SPİKERİN DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI “AÇIQ SÖHBƏTİ”… – Nə hökumətin, nə də bankların günahı varmış!

690 17-03-2018, 09:54 gundem

SPİKERİN DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI “AÇIQ SÖHBƏTİ”… – Nə hökumətin, nə də bankların günahı varmış!
Hərdən adama elə gəlir ki, bizim məmur və deputatlar Azərbaycanda yaşamırlar, ümumiyyətlə hansısa virtual aləmdən gəliblər. Ya da bu adamlarla xalq arasında o qədər dərin uçurum var ki, qarşı tərəfdə nə baş verdiyini görmür, eşitmirlər.

Neçə ildir ki, camaat dollar kreditlərinin əlindən zinhara gəlib. Bu problemin başında duran səbəb isə təkcə manatın məzənnədən düşməsi deyil, həm də və ən əsası – bankların kreditləri Azərbaycanın milli valyutası olan manatla yox, məhz dollarla veməsidir(!). Bunu iqtisadçı da deyir, hüquqşünas da deyir, yerli ekspertlər, xarici ekspertlər, bir sözlə az-çox bu məmləkətdə baş verənlərdən xəbəri olanlar eyni fikirdədir. Kredit bəlasından ölkədən qaçan kim, intihar edən kim, məhkəmələrdə sürünən kim, ev-eşiyi əlindən alınıb, ailəsi dağılan kim və sair. Və belə bir ölkənin xalqın tribunası sayılan Milli Məclisinin sədri sanki uzun illərdir davam edən dünya turnesindən qayıtmış kimi, deyir: “Bunu elə deyirsiniz ki, məsələni daha da qızışdırırsınız. Yəni deməyək ki, “dollarla verilən kreditlər”, açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib”.

Yəni belə çıxır ki, camaat özü banklardan xahiş edib, yalvarıb ki, bizə krediti dollarla verin! Sonra da bu “yaşıl kağızı” 2 dəfədən artıq bahalaşdırın ki, borcumuzun faizi də üzərinə gəlməklə, 3 qatını ödəyək! Nə manatı yerdən-yerə vuran hökumətin, nə də “ya dollarla, ya da heç” deyən bankların günahı var. Nə deyəsən belə məntiqə və belə məclisə?… Sanki danışan parlamentin yox, hansısa bankın idarə heyətinin sədridir.

Uzağa getməyək, elə Oqtay Əsədovun “seçildiyi” rayonda kredit götürən iş adamından tutmuş, xəstəsini əməliyyat etdirən binəvaya qədər, kimə lazım idi dollarla verilən pul? Azərbaycanda artıq neçə illərdir ki, dollarla alış-veriş qadağan olunub, Oqtay müəllim bunu dövlətin ən yüksək məqamlarından birində təmsil olunan şəxs kimi bilmirmi? Axı iş adamı aldığı tikinti materialından tutmuş yanacağa qədər – hər şeyin pulunu manatla verib. Həkim də pulu manatla alıb, məmur da rüşvəti manatla götürüb, şadlıq evləri də, cer-cehiz satanlar da manatla işləyiblər. Belədə kimə lazım idi dollarla kredit götürmək? Əlbəttə ki, məmur-oliqarxlara məxsus banklara! O məmurlara ki, qara camaatdan fərqli olaraq, hələ devalvasiyalardan çox-çox əvvəl manatı gözləyən təhlükədən xəbərdar idilər və bu proseslərdən külli miqdarda qazanc əldə etdilər. Təkcə Beynəlxalq Bank ətrafında baş verənlərdən sonra hökumət üzvlərindən parlament təmsilçilərinə qədər, kimsənin danışmağa üzü olmamalıdır. Ancaq bunlar danışmaq bir tərəfə, onsuz da acınacaqlı duruma düşmüş insanların hislərilə oynayır, qıcıqlandırırlar.

Məntiqə baxın – əvvəlcə parlament sədri deyir ki, dollar krediti məsələsinə baxılır, yəni həll etməyə çalışırlar, sonra da anladır ki, günah banklarda yox, məhz dollarla kredit götürən camaatdadır. Yaxşı, bəs günah kredit götürənlərdədirsə, daha bu məsələnin nəyinə baxılır, Oqtay müəllim? Günahkar camaatdırsa, qoy əziyyətini də özü çəksin! Hökumətdə günah yoxdursa, bu məsələyə niyə baxılır?

Hörmətli parlament sədri hökumətin fəaliyyətini Artur Rəsizadədən yaxşı tərifləyib, böyük iqtisadi uğurlardan danışıb. Yaxşı, bəs bunun qarşılığında niyə dollar kreditləri məsələsi bu günə qədər həll olunmur, niyə bu uğurlara kölgə salınır? İndiyə qədər bu məsələyə son qoyulsaydı, nə banklar, nə də camaat zəlil günə düşməzdi.
Ümumiyyətlə, Oqtay müəllimin bütövlükdə ölkəni demirik, öz dairəsinin camaatının bu kreditlərdən çəkdiyi əziyyətdən xəbəri varmı?

Nə isə. Əslində görünən dağa bələdçi lazım deyil. Biz də Oqtay müəllim demişkən, “məsələni daha da qızışdırmaq” istəmirik, amma hörmətli spiker həmin çıxışında “açıq deyin ki…” deyə bir fikir işlədir – hər şeyi açıq demək olur ki, Oqtay müəllim?! Siz heç Zahid Orucu açıq danışmağa qoymursuz…

AzPolitika.info

XƏBƏR LENTİ