onu nahara dəvət edir. Söhbət 1966-cı ilin mart ayından gedir. Nahar zamanı Şerburn məxfilik anlaşmasını pozur və Vuda MKİ haqqında danışır, çarəsiz şəkildə MKİ-lə əlaqəni kəsməyə çalışdığını deyir (bu da yalan deyil) və ondan bu söhbəti heç kimə danışmamasını xahiş edir.

Vud bilirdi ki, bu söhbəti ifşa etsə, Şerburn həbs ediləcək. Ancaq MKİ-in assosiasiya üzərində maddi təsir gücünün olması onu narahat edir. Həmin ilin payızında Vud işdən çıxarılır. Pagetin məlumatına görə, onun işdəki insanlarla arası yaxşı deyildi. Ancaq o, onsuz da məsələni ictimailəşdirmək qərarı vermiş və gizli şəkildə özü üçün assosiasiyanın maliyyə məlumatlarını götürmüşdü.

Paget Vudun mətbuatla necə əlaqə saxladığını izah etmir. Əhvalat belədir ki, Vud “Raparts” jurnalını təmsil edən Mark Stonla görüşür. Bu jurnal Vudun inanması çətin, təsdiqlənməsi isə qeyri-mümkün olan hekayəsinə baxmağa başlayır. Ancaq jurnalın tədqiqatçıları aşkar edirlər ki, Patman tərəfindən iki il əvvəl adı çəkilən səkkiz saxta fond assosiasiyanın ianəçiləridir. MKİ onların adını dəyişdirəcək qədər belə narahat olmayıb. 1967-ci ilin fevral ayına qədər jurnal məqaləni hazır edir.

MKİ jurnalın araşdırmasından xəbər tutur. Assosiasiyanın keçmiş rəhbərlərini yığaraq planlaşdırır ki, rəhbərlər mətbuat konfransında MKİ-dən pul aldıqlarını etiraf edərək MKİ-nin assosiasiaya heç vaxt təsir göstərmədiyini bildirsinlər. Onlar bu strategiya ilə jurnalın nəşr edəcəyi istənilən məqaləni təsirsiz hala gətirə biləcəklərini düşünürdülər.

“Ramparts” jurnalı da öz növbəsində MKİ--nin planından xəbər tutur, “New York Times” və “Washington Post” qəzetlərinə reklam edilməsi üçün ödəniş edir. Fevral ayının 14-də isə bu qəzetlərdə belə bir elan verilir: “Ramparts” jurnalı mart buraxılışında amerikalı tələbə liderlərin dünyasına MKİ-nin necə sızdığını və onları alt-üst etdiyini sübut edəcək. “Ramparts” jurnalının reklamları çıxan gün hər iki qəzetdə MKİ-nin Milli Tələbələr Assosiasiyasını gizli maliyyələşdirilməsi haqqında məqalələr çıxdı.

Beləliklə, bu mövzu böyük marağa səbəb oldu. Assosiasiya ilə bağlı xəbər çıxdıqdan sonra MKİ-nin bütün gizli əməliyyatları ifşa olunmağa başladı. Müxbirlər aşkarladılar ki, 18 saxta, 21 qanuni fond vasitəsilə bu işlər aparılır, 50-dən çox qrant alan var. MKİ hələ Milli Kilsələr Şurası, Beynəlxalq Hüquqşünaslar Komissiyası, Beynəlxalq Marketinq İnstitutu, Milli Təhsil Assosiasiyası, Amerika Kommunikasiya İşçiləri, Rus Kilsəsi Yepiskoplarının Kilsə Məclisi və s. üçün pul təmin edib.

Maliyyələşdirilən qruplardan bəzilərini MKİ özü yaratmışdı. Müntəzəm olaraq yardım üçün xalqa müraciət edən Avropada Azad Radio və Azad Rusiya Fondu əslində hökumət tərəfindən yaradılmışdı və MKİ tərəfindən maliyyələşdirilirdi. Digər təşkilatlarda isə MKİ öz agentlərini yerləşdirmişdi. Yalnız bir neçə qrup vəsaitin əsl mənbəyini bilmirdi.

“Ramparts” jurnalı gizli maliyyələşdirmə sistemini məhv etdi. Edilən ifşalar o demək idi ki, bu gizli maliyyələşdirmə əməliyyatının əks təsirləri oldu. Xarici elitaların sədaqətini qazanmaq cəhdi onları, demək olar, tamamilə uzaqlaşdırmaqla nəticələndi. 1967-ci ildən sonra Amerika rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq, beynəlxalq mədəni münasibətlərdə şübhəli mövqe tutdu.

Müəllif kitabın sonunda danışdığı əhvalatın müsbət tərəfini verməyə çalışır. Məsələn, MKİ-nin assosiasiya ilə əlaqəsi ABŞ-ın soyuq müharibədə qalib gəlməsinə kömək etdi. Ancaq belə nəticəyə gəlir ki, faktlar olduqca qarışıq və məyusedicidir. Məsələn, Milli Tələbələr Assosiasiyasının kimisə kommunizmdən döndürə bildiyinə dair heç bir sübut yoxdur. Müəllifin fikrincə, ən yaxşı halda bunu göstərmək olar ki, Sovet İttifaqı tələbələrlə bağlı beynəlxalq məsələlərdə tək qalmadı./www.4npress.com/

Şeytanın Dostu

  • 25-05-2015, 05:17
  • 748


Oxşar mövzular
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI