Emin Sabitoğlu ilə bağlı XATİRƏLƏR - Anar onu ölümdən necə xilas etmişdi…

Emin Sabitoğlu ilə bağlı XATİRƏLƏR - Anar onu ölümdən necə xilas etmişdi…
Bu gün mərhum bəstəkar, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnıların müəllifi, Emin Sabitoğlunun anım günüdür. Yaşasaydı, bu gün 80 yaşı tamam olacaqdı.
600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyən bəstəkarın tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, deyilənə gröə onların sayını heç özü də doğru-dürüst bilmirdi.

”Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" və dillər əzbəri olan neçə-neçə mahnılar Emin Sabitoğlu həyatda olmasa da, onun yaradıcılığını bu gün də yaşatmaqdadır...


Dosye: Emin Sabit oğlu Mahmudov 1937-ci il noyabrın 2-də yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Sabit Rəhmanın ailəsində doğulub. Ailədə Eminin özündən başqa iki bacısı da doğulub.

Emin Sabitoğlu ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alıb. İlk bəstələri 7-ci sinifdə – Midhət Əhmədovun uşaq yaradıcılığı sinfində oxuyarkən yaranıb. Sonra o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə – dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub, iki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək, görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini müvəffəqiyyətlə bitirib. Onun yaradıcılığı milli musiqi mədəniyyəti salnaməmizin dəyərli səhifələrini təşkil edib.


E.Sabitoğlu 40 ildən artıq davam etmiş yaradıcılıq dövründə musiqinin müxtəlif janrlarında çalışıb. Lakin bəstəkar mahnı, musiqili komediya, kino və teatr musiqisi sahələrində xüsusilə məhsuldar işləyib.


Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Mirzə Babayev, Zeynəb Xanlarova, Akif İslamzadə, Xədicə Abbasova, Azər Zeynaov, Anatollu Qəniyev kimi dəyərli sənətkarların repertuarında aparıcı yer tutub.
Modern.az böyük bəstəkarın ruhuna ithaf olaraq onunla bağlı xatirələri təqdim edir. Nə qədər qəribə də olsa, əvvəlcə onun ölümü ilə bağlı iki epizodu diqqətə çatdıraq.


Başlayaq, Vaqif Səmədoğludan:

“Eminlə son görüşümüzü çox gözəl xatırlayıram. O zaman mən və Anar deputat seçilmişdik, o isə xalq artisti adını almışdı. Ədliyyə generalı Akif Rəfiyev və Fikrət Qoca da bizimlə idi. O, həmin məclisdə demək olar ki, heç nə içmədi. Emini orada son görən adam mən oldum. Çünki Rəfiyevlə Fikrət Qoca erkən getdilər. Anarın maşını ilə Emini atasının- Sabit Rəhmanın evinə apardıq. Orada qalırdı, Xalça Muzeyi ilə üzbəüz binada… Maşından düşüb onu evə qədər yola saldım. Sağollaşarkən qəfil döndü və əlini qaldıraraq, “Vaqulya” deyə qışqırdı. Ondan heç vaxt bu hərəkəti görməmişdim. Sonra evə qayıtdım. Səhəri gün Nüşabə xanım məni yuxudan oyatdı. Ehtiyatla dedi ki, qorxma, qorxma, Anar zəng eləmişdi, Emin ölüb… Uzun müddət şokdan çıxa bilmədim”.

İndi isə Xalq yazıçısı Anarın həyat yoldaşı akademik Zemfira Səfərovanın bəstəkarın ölümü ilə bağlı dediklərinə, həmçinin Anarın uşaqlıqdan bir böyüdükləri Emin Sabitoğlu ilə bağlı xatirələrinə nəzər yetirək:

“2000-ci ilin 18 noyabrı idi. Səhər tezdən telefon zəng çaldı. Dəstəyi götürməyimlə qoymağım bir oldu. Eminin qızı titrkək səslə bu gecə atasının keçindiyini xəbər verdi. Mən ad çəkmədən “Allah rəhmət eləsin” dedim. Elə o vaxt Anar mənə yaxınlaşıb “Emindir?”, yəni, “keçinən Emindir?” sualını verdi. Təəccübləndim. Qəribədir ki, Anar həmin gecə Eminin ölümünü yuxuda görmüşdü”.
***
Emin Sabiroğlunun çox özünəməxsus yumoru olub. Rəsmilərin iştirak etdiyi bir toplantıya gələndə milislərin necə ora-bura vurnuxduğunu görən Emin onlardan birinə yanaşır. Ağlına gələn bir soyadı - Kərimovu soruşur. Soruşur ki, “yoldaş Kərimov gəlib?”.
Milis maddım-maddım ona baxanda Emin Sabitoğlu eyni ciddiliklə: - Gözdə-qulaqda olun, indilərdə gələcək - deyib uzaqlaşır. Milislər də bu müəmmalı “göstərişi” bir-birilərinə yetirirlər.
*****
“Gün keçdi” filmi üçün Vaqif Səmədoğlunun sözlərinə yazılmış mahnının ilkin variantı belə idi:

“Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Dərin sularını qatıb dayaza
Dəniz də bağlandı yay kinosutək”

Kinonun o zamankı rəhbərliyi “Dəniz də bağlandı yay kinosutək” misrasına qəti etiraz edir. Çünki rəhbərlik elə düşünürdü ki, müəllif o sözlərlə kinoteatrların planı doldura bilməməsinə ehyam vurur. Hər halda gözəl bir mahnını itirməmək üçün sözləri dəyişməli olurlar. Son iki misra dəyişilir və bu misralarla əvəz olunur:

“Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək”.

Radionun rəhbəri “Sən uzaq yaşıl ada” mahnısını efirə buraxmaq istəmirmiş. O, Emin Sabiroğlu ilə Vaqif Səmədoğluya göz vuraraq:- lotular, bilirik də nə demək istəyirsiniz, “uzaq yaşıl ada” deyəndə haranı nəzərdə tutursunuz – söyləyir.

“Haranı?” deyə soruşduqda isə radionun rəhbəri təlaşla o tərəf-bu tərəfə baxdıqdan sonra boynunu qısaraq: - Əlbəttə, Türkiyəni -, deyir.
Bütün bunlar isə Eminlə Vaqifi çox hirsləndirir...
*****
Anarın xatirələrindən?


“Bir yay günü Eminlə Vaqif Buzovnadakı bağımıza qonaq gəlmişdi. Çimərliyə getdik. Bir də gördüm Emin sularda çabalayır, məni çağırır. Mən də elə mahir üzgücü deyiləm. Amma özümü suya atdım, Eminə tərəf üzdüm. Emin hər iki qolumu tutmuşdu buraxmırdı. Deyirdim ki, heç olmasa bir qolumu burax ki, üzə bilim. Sahildən çox uzaqda deyildik. Birtəhər üzüb çıxdıq. Emin yaman halda idi, özünə gələ bilmirdi. Bir az toxtayandan sonra: - məni qurtardın, gərək bu gün sizi İnturistə aparım-,dedi...
Razılaşdıq. Amma bağ evinə gələ-gələ Emin sakitləşirdi. Evə çatanda “yaxşı deyil, Nigar xala yemək hazırlayıb. İnturist qalsın ayrı vaxta”-dedi”.

Elə xatirələrdən danışmişkən böyük bəstəkar Arif Məlikovun da həmkarı və köhnə dostu barəsində dediyi maraqlı bir epizoda diqqət edək:

“Eminlə bir vaxtlar bəstəkarlara verilən binada qonşu idik, özü də eyvan qonşusu. Hər ikimiz ailəmizlə beşinci mərtəbədə yaşayırdıq. Eyvana çıxırdıq; o, öz eyvanına, mən öz eyvanıma. Arada bir şkaf var idi. Hərdən bir çay içirdik. Əgər həqiqəti desəm, arada bir “vodka” da içirdik. Eyvanlardan bir-birimizə badələri toxundurub xəlvəti içirdik. Yoldaşı Cəmilə xanım hərdən Eminə deyərdi: “Emin, sən balkona çıxıb içəri girəndə səndən araq iyi gəlir”.
Amma xəbəri yox idi ki, balonda Eminə arağı mən verirdim.

Qeyd: Materialın hazırlanmasında Südabə Sərvinin Emin Sabitoğluna həsr etdiyi “Bu dənizi gözü yaşlı sənsiz” əsərindən və “Ədəbiyyat və incəsənət” qəzetindən istifadə edilib.

Emin Sabitoğlu ilə bağlı XATİRƏLƏR - Anar onu ölümdən necə xilas etmişdi…

  • 2-11-2017, 17:27
  • 589


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. “Bu həyat dediyin...”dir şairə ilham verən...
  3. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  4. Pəri məclisi - Kitab təqdimatı (tam tədbir)+video
  5. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  6. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  7. Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu
  8. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  9. NORVEÇ BAKIDAKI SƏFİRLİYİNİ BAĞLAYIR! – Səbəbi açıqlanmır
  10. Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI