MƏRKƏZİ BANK UÇOT FAİZİNİ ENDİRDİ – Elman Rüstəmovdan banklar və kreditlərlə bağlı açıqlamalar

933 9-04-2018, 16:09 iqtisadiyyat / gundem

MƏRKƏZİ BANK UÇOT FAİZİNİ ENDİRDİ – Elman Rüstəmovdan banklar və kreditlərlə bağlı açıqlamalar
“Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər”
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi barədə qərar qəbul edib. “APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.
E.Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayında müzakirə ediləcək.

“Mövcud şərtlər dəyişmədiyi təqdirdə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilin sonuna qədər dəyişə bilər” deyə Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, məzənnə gözləntiləri imkan verir ki, getdikcə monetar şərait normallaşsın: “Monetar şəraitin normallaşdırılması pulun həcmi və dəyəri ilə ölçülür. Pulun həcmini biz artırmışıq, birinci rübdə də pul kütləsi 11 faiz artıb. Düşünürük ki, bank sektorunda likvidlik olduğu şəraitdə bu artım optimaldır. Uçot dərəcəsi mövcud şərtlər olduğu təqdirdə azala bilər. Bununla da monetar şəraiti neytral həddə yaxınlaşdıra bilərik”.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

Elman Rüstəmov həmçinin banklarda likvidlik səviyyəsi sürətlə artdığını deyib: “Likvidlik səviyyəsi sürətlə artır. Cari ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankı pul bazasını 11 faiz artırıb”.

Onun sözlərinə görə, banklarda izafi likvidlik olduğuna görə onlar öz maliyyə vəsaitlərini qiymətli kağızlar bazarına yönəldirlər: “İlin əvvəlindən nisbət tələbin xeyrinədir. Olduqca böyük tələb var. Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər, nəinki qiymətli kağızlara. Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”.

“2017-ci ildə olduğu kimi bu il də xarici potensialın yüksəlməsi şəraitində xarici sektorda müsbət göstəricilər davam edəcək” deyə Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, I rübdə xarici ticarət dövriyyəsi 31 faiz, qeyri-neft sektoru isə 37 faiz artıb: “Bütün bunlar iqtisadiyyatın şaxələnməsi prosesinin uğurla getdiyini göstərir. Bu ilin üç ayında inflyasiya 4 faiz təşkil edib. Valyuta ehtiyatlarımız 44 milyard dollardan çoxdur. Tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırırıq. İnflyasiyanın birrəqəmli həddə düşməsi qeyri-neft sektoru üzrə milli valyutanın məzənnəsinin ucuzlaşmasını göstərir. Ticarət tərəfdaşlarımıza nisbətdə təxminən 33-35 faiz səviyyəsində milli valyutanın ucuzluğu saxlanılır. Bu da əsas ticarət tərəfdaşlarımızla rəqabət üstünlüyümüzü əks etdirir”.

XƏBƏR LENTİ