MEŞƏ MAFİYASI ZAQATALADA - FOTO + VİDEO

MEŞƏ MAFİYASI ZAQATALADA - FOTO + VİDEO


Xeberdar.net xəbər verir ki, Zaqatala respublikamızın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, daha dəqiq desək Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən isə Balakən və Qax rayonları ilə həmsərhəddir. Bir vaxtlar geniş və zəngin təbiətinin varlığı bu diyarı nəinki ölkədə, hətta ətraf regionlarda da məşhurlaşdırmışdı.

ANCAQ İNDİ…

Qeyd edək ki, rayonun ümumi ərazisinin 37,8 faizdən çoxunu, 51 min hektardan artığını meşə ilə örtülü sahələr təşkil edir.
Meşələrdə qiymətli ağac növləri, o cümlədən şabalıd, qoz, eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağac, qarağac və s. ağac növləri vardır ki, bunlar da baxımsızlıq əksər vaxtlarda isə, nadan insan əlləri ilə məhv edilir.
Ərazisinin zəngin təbii landşaftı və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün də, əlverişli perspektivlər aça bilərdi. Ərazisində həm yerli sakinlərin, həm də əcnəbi vətəndaşların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri yaradıla bilərdi. Çünki rayonun Qəbizdərə, Honzoqor dağı, Xalaxı gölü, Moorcay, Malarasa aşırımı və s. kimi təbiət möcüzələri mövcuddur. Zaqafqaziyada ilk qoruq hesab olunan (1929-cu il) və çox zəngin flora və faunaya malik olan Zaqatala Dövlət Təbiəti Qoruğu (ərazisi 47.4 min ha.) buradadır. Lakin son illərin fəsadları bu sahəyə də, ciddi zərbə vurmuşdur.
Zaqatala meşə təsərrüfatının Car, Tala və Muxax meşəçiliklərinin orta və yuxarı meşə qurşaqları, eləcə də yay otlaqlarının bir hissəsi daxil olmaqla 30 min hektar ərazidə vəziyyət həqiqətən acınacaqlıdır. Bütün bunlara səbəb, bir müddət bundan əvvəl meşə təsərrüfatına rəhbər təyin olunan cənab İqbal Əliyev iştahasını cilovlaya bilməməsidir. Daha doğrusu bu bölgədə meşələrimizə varlanmaq iştahası ilə qənim kəsilən geniş şəbəkə fəaliyyətdədir ki, bu mafiyanı üzə çıxarılıb məsuliyyətə cəlb olunmasa həm təbiətə, həm də özümüzə öldürücü zərbələr dəyəcəkdir.

QAN AĞLAYAN MEŞƏLƏR

Qeyd edək ki, Zaqatalanın meşə təsərrüfatına İqbal Əliyev adlı şəxsin rəhbərlik etməsi, meşə zolaqlarında əmələ gələn ah-nalənin artmasına səbəb olmuşdur. Çünki, meşə təsərrüfatını qısa zaman kəsiyində şəxsi gəlir mənbəyinə çevirən bu adamın heç kimdən çəkinəcəyi yoxdur. Son 10 ildə meşələrə indiki qədər ziyan vurulmayıb. Elə bil bu adamın vəzifəsi kəsilməsi qadağan olunan ağac növlərinin məhv edilməsinə şərait yaratmaqdır. Himayədarlarına ( yazının sonunda bu barədə müfəssəl məlumat verəcəyik.-red) arxalanaraq, rayonun olub-qalan meşə təsərrüfatını məhv etməyə qərarlı olan bu adama nədən “dur” deyən tapılmır? Məgər bu meşələrin məhv edilməsi aidiyyatı qurumların gözü qarşısında baş vermirmi? Bu qədər biganəlik, bu qədər məsuliyyətsizlik, bu qədər qanunsuzluq, bu qədər vəhşilik yerə-göyə sığarmı? Özümüz özümüzə balta çalmırıqmı? Özümüz özümüzə qənim kəsilməmişikmi? Həqiqətin bir üzü var: Düşmən də belə etməz! Əgər belə olmasaydı rayonun mərkəzi ərazisində, ayrı-ayrı kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində bir neçə irili-xırdalı ağac emalı sexləri fəaliyyət göstərməzdi. Hələ, elə hallar da olur ki, o, kəsilməsi qadağan olunan ağac növlərinin kəsilməsinə şərait də yaradılır, onların qonşu rayonlara, hətta paytaxt Bakıya müəyyən yollarla daşıması da təşkil edilir.

MEŞƏ CƏLLADLARI

TALA MEŞBƏYLİYİ

Qeyd edək ki, Zaqatalanın meşə təsərrüfatında bir neçə meşəbəylik var ki, bu meşəbəyliklər içərisində ən böyüyü Tala meşəbəyliyidir. Bu meşəliyə cavabdeh olan meşəbəyi İlqar adlı şəxsdir. Bölgə muxbirimizin verdiyi məlumata görə, həmin şəxs meşəbəyliyinin gözətçiləri ilə əlbir olaraq sözün həqiqi mənasında meşələrə qənim kəsilib. Məhz bu şəxslərin “əməyi” sayəsində “Arxaban” və “Yoldəvə” dərəliyinin adı bu gün “dillər əzbəridir”. Tala meşəbəyliyində 1 saylı dolayın gözətçisi Nəbi adlı şəxs meşələrə divan tutması ilə ad çıxarıb. Pirpan və Pərzivam dolayının gözətçisi isə İlqar adlı şəxsdir ki, o, öhdəsində olan meşələri gəlir mənbəyi sayaraq cəzasızlıq şəraitindən istifadə edərək burada at oynadır, qaz vurub qazan doldurur.

MUĞANLI MEŞƏBƏYLİYİ

Rayonun meşə təsərrüfatının Muğanlı meşəbəyliyinin ərazisində meşəbəyi Elman adlı şəxsdir. Bu meşəbəyliyin ərazi gözətçiləri Hacı, Məhəmməd və Əmirulla Rəcəbov, 6 saylı dolayının gözətçisi Fazil Laçınov, 7 saylı dolayın gözətçisi isə Vaqif Məhərrəmovdur. Əldə etdiyimiz məlumatlara görə, yuxarıda qeyd etdiyimiz maddi-məshul şəxslərin bilavasitə iştirakı ilə hər iki meşəbəyliyin ərazisindən “Axaxlı Zahid” adlı şəxsə məxsus taxta sexlərinə mütəmadi olaraq palıd ağacları, kəsilməsi qadağan olunan fısdıq, cökə, görüş və digər ağac növləri də kəsilərək daşınır. Qeyd edək ki, cökə ağacı Azərbaycan meşələrində ən qiymətli ağac növlərindən sayılır ki, onun həm çiçək və yarpaqları, həm də balı təbabət üçün ən qiymətli və əvəzedilməz sayılır. Axaxlı Zahid ləqəbi ilə tanınan şəxsə məxsus, rayonun Tala adlanan ərazisində, Kəbloba qəbristanlığının yaxınlığında bacısının yaşadığı ərazidə taxta sexi, parket sexi, taxta qurutma sexi və.s olduğu bildirilir. Onun təqribən 30-40 ildir ki, bu işlə məşğul olduğunu hər kəs danışır. Qəribədir ki, bu adam Rüşvətxorluğa və Korrupsiya qarşı Mübarizə İdarəsi tərəfindən dəfələrlə saxlanılsa da həmişə “sudan quru çıxa bilib”.

MUXAX MEŞƏBƏYLİYİ

Rayonun Muxax meşəbəyliyində də vəziyyət olduqca acınacaqlıdır. Xüsusi ilə Sabunçu və Çımçımaq ərazilərində meşələr amansızcasına məhv olunur. Sabunçu deyilən ərazinin gözətçisi Elşən Əliyev və Çımçımaq ərazisinin gözətçisi Əhməd Əhmədov əsl meşə çəlladları kimi tanınır. Bu adamlar meşələri qorumaq əvəzinə açıq-aydın meşələrə qənim kəsilirlər.


CAR-QƏBİZDƏRƏ MEŞƏBƏYLİYİ

Rayonun Car-Qəbizdərə meşəbəyliyinin sahə rəisi isə, Həmzə adlı şəxsdir. Bu meşəbəyliyin 9 dolayı var ki, bunlardan da 6-sı şəhərətrafı əraziləri əhatə edir. 3-ü isə Qəbizdərə-Mazıx ərazisini əhatə edir. Bu 3 dolaydan birinə Abdulməcid, 2-sinə Ramazanın oğlu, 3-nə isə Mahmud adlı şəxs nəzarət edirlər. Məlumata görə Ramazan adlı şəxs təqribən 3-4 dəfə 2-ci dolaya nəzarətçi təyin olunmuş və sonradan xüsusi maddə ilə işdən çıxarılmışdır. İndi isə həmin əraziyə, meşələrin qənimi adını qazanmış Ramazan adlı şəxsin oğlu nəzarət edir.

Əldə etdiyimiz digər məlumatlara görə, Car-Qəbizdərə meşəbəyliyinin yaxın ərazisində, Tarixlər kəndi ətrafındakı meşə zolaqlarına gözətçi işləyən Rəfayel adlı şəxslə, sahə rəisi olan Həmzə əlbir olaraq, həmin ərazilərdəki meşə zolaqlarına “qan” uddurmaqdadırlar. Onu da qeyd edək ki, kəsilən ağaclar Rəfayelə məxsus traktorla və “Ural” markalı maşınla daşınır. Məlumatlarda o da bildirilir ki, onun maşınının nə qeydiyyatı, nə də ki, dövlət nömrə nişanı var. Belə bir halın varlığı ciddi qanunsuzluq əməli olduğundan, problemin araşdırılması hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə bir vəzifə olaraq düşür.
Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi isə, Zelxo Hacı ləqəbi ilə tanınan şəxsdir. O, vaxtilə meşə gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbəri olmuş Razimin vaxtında işdən çıxarılır və onun yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə Zelxo Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə “demaqoq” adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Əgər belə bir addım atılmazsa, hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı təşkilatlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər.
Rayondakı mənbəmizin bildirdiyinə görə, Car-Qəbizdərə meşəbəyliyində dolaylardan birində nəzarətçi işləyən Abdulməcidin ərazisində və Muğanlı meşəbəyliyinin 7 saylı dolayında nəzarətçi işləyən Vaqif Məhərrəmovun cavabdeh olduğu ərazilərdə narkotik maddələr belə yetişdirilir. Verilən məlumatın nə dərəcədə həqiqət olub-olmaması haqda bir söz deyə bilmərik. Çünki, bu yöndə lazımınca araşdırma apara bilməmişik. Bu məlumatın da araşdırılmasını, yəqin ki, hüquq-mühafizə orqanı əməkdaşları diqqətdə saxlayacaqlar.

İQBAL ƏLİYEVİN HİMAYƏDARLARI KİMDİR?

Bu yazının əvvəlində bildirmişdik ki, Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən İqbal müəllimin arxasında dayananların himayəsi sayəsində o, az bir müddət ərzində meşələrə böyük zərbələr vurub. Əldə etdiyimiz məlumata görə İqbal bəyə bu görəvi verən Meşələrin İnkişafı Departamentinin keçmiş rəhbəri Rövşən Cəlilovdur. Çünki o, nazirlikdə Aparat rəhbəri vəzifəsinə təyin olunandan əvvəl İqbal müəllimi həmin vəzifəyə təyin etidirib və hazırda ona qəyyumluq edir. Başqa bir qaynaqdan aldığımız məlumata görə İqbal Əliyevə belə cəzasızlıq şəraiti yaradan amillərdən biri də rayonda mühüm bir postu tutan, MTN-in Zaqatala şöbəsinin rəhbəri ilə qohumluq əlaqəsidir. Bu məlumatın nə qədər həqiqətə uyğun olub-olmamasını araşdırdıqdan sonra geniş məlumat verəcəyik.

P.S: Sizə təqdim etdiyimiz bu fotoşəkillər və videosujetlər yuxarıda bir hissəsini dərc etdiyimiz araşdırmalarımız nəticəsində ortaya çıxmış faktlardır. Və həmin şəkillərdən videosujetlərdən də aydın görünür ki, Zaqatala meşələrində vəziyyət dəhşətlidir.

Meşələrə nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Şakir İsmayılov ümumiyyətlə, prosesi nəzarətsiz buraxıb. Daha doğrusu, bir jurnalistin asanlıqla araşdıra biləcəyi və üzə çıxardığı bu faktlardan Şakir İsmayılovun xəbərdar olmaması sadəcə mümkün deyil.

Əgər həqiqətən də onun xəbəri yoxdursa, deməli, bir vəzifəli şəxs olaraq yerində deyil. Yox, əgər xəbəri var, amma tədbir görmürsə, o zaman bu şəxs artıq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, meşəqıranlarla əlbir statusu qazanmış olur.

İndi cənab Şakir İsmayılovun verəcəyi açıqlamanı gözləyirik. Görən, departament rəhbəri bu faktlarla bağlı nə deyəcək.

Bir də maraqlıdır, Zaqatalanın meşə zolaqlarında davam etdirilən “qətliamlar” haqqında cənab Hüseyn Bağırov məlumatlıdırmı? Əgər məlumatlı deyilsə, o halda çalışacağıq ki, hörmətli İqbal Əliyevin qol qoyduğu qanunsuzluqların, bir qədər də ictimailəşdirilməsinə nail olaq. Yoxsa o, bu gün olduğu kimi, sabah da Zaqatala meşələrində “kor atını minib köndələn çapacaq”.

Bir də sözümüz Zaqatala rayon icra başçısı cənab Mübariz Əhmədzadəyədir. Görəsən onun İqbal Əliyevin Zaqatala meşələrində oynadığı “fironluğu”ndan xəbəri yoxdurmu? Əgər bu gün belə bir olaylara son qoyulmursa və rayona rəhbərlik edən cənab Mübariz Əhmədzadə də baş verənlərə sayğısızlıq göstərirsə, deməli bu “qətliamlar”da onun da hansısa formadasa məsuliyyəti var.


Dəyərli oxucular!

Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı, hər zaman diqqət mərkəzində duran məsələlərdən biri olub. Odur ki, Zaqatalanın meşə zolaqlarında baş verən olayları, əmələ gələn fəsadları biz bundan sonra da diqqət mərkəzində saxlamağa çalışacağıq. Və növbəti açıqlamalarımızda, rayonun Danaçı və Əlabad və sair meşəçiliklərində və qanunsuz sexlərdə baş verən olaylardan bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Vusal



MEŞƏ MAFİYASI ZAQATALADA - FOTO + VİDEO
MEŞƏ MAFİYASI ZAQATALADA - FOTO + VİDEO
MEŞƏ MAFİYASI ZAQATALADA - FOTO + VİDEO

MEŞƏ MAFİYASI ZAQATALADA - FOTO + VİDEO

  • 4-06-2015, 21:48
  • 2 664


Oxşar mövzular
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI