İtirdiyimiz İrəvandır, yoxsa Qarabağ?

954 14-04-2018, 10:40 siyaset / gundem

İtirdiyimiz İrəvandır, yoxsa Qarabağ?


"Bu gün 100 il öncə baş verənlərə haqsız və insafsızcasına qiymət verərkən heç düşündünüz ki, bir əsr öncə dövlətsiz, ordusuz İrəvanı güzəştə getməkmi bağışlanmaz idi, yoxsa sizin iddia etdiyiniz kimi 100 minlik müasir silahlarla təchiz edilmiş orduya sahib ola ola Qarabağı əldən vermək?!"

Son günlər, Cumhuriyyətimizin 100-cü ildönümü ərəfəsində İrəvanın ermənilərə verilməsi məsələsini gündəmə gətirib Azərbaycan Xalq Cumhuriyyətinin liderlərinin fəaliyyətinə kölgə salmaq üzrə hərəkətlər yenə aktiv fazaya keçib. Şübhə yoxdur ki, bu addım bir daha başda Məhəmməd Əmin Rəsulzadə olmaqla ötən əsrin əvvəllərində Cumhuriyyət qurucularının dövlətçiliyimiz adına həyata keçirdikləri misilsiz əməyi sual altına almaq məqsədilə ortaya atılmışdır. Təəsüflər olsun ki, bu tendensiya ara sıra ölkə prezidentinin də çıxışlarında öz əksini tapmaqdadır. Tarix elminə obyektiv elmi baxışdan deyil, populist təbliğati metodla yanaşan, tarixi reallıqlara elmi müstəvidən, eləcə də vicdanının səsilə deyil, sifarişlə nəzər salan bəzi "alimlər" isə tez tələsik bu düşüncəni cəmiyyətə sırımaq üçün növbəyə də düzülüblər. Düşünürəm ki, tarix haqqında primitiv biliyi olan hər kəs üçün inkarolunmaz sayılan bəzi faktları həmin araşdırmaçıların diqqətinə çatdırmaq faydalı olar.
Yaxşı bilirik ki, 1828-ci ildə Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq İrəvan Xanlığı Çar Rusiyasının bir parçasına çevrildi. Həmin zamana qədər xanlıqda əhalinin 70 faizini türklər təşkil etsə də, Türkmənçay müqaviləsindən sonra Osmanlı torpaqlarından və indiki İran ərazisindən 40 mindən artıq erməni buraya köçürüldü. 1849-cu ildə İrəvan quberniyası təşkil edilərkən isə əhali nisbəti artıq ermənilərin xeyrinə dəyişmişdi. Ermənilər o zaman əhalinin 53 faizini təşkil edirdilər. İndi siz iddia edirsiniz ki, AXC rəhbərləri ərazimizi ermənilərə güzəştə getməklə siyasi səhvə düçar olublar. İrəvanın tarixi torpağımız olması inkarolunmaz faktdır. Amma insaf xatirinə deyin. Əhalisinin yarıdan çoxu erməniləşdirilən İrəvan o zaman Azərbaycan dövlətinin ərazi subyekti idi ki, onun rəhbərləri də həmin ərazini güzəştə getsinlər?!
İkincisi, 1918-ci ilin mayında İrəvan mərkəzli Ermənistan Respublikasının yaradılması ilə bağlı müqavilə ətrafında razılaşma ( ciddi müzakirə və mübahisələrdən sonra) əslində ermənilərin bir daha ərazi iddiası irəli sürməmələri müqabilində gerçəkləşmişdi. Hətta Fətəli xan Xoyski 1918-ci il iyulun 31-də İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik. Sonunda Cənubi Qafqazda sülhü təmin etmək üçün 1-ci Dünya Savaşında məğlub duruma düşən Osmanlı imperiyasının da razılığı ilə ermənilərə 9 min kvadrat kilometr ərazidə dövlət qurmaq imkanı verildi. Qeyd etmək lazımdır ki, o zaman həmin ərazidə yaşayan 330 minə yaxın əhalinin 230 mini də artıq ermənilər idi. Azərbaycan Milli Şurasında Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. Amma unutmamalıyıq ki, mövcud şərtlərdə bu bədbəxtliyi qəbul etmənin müqabilində müsəlman şərqində ilk dəfə olaraq biz də Cumhuriyyət sahibi olduq. Və bu gün Rusiyanın tərkibində muxtar respublika deyil, müstəqil dövlətiksə, bunu məhz 23 aylıq Xalq Cumhuriyyətimizə və qurucularına borcluyuq. Yəqin ki, bu tarixi gerçəkliklə də razılaşarsınız.
Sözüm yenə hakimiyyət təmsilçilərinədir. Cümlə aləmə sirr deyil ki, artıq 27 ildir müstəqil dövlətik. 23 ay sürən Azərbaycan Xalq Cumhuriyyətindən fərqli olaraq sərhədlərimiz də beynəlxalq hüquqla müəyyən olunub. 25 ildir ki, məhz sizin iqtidarınız davam etməkdədir və elə 25 ildir ki, Dağlıq Qarabağ daxil daha 7 rayonumuz da işğal altındadır. Amma 25 illik hakimiyyətiniz dönəmində nəinki Şuşanı ya Xankəndini, o yeddi rayondan heç olmasa birini belə geri ala bilmisinizmi?! Sizcə 1-ci Dünya Müharibəsinin davam etdiyi, Rusiyada bolşevik inqilabının imperiya sərhədlərində yaratdığı xaosda hüquqi cəhətdən Azərbaycan adlı dövlətin belə mövcud olmadığı bir zamanda, ordusuz, silahsız bir şəraitdə soydaşlarımızın yaşadığı tarixi torpaqlarımızı qorumaqmı daha asandır, ya hərbi büdcəsi Ermənistanın dövlət büdcasi qədər olan müasir Azərbaycan Respublikasının öz işğal olunmuş ərazilərini azad etməsi?
İstənilən halda İrəvan bizim tarixi ərazimizdir. Dərbənd kimi, Borçalı kimi, hətta Güneyimiz kimi... Kaş o zaman hərbi gücümüz onu saxlamaq üçün yetərli olaydı. Halbuki heç ordumuz belə yox idi. Sovetlər dönəmində Zəngəzuru ermənilərə peşkəş edəndə isə bizim formal da olsa ordumuz var idi -Sovet ordusu. Həmin ordu ki , nəinki Azərbaycan torpaqlarının işğalına mane olmadı, 90-cı illərin əvvəllərində hətta yüzlərlə soydaşımızı qətliam etməkdən belə çəkinmədi.
Müstəqilliyimizin ilk illərində başlanan işğalın yeni mərhələsində də düşmən bizi zəif yaxaladı və beləcə torpaqlarımızın ekspansiyası davam etdi. Sonuc isə göz önündə - 1993-cü ildən 17 min kvadrat kilometr ərazimiz düşmən tapdağındadır.
Elə isə iqtidar mənsublarının Cənubi Qafqazda analoqu olmayan ordu deyə xitab etdikləri silahlı qüvvələrimizin varlığı ilə 20 faiz torpaqlarımızın işğalda qalması faktı nə dərəcədə adekvat səslənir? Bu gün 100 il öncə baş verənlərə haqsız və insafsızcasına qiymət verərkən heç düşündünüz ki, bir əsr öncə dövlətsiz, ordusuz İrəvanı güzəştə getməkmi bağışlanmaz idi, yoxsa sizin iddia etdiyiniz kimi 100 minlik müasir silahlarla təchiz edilmiş orduya sahib ola ola Qarabağı əldən vermək?! Cavab üçün isə tələsməyin və qoy, bu məsələdə öz vicdanınız münsif olsun...

Rüfət Muradlı

Xeberdar.net

XƏBƏR LENTİ