Hərbi Prokurorluğun 11 əməkdaşı Baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb edilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2017-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokurorun müavini – Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
X.Vəliyev qeyd edib ki, ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb: "Hərbi Prokurorluğun xidməti vəzifələrini layiqincə yerinə yetirən 20 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib, Azərbaycan Baş prokurorunun və hərbi prokurorunun müvafiq əmrləri ilə 11 işçi vəzifədə irəli çəkilib. Xidməti fəaliyyətlərində fərqlənmiş 60 əməkdaş həvəsləndirilib, 12 işçi müxtəlif medallarla təltif olunub, 61 əməkdaşa rütbələr verilib".
Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 11 əməkdaşı Baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb edilib.
Xeberdar.net