Elbəyi Cəlaloğlu-BİZİM “EVİS”İMİZ

1 374 23-04-2018, 13:19 cemiyyet / gundem

Elbəyi Cəlaloğlu-BİZİM “EVİS”İMİZ
Bu yaxınlarda Elzanın – Süleymanova Elzadə Süleyman qızının “Mübarizə yolu” adlı romanı işıq üzü gördü. Kitab əvvəlcə 200 nüsxə ilə çap olunsa da, sonradan oxucu kütləsinin tələbatını nəzərə alaraq 200 nüsxə ilə təkrar çap olundu. Əsərin redaktoru Elbəyi Cəlaloğlu, naşiri Azər Göyüşov, məsləhətçisi Solmaz Kazımova, rəssamı Vidadi Əhmədovdur. Kitab “Qanun” nəşriyyatında çap olunub.
Elbəyi Cəlaloğlu-BİZİM “EVİS”İMİZ
Annotasiyada deyilir: “Elza xanımın “Mübarizə yolu” romanı onun oxucuyla ilk görüşüdür. Müəllifin Qarabağ döyüşlərində şəhid olmuş həyat yoldaşının ömür yolundan bəhs edən bu əsəri tarixi-estetik baxımdan diqqət çəkir. Əsərin qəhrəmanının nostalji hisslər yaradan uşaqlıq illəri, hərbçi həyatı, eyni zamanda, onun keşməkeşli, əziyyətlərlə dolu gerçək Əfqanıstan həyatı, Qarabağ döyüşlərindəki fədakarlıqları və faciəli surətdə şəhid olması oxucu düşüncəsində maraqlı obraz yaradır, bəhs olunan dövrə ayna tutur, bir Sovet insanının məlum böyük imperiyanın dağılması ərəfəsində və ondan sonrakı dövrlərdə başına gələn hadisələri özəllikləri ilə əks etdirir. Əsərdə həmin dövrdə erməni-türk münasibətləri və erməni faşistliyi də faktlara dayanan üslubda kifayət qədər qabardılır. Müəllif kitabda öz gözlərinin qabağında baş verən faciələri, keçirmiş olduğu acınacaqlı taleyi gizli obraz vasitəsilə də olsa, yetərincə təsvir edib. “Mübarizə yolu” romanı Elza xanımın oxucuyla ilk görüşü olsa da, hər kəsi dərindən düşündürməyə qadirdir”.
Elbəyi Cəlaloğlu-BİZİM “EVİS”İMİZ
Elbəyi CƏLALOĞLU

BİZİM “EVİS”İMİZ

(ön söz yerinə)

El arasında “papaq altında yatan oğullar var”, deyirlər. Tariximizin, mədəniyyətimizin qoyduğu bu ənənəyə bəzən inanmağımız gəlməsə də, bunu müasir dünyamızda da müşahidə edə bilirik. Hamının şahidi olduğu bircə misal çəkim: Yüzlərlə müğənnisi olan çağdaş Azərbaycan hər dəfə dünya musiqi yarışmasına heç kimin tanımadığı bir gənclə çıxır və çox qısa zamanda həmin gənc nəinki Azərbaycan mühitində, hətta dünya səviyyəsində məşhur bir müğənniyə çevrilir. Bunu nümunə gətirməklə ədəbiyyatımızın, ədəbiyyatçılarımızın bu günə qədər tanımadığı bir müəllifin çox qısa zamanda öz ilk əsəri ilə məşhurlaşacağını güman etdiyimi demək istəyirəm. Sözügedən müəllif Elza xanım (Süleymanova Elzadə Süleyman qızı), onun yeganə əsəri isə “Mübarizə yolu” romanıdır. Bilmirəm, Elza xanım nəsr əsərləri yazmağa bundan sonra da davam edəcəkmi, yoxsa “Mübarizə yolu” onun birinci və sonuncu əsərimi olacaq, lakin əgər yazmağa davam edərsə, bundan sonrakıların bu romanın kölgəsində qalacağına heç şübhəm yoxdur. Ona görə yox ki, o, bacarmaz, ona görə ki, “Mübarizə yolu” canlı hadisələrin nisbətən bədii təsviri üzərində yazılıb. Həm də ona görə ki, müəllifin özü əsərdə cərəyan edən hadisələrin bir çoxunun canlı müşahidəçisidir.

Bunun davamı olaraq qeyd etmək istəyirəm ki, Sovet imperiyasının dağılması ilə bu hadisədən törəyən, yaxud da imperiya başçılarının bilərəkdən millətlər, xalqlar arasında törətdiyi məqsədli münaqişələr əsərdə sadəcə deyilməyib, onlar baş vermiş canlı hadisələrlə çox aydın şəkildə təsvir edilib. Bu, bəlkə də Elza xanımın özünün də bilmədiyi yazıçılıq qüdrətidir. Kitabı oxuyub redaktə etdikcə təkrarən bu qənaətə gəldim ki, Elza xanım bundan sonra da yaza bilər, nə yazsa mükəmməl ola bilər, lakin yeni yazdığının “Mübarizə yolu” səviyyəsində olacağına şübhə edirəm. Elza xanımın Qarabağda şəhid olmuş həyat yoldaşı – Pirnəzərov Rizvan Məhərrəm oğlunun qəhrəmanlıqlarla dolu həyatını tərənnüm edən bu romanı yadıma inqilabi mövzuda yazılmış bədii əsərləri saldı, lap elə Jek Londonun “Dəmir daban”ı kimi. Fərq ondadır ki, o romanı əri Ernest haqqında Evis Everqardın dilindən Jek London qələmə alıb, bu əsəri isə bizim “Evis”imizin – Elza xanımın özü yazıb.

Əsər təkcə Rizvanın qəhrəmanlıqlarından deyil, onun müdrikliyindən də bəhs edir. Orada əsərin qəhrəmanının diliylə hər kəsi düşündürə biləcək, fikirlər ifadə olunur, aforizmlər söylənir. O fikirlər ki, onu oxuyan hər kəsin düşüncəsində bir dəyişiklik yarada bilər. Əsərin qəhrəmanının

öz tabeçiliyində olan əsgərləri həm Əfqanıstanda aparılan hərbi əməliyyatlara, həm də Azərbaycan torpaqlarına işğalçı siyasəti yürüdən mənfur erməni silahlı birləşmələrinə qarşı mübarizəyə yüksək ruhla hazırlamasını da bu müdrik və məntiqli kəlamların vasitəsilə etdiyi diqqətdən yayınmır. Məsələn, Rizvan əsgərlərə belə bir fikirlər söyləyir: “Təlimdə tər tökənin döyüşdə qanı tökülməz. Ordu müntəzəm təlim görməsə, əsgərlər yatmağa hazırlaşan ayı kimi piylənərlər”, “işdə köməkçilərin çoxluğu ilə deyil, onların bacarığı ilə müvəffəqiyyət qazanmaq olar”, ”ağıllı adam qoşun gücü ilə görə bilmədiyi işi tədbirlə görər”, “insan yalnız öz qüvvəsinə inandığı vaxt nəyəsə nail olur”, “Gücünə bax, şələni bağla”, “gündüz şam yandıran gecə işıqsız qalar” və s. Qeyd edim ki, bu tipli aforizmlər əsərdə kifayət qədərdir.

Əsərdə tarixi yaddaş, yurd yaddaşı, vətənə, milli ənənələrə sevgi çox gözəl təsvir edilir, Azərbaycan türklərinin öz milli-mənəvi dəyərlərinə yüksək səviyyədə sayğı duyduqları tərənnüm olunur, əsil Azərbaycan kişilik məktəbinin əlamətləri açıq-aydın görünür.

Eyni zamanda əsər vasitəsilə bir çox dünyavi və bölgə problemləri də qabardılır. Əfqanıstan hadisələri buna bir nümunədir. Bölgə üzrə isə erməni həyasızlığı, erməni faşistliyi və bu şovinizmin tarixi barədə də kifayət qədər məlumatlar yer alır. Hesab edirəm ki, erməni faşizminin nədən ibarət olduğunu Elza xanım öz şəxsi müşahidələri və baş vermiş proseslərin təsvirini verməklə, eyni zamanda Rizvanın apardığı mübarizələrin fonunda oxucuya çatdıra bilib.

Əsərdə erməni faşizminin 1988-ci ildən başlayaraq törətdiyi faciələrin kökünün əsrimizin əvvəlində də cərəyan etdiyini aydınca sezmək olur. Amma bu tarix faktiki olduğu səviyyədə, çox da qabarıq verilməyib, bunlara sadəcə işarə olunur. Təbii ki, əsrin əvvəlində baş vermiş bu faşist hərəkətlərinin törətdiyi faciələri yüzlərcə ədəbi, tarixi və publisistik nümunələrdən oxumaq mümkündür. O cümlədən ermənilərin məqsədli olaraq qədim Azərbaycan ərazilərinə köçürülmələri, bu torpaqlarda məskunlaşmaları, qədim Azərbaycan ərazisinin böyük bir hissəsində erməni dövlətinin yaradılması bir çox əsərlərdə olduğu kimi, bu sətirlərin müəllifinin bu vaxta qədər çap olunmuş kitablarında da kifayət qədər öz əksini tapıb.

Əsərdə Rizvan o qədər qəhrəman kimi təqdim olunub ki, mən bir redaktor və ya yazıçı kimi onu canlı olaraq həyatda görmədiyimə təəssüf edirəm. Rizvanda olan şairlik, rəssamlıq ruhunun və yüksək döyüş texnikasının, mübarizə qabiliyyətinin olması, yəni onun mükəmməl mənəviyyatla mütərəqqi cismaniliyi özündə birləşdirməsi bizə Şah İsmayıl Xətai və yaxud da Koroğlu kimi tarixi qəhrəmanlarımızı xatırladır.

Elza xanım bu romanı 5 ilə yazdığını deyir. Bəlkə də əsərin gözəlliyini doğuran səbəblərdən biri elə budur. İndi elələri var ki, bədii yaradıcılıq məhsulu ilə vikipediya məlumatlarını qarışıq salır, bir də görürsən ki, “kopiyala, əlavə et” üsulu ilə bir ildə ortalama 3 “roman”ı çap olu¬nub. Bu, fikir söyləmək, məqsədə doğru getmək deyil axı, zamanın texniki tərəqqisindən sui-istifadə ədəbiyyata xəyanət kimi qavranılmalıdır. Bütün bunlardan dolayı Elza xanımın ilk romanı olan “Mübarizə yolu”nu Azərbaycan nəsr yaradıcılığı səviyyəsində normal qiymətləndirmək mümkündür və əsərin oxunaqlı olacağına şübhə etmirəm.

Elza xanımı təbrik edir, ona ailə səadəti, bundan sonrakı işlərində müvəffəqiyyətlər və yaradıcılıq uğurları arzulayıram.

Bakı, 04 yanvar 2018-ci il.


Xeberdar.net

XƏBƏR LENTİ