İqtisadçıdan bahalaşma anonsu

759 24-01-2018, 11:02 cemiyyet / gundem

İqtisadçıdan bahalaşma anonsuÖlkəyə gətirilən malların aksiz vergisinin artması digər məhsulların da qiymətinə təsir edəcək

Siqaret və spirtli içkilər və bəzi yanacaq növləri bahalaşacaq. Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişikliklə tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb. 2017-ci il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra yanvarın 23-də qüvvəyə minib.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

Həmçinin, yanvarın 23-dən Azərbaycana gətirilən pivə və alkoqollu içkilərə yeni aksiz dərəcələrinin tətbiqinə başlanıb. İndiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub.

Dəyişikliyə əsasən yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün aksiz vergisi 1 manatdan 1,7 manata, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manatdan 3,5 manata, şampan şərabının 1 litr üçün 2,5 manatdan 5 manata, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 10 qəpikdən 20 qəpiyə qaldırılıb.

Digər içki növləri üzrə aksiz dərəcələri də 2 dəfəyə qədər artırılıb.

Digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb. Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb.

Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb.

Bəs görəsən, aksiz dərəcələrinin artımı sözügedən məhsulların qiymətinə nə vaxtdan etibarən təsir göstərəcək? İstehlakçıları hansı həddə bahalaşma gözləyir?
İqtisadçıdan bahalaşma anonsu
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”ın suallarını cavablandırarkən bildirdi ki, tütün və alkoqollu içkilərdə yanvarın 23-dən başlayaraq bahalaşma müşahidə olunacaq: “İş adamları indiki vəziyyətdən istifadə edərək, əvvəlcədən gətirdikləri məhsulları da tədricən bahalaşdıracaqlar. Əsas artım tempi isə 1 həftə -10 gündən sonra müşahidə olunacaq. Çünki bu qərar bazarlara daha çox təsir etməyə başlayacaq. Aksiz dərəcələrinin artırılması qiymətlərə 20-25 faiz civarında təsir edə bilər. Çünki aksizlərin ümumi qiymətlərdəki payı təqribən bu qədərdir. Bir yanlışlıq da var ki, bəziləri bu qərarın yerli istehsalçılara təsir etməyəcəyini düşünürlər. Hesab edirlər ki, ancaq xaricdən idxal olunan məhsullara təsir edəcək. Ancaq bu belə deyil. Yerli istehsalçılar da xaricdən gətirilən xammaldan istifadə edilər. Əsasən də spirtli içkilər istehsalında... Bu qərarla isə xaricdən gələn xammalın aksiz dərəcələri iki dəfəyə yaxın artdı. Bu yerli istehsalçılara da təsir göstərəcək».

Benzinin qiymətinin nə qədər artmasına gəlincə, N. Cəfərli bildirdi ki, aksiz dərəcələrinin artması ancaq “Premium” və “Super” markalı benzinlərə təsir göstərə bilər: “Bu iki növ benzinin qiyməti son zamanlar onsuz da kifayət qədər yüksəlmişdi. Bu qərarla yenidən təqribən 10-15 faiz civarında artması gözlənilir. Ancaq artım elə həddə olacaq ki, məntiq baxımından da uyğun olsun. Birdən-birə kəskin bahalaşma olsa, tələbat azala bilər. Bu növ benzinlərdən istifadə edənlərin sayı onsuz da azdır, kəskin bahalaşmadan sonra sürətlə azala bilər. Bu da həmin SOCAR-ın törəmə şirkəti olan həmin qurumun gəlirlərinə mənfi təsir göstərə bilər. O baxımdan kəskin artım olmasa da, yumşaq formada artımın həyata keçirilməsinə çalışacaqlar. O baxımdan yaxın zamanlarda ”Premium" və “Super” markalı benzinlərin 10-15 faiz bahalaşması gözlənilir".

Bu bahalaşmanın yerli istehsal olan Aİ 92 markalı benzinin qiymətinə təsir göstərib-göstərməyəcəyinə gəlincə, ekspert qeyd etdi ki, kəskin qiymət dəyişikliklərinin olacağı gözlənilmir: “Aİ 92 markalı benzinin qiyməti bir neçə ay öncə qalxıb. Bu baxımdan yenidən kəskin qiymət artımının olacağını gözləmirəm. Ancaq xaricdən idxal olunan benzinin xərci artdıqca, daxili bazarda da qiymət artımı ola bilər”.

İqtisadçı ekspert aksiz dərəcələrinin artmasının yol açacağı neqativ hallara da toxundu: “Bu qərardan sonra qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilərin və siqaretlərin həcmində ciddi artım olacaq. Fiziki olaraq onları təqib etmək onsuz da çətindir. Demək olar ki, hər gün xəbər saytlarında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən tütün məmulatları və alkoqollu içkilərlə bağlı məlumatlar yayılır. Bu məlumatların da sayı artacaq. Hökumət qiymət artımına gətirib çıxaracaq bu cür ciddi qərarlar verərkən, ətraf ölkələrdəki qiymətləri monitorinq edib sonra qərar verməli idi. Dünyada ideyanın və pulun qarşısını kəsən çox nadir maneələr var. Ona görə də əgər qaçaqmalçılıq sərfəli biznesə çevriləcəksə, həcmi də artacaq. Bundan başqa, yerlərdə xarici içki brendləri adı altında gizli şəkildə istehsal olunan spirtli içkilərin həcmi arta bilər. Bu da təbii ki, sağlamlıq üçün təhlükəlidir. Alkoqollu içkilərdən zəhərlənmə halları, hətta ölüm hallarının artmasına səbəb ola bilər”.

Xeberdar.net

XƏBƏR LENTİ