“MƏNƏ QARŞI ŞANTAJI SİFARİŞ VERƏNLƏRİ DƏ, İDARƏ EDƏNLƏRİ DƏ…” – Əli Həsənov

650 1-03-2018, 14:42 gundem

“MƏNƏ QARŞI ŞANTAJI SİFARİŞ VERƏNLƏRİ DƏ, İDARƏ EDƏNLƏRİ DƏ…” – Əli Həsənov
“Bu yazılara qəti etirazımı bildirirəm.Çünki həqiqətə uyğun deyil”. Modern.az saytının məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib.

Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016 –cı il tarixdə torpaq sahəsi ayrılıb.

“Ayrılan yer asfalt örtükdür və həmin ayrılan yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda saytda yerləşdirilən videoada göstərdiyiniz yerin isə həmin ayrılan torpağa aidiyyəti yoxdur.

Bu da növbəti təxribatdır. Bu barədə sizə danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz.

Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi ilə və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram.

9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də” – deyə Ə. Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, 50 ildir ki, dövlətə xidmət edir.
“Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə, o qədər də xidmətimi davam etdirəcəm.

Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.
Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına” , “Sirkə nə qədər tünd olsa öz qabını çatladar” .
Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.
Bir daha deyirəm. Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur.Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır.
Siz məqalənin sonunda qeyd etmisiniz ki, adı çəkilənin mövqeyini dərc etməyə hazırsınız. Xahiş edirəm vədinizə əməl edib mənim müraciətimi dərc edin”-deyə Ə.Həsənov söyləyib.

XƏBƏR LENTİ