Deputat ATƏT PA-dan səsləndi: "Separatçıların “seçki şoularını” tanımırıq"

571 24-02-2018, 11:23 dunya / gundem

Deputat ATƏT PA-dan səsləndi: "Separatçıların “seçki şoularını” tanımırıq"Separatizm ATƏT-in Terrorçuluqla Mübarizə üzrə Buxarest Fəaliyyət Planında terrorçuluğa zəmin yaradan amillərdən biri kimi müəyyən olunub və buna görə də ATƏT tərəfindən xüsusilə həll olunmamış münaqişələr kontekstində separatizmin bütün formaları ilə mübarizədə vahid mövqe nümayiş etdirilməlidir.

Moderator.az-ın xəbərinə görə, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Tahir Mirkişili qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsi, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsi və Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin birgə iclasında deyib.

O, qeyd edib ki, Helsinki Yekun Aktı və onun prinsipləri heç bir istisna, ikili standart, coğrafi və digər üstünlük olmadan, bərabər şəkildə tətbiq olunmalıdır:

“Bunun əksinə olan hər bir addım Helsinki Yekun Aktının ruh və məğzinə tamamilə ziddir və qətiyyətlə rədd edilməlidir.

Biz Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazilərindəki münaqişələrin ərazi bütövlüyü və bu dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli üzrə mövqe və siyasətimizdə davamlı olmalıyıq.

Xalqların öz müqəddəratını təyinetmə prinsipi təcavüz, separatizm, işğal və etnik təmizləməyə haqq qazandırmır”.

Deputat bildirib ki, ATƏT PA-nın aqressiv separatizm və qanunsuz qurumların təbliği üçün istifadə cəhdləri rədd edilməlidir:

“İclasda səsləndirilmiş Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz qurumların “qanunu seçilmiş nümayəndələri” ifadəsinə gəlincə, ATƏT və ATƏT PA daxil olmaqla, heç bir beynəlxalq institutun bu ərazilərdə keçirilmiş, Azərbaycanın milli qanunvericiliyini və Konstitusiyasını pozan və davam edən etnik təmizləmə şəraitində baş tutmuş bu “seçki şoularını” tanımır”.

Daha sonra T. Mirkişili qeyd edib ki, dinc birgəyaşama üzrə cəhdlərə münaqişədən əziyyət çəkmiş əhalinin ehtiyaclarının daxil edilməsi fikri məqbul sayılır:

“Bu, yalnız öz yaşayış ərazilərindən qovulmuş əhali daxil olmaqla, münaqişədən əziyyət çəkmiş bütün əhalinin qanuni hüquqlarının tam və ədalətli şəkildə qorunması halında mümkündür.

Təəssüfləndirici haldır ki, Ermənistan tərəfi işğal olunmuş ərazilərdən qovulmuş Azərbaycan əhalisinin qanuni hüquqlarını gözardı edir, hətta bu icmanın mövcudluğunu və onların öz evlərinə qayıtmaq hüququnu rədd edir”.

T. Mirkişili çıxışının sonunda Ermənistan nümayəndələrini ayrı-seçkilik mövqeyindən çəkinməyə və münaqişənin ədalətli həlli üçün konstruktiv mövqe nümayiş etdirməyə çağırıb.

Xeberdar.net

XƏBƏR LENTİ