Bayılda sürüşmə səngiyib, narazılıq isə artıb

514 25-04-2018, 10:35 cemiyyet / gundem

Bayılda sürüşmə səngiyib, narazılıq isə artıbSakinlərin elektrik xətləri kəsilib, əhali “imkan versinlər, evimizdə yaşayaq” deyir

Bayıl yamacında sürüşmə zonasında yaşayan əhali növbəti dəfə etiraz aksiyası keçirməyə hazırlaşır. Bu barədə “Yeni Müsavat”a sakinlərin özləri məlumat veriblər. Onlar bildiriblər ki, öz evlərində rahat yaşaya bilmirlər. Müvafiq qurumların nümayəndələri sakinlərin kommunal xətlərini bərpa etmirlər ki, bu da onlarda narazılıq yaradıb. Sakinlərin sözlərinə görə, yanvar ayından qaz, su xətləri kəsilib. Ötən həftənin sonunda isə Mənzil İstismar İdarəsinin işçisi ilə “Azərişıq” ASC-nin nümayəndələri gəlib işıqlarını kəsiblər.

Sakin İlham Nurullanın sözlərinə görə, əvvəlcə MİS nümayəndəsi gəlib sakinlərdən ərazini çıxmağı tələb edib: “Bizə dedilər ki, evinizdən çıxmalısınız. Burada yaşamağa icazə verilmir. Həmin zaman əhali ilə məmurlar arasında mübahisə düşdü. Hadisədən iki gün sonra gəlib elektrikin verilişini dayandırdılar. Yalnız aprelin 23-də axşam saat 23 radələrində elektrikin verilişi bərpa olunub. Bunun da hansı səbəbdən baş verdiyi məlum deyil. Sakinlərin istəyi odur ki, icazə versinlər evimizdə yaşayaq. İkincisi də bizi narahat edən məsələ kompensasiya məsələsidir. Sürüşmə zamanı uçan 6 evin sahibinə hər kvadrat üçün 700 manat ödədilər. Bizə isə bu məbləğ sərf etmir. Məsələ ilə bağlı məhəllədə ötən həftə aksiya keçirdik. Lakin bu aksiyamıza da reaksiya verən olmadı. Kimsə kompensasiya ilə əlaqədar bizə söz demədi”.
Bayılda sürüşmə səngiyib, narazılıq isə artıb
Bayıl yamacında hazırda əhalinin bir qismi verilən kirayə pulu ilə razılaşıb evlərini tərk edib. Lakin ərazidə hər hansı bir qoruma olmadığı üçün onlar da mənzillərindən uzun müddət kənarda qala bilmirlər. Bu səbəbdən də demək olar ki, hər gün gəlib evlərinə nəzarət edir, həyətlərində işləyirlər. Sakinlərlə söhbətimiz zamanı onlar söylədilər ki, evlərini birdəfəlik tərk etmək fikirləri yoxdur. Çünki kompensasiya barəsində konkret söz almayıblar. Kirayəyə çıxanların da bir qismi bundan imtina edib, evlərinə dönmək istəyir. Onlar bildirdilər ki, uşaqlarının məktəbi Bayıla yaxın ərazidədir. Dövlətin verdiyi kirayə pulu ilə həmin ərazidə mənzil tapa bilmədikləri üçün xeyli aralıda məskunlaşıblar. Hər gün uşaqlarını bu ərazidən məktəbə aparıb-gətirmək isə onlar üçün əsaslı problemə çevrilib. Buna görə də sakinlər kommunal xətlərinin bərpa olunmasını tələb edir, öz evlərinə qayıtmağı istəyirlər.

Onu da qeyd edək ki, bu ilin fevral ayında Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabineti müvafiq sərəncam imzalayıb.
Bayılda sürüşmə səngiyib, narazılıq isə artıb
Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədilə 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbayel Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Eyni zamanda bildirildi ki, 10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağılmış, 90-cı illərdə tikilmiş 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbayel Rayon İcra Hakimiyyətinə tapşırılır.

Bu ayın əvvəlində məlum oldu ki, ümumi sahəsi 306 kvadratmetr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadratmetr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadratmetri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb. Rəsmi məlumatlara görə, artıq bu vəsait həmin şəxslərin hesabına köçürülüb.

Xeberdar.net

XƏBƏR LENTİ