İlqar Muradov ailəsi haqda ilk dəfə danışdı: “Mahnılarım ona ithaf olunub”

İlqar Muradov ailəsi haqda ilk dəfə danışdı: “Mahnılarım ona ithaf olunub”
Ailem.az-ın müsahibi tanınmış müğənni, əməkdar artist İlqar Muradovdur.

- İlqar bəy, bilirik ki, bu yaxınlarda solo konsert verəcəksiniz. Deyəsən ilk solo konsertinizdir.

- Bəli, bu mənim ilk solo konsertim olacaq. Əvvəllər solo konsert verməmişəm. Noyabrın 25-də Heydər Əliyev Sarayında yubiley konsertim olacaq. Bütün həmkarlarımın, dostlarımın, musiqiçilərin dəstəyi ilə düşünürəm ki, çox yaxşı proqram olacaq.

- Özünüzü şou-biznesdə görürsünüzmü?

- Azərbaycanda şou biznes günbəgün təkmilləşir. Düzdür, mən özümü orada o qədər də görmürəm. Əslində, şou-biznes yaxşı biznes sayılır. Bu, dünyada inkişaf edib, amma bizdə onun biznes tərəfi hələ tam təkmilləşməyib. Bir növ pərakəndə, bir az kim necə istəyir, kim necə düşünür o cürdür. Amma xalqımızın içərisində o qədər istedadlı, bacarıqlı gənclər var ki. Məsələn, elə bizim konservatoriyada xeyli istedadlı gənclər var. Onlar yetişir və mən bu hala çox sevinirəm. Mən bütün kolleqalarıma müvəffəqiyyət arzulayıram. Təki onlar insanlara mükəmməl, düzgün musiqi çatdırsınlar.

- Bəs müğənnilərin toya getməsinə necə münasibət bəsləyirsiniz?

- Bizdə elə şou-biznes deyəndə böyük əksəriyyət toyu, el şənliklərini nəzərdə tutur. Konsertlər azdır. Amma musiqiçilər toya getməsə, necə olar? Toy da lazımdır, başqa cür alınmır. Düzdür, elə toy musiqisi də asan deyil. Yəni toylarda o qədər tələbat var ki... Amma səni toya aparmaları üçün də gərək mükəmməl musiqiçi olasan. Səni sevsinlər və toyda bəyənsinlər. Mən buna heç də pis baxmıram. Azərbaycanda musiqiçilərin toydan başqa gəlir yeri yoxdur. Başqa cür alınmır.

- Siz də toylara gedirsinizmi?

- Düzdür, mən tanımadığım məclisə heç zaman getmirəm. Bu, tək indi belə deyil. Artıq 20 ildir mən toylara bu cür gedirəm. Amma ətrafım genişdir. Mənim dostlarım, tanıdığım, məni sevən insanlar var. Getməmək də olmaz. Gedib insanları sevindirmək çox yaxşıdır.

- Həmin toylarda öz repertuarınızdan oxuyursunuz, yoxsa sifarişlə istənilən mahnıları?

- Əksər hallarda öz repertuarımı oxuyuram.

- Ən çox hansı mahnınızı oxumağı istəyirlər?

- Səmimi desəm, ən çox “Bu dünyanı nağıl bilək” mahnısını oxumağımı xahiş edirlər. Elə bir məclis olmur ki, həmin mahnını oxumayım. Əslində mən elə özüm də o mahnını sevirəm. Əslində, mən sevmədiyim heç bir mahnını oxumuram. Hansı mahnını oxuyuramsa, demək onu sevirəm ki oxuyuram. Necə deyərlər, hansı barmağı kəssən oradan qan çıxar. Mən də gözəl bəstəkar və xalq mahnılarını imkan olduqca lentə yazdırıram.

- Yeni mahnılar yazdırmısınızmı?
- Bəli, yeni mahnılar çoxdur. Bir neçəsi heç səslənməyib. Yaxınlarda radiolarda səslənəcək. Həmin mahnılardan axırıncı yazdırdığım “Dinlə məni” adlanır. Ondan qabaq “Dəniz misallı qadın”, “Onun adı dünyadır” və sair mahnılar yazdırmışdım. Çap olunmamış bir albom da var - mərhum Zəlimxan Yaqubun sözlərinə Sevda Məmmədlinin bəstələdiyi mahnılardır. Orada 8-10 mahnı var. Onlardan bəziləri ümumiyyətlə, heç harda səslənməyib.

- Konsertdə bu yeni mahnıları ifa edəcəksiniz?

- Təzə mahnılardan bir neçəsini proqrama daxil etmişik, amma böyük əksəriyyət hit mahnılarım olacaq.

- Maraqlıdır, övladlarınızın arasında sizin sənətinizi davam etdirəni var?

- Hobbi kimi kiçik oğlum Əvəz musiqi ilə məşğul olur. Gitarada, pianinoda özü çalır, oxuyur. Çox musiqi sevərdir, amma professional şəkildə musiqi ilə məşğul olmur. Üç oğlum var, onların hamısı fərqli peşələrdədirlər.

- Ailəlidirlər?

- Bəli, iki oğlum evlidir və mənim 5 nəvəm var. Kiçik oğlum subaydır, amma o da nişanlı kimi bir şeydir.

- Övladlarınızın ailə qurmasında onlara müdaxilə etmisinizmi, yoxsa özləri seçiblər?

- Xeyr, mən onlara heç bir müdaxilə etməmişəm. Onlar azad sevgi yaşayıblar, bu da məni çox sevindirir. Böyük oğlum ümumiyyətlə, orta məktəbdən anasına demişdi ki, belə bir qız sevir. Həmin qızla da ailə qurublar. Ortancıl oğlum da eləcə. Kiçik oğlumu da öz sevdiyi ilə bu yaxınlarda nişanlayacağıq.

- Bəs özünüz necə, sevib evlənmişdiniz?

- Əlbəttə. Mən düşünürəm ki, insan üçün sevgisiz xoşbəxt həyat ola bilməz. Mən xoşbəxtəm, maşallah.

- Oxuduğunuz sevgi mahnılarından həyat yoldaşınıza ithaf etdiyiniz varmı?

- Var, əlbəttə ki, var. Çox mahnılarım ona ithaf olunub. Əslində, mövzu sevgi, məhəbbət olanda elə birinci həyat yoldaşı nəzərdə tutulur.

- Qısqancsınızmı?

- Düşünürəm ki, hə, qısqancam. Amma səbrli insanam. İnsanın bir əlində səbr, bir əlində şükr olmalıdır. Bu balansla yaşamalıdır. Qısqanclıq mən düşünürəm ki, sevgi, məhəbbət olan vaxtda həmişə olub. Az da olsa, çox da olsa. Amma qısqanclıq elə də yaxşı şey deyil əslində…

- Sizi sakit, təmkinli bir şəxs kimi tanıyır hamı. Evdə də beləsiniz?

- Əsəblərdən danışmayın… Bir az əsəb var, amma çalışıram, onu cilovlayım. Bəzən istər-istəməz hirslənirəm. Amma çalışıram əsəblərimi qoruyum.

- Maraqlıdır, evin bazarlığını özünüz edirsiz, yoxsa…

- Yox, özüm etmirəm. Bu işlərlə uşaqlar məşğul olur. Amma lazım olsa gedirəm. Vaxtım olanda evdən nəsə tapşıranda özüm alıram.

- Həmin anda insanlar tanınmış müğənni kimi sizə necə münasibət göstərirlər?

- Deyərdim ki, həyatda ən böyük var-dövlətim insanların məhəbbətini, hörmətini qazanmaqdır. İnsanların isti münasibəti, mehribançılığı, təbəssümü bir növ mənə yaşamaq üçün enerji verir. Bunu mən uzun illərdir yaşayıram. Hətta məni bir az ərköyün öyrədiblər. Başqa ölkələrə gedəndə adam bir neçə gün rahat olur ki, insanlar səni tanımır. Amma bir-iki gündən sonra başlayırsan darıxmağa ki, niyə o qayğı yoxdur. Ona görə də Allaha çox şükr edirəm ki, mənə bu cür istedad verdi, bununla insanların kütləvi məhəbbətini qazandım.

İlqar Muradov ailəsi haqda ilk dəfə danışdı: “Mahnılarım ona ithaf olunub”

  • 25-10-2017, 12:02
  • 835


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai rayonunda bu ərazi də satıldı
  2. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  3. ÇİNİN 5G SİSTEMİNƏ QARŞI ABŞ-ın KORONAVİRUS ƏMƏLİYYATI:iki amerikalı professorun hazırladığı virus dünya nizamını necə dəyişir? - ARAŞDIRMA
  4. Tanınmış jurnalist hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək
  5. TALANAN MİLYARDLAR, MƏHV EDİLƏN MİLYONLUQ TEXNİKA... - Həbs edilən olacaqmı? + FOTOLAR
  6. Xətai rayonunun "islahatçı" icra başçısının gerçək üzü
  7. Jalənin döyülməsini gizlədən “City Hospital”dan şok – Faktlar
  8. AZƏRBAYCANDA KOLLEC DİREKTORU VƏ MÜAVİNİ TUTULDU –Rüşvətlə
  9. DAHA BİR DEPUTATIN ADI KREDİT QALMAQALINDA - Sabiq nazir deputatın oğlunu məhkəməyə verib
  10. ÖLKƏ ŞOKDA! Orduda korona virus yayıldı - KARANTİN ELAN OLUNDU
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI