Sosial evlərin satış qalmaqalına görə komissiya yaradıldı

729 11-05-2018, 09:55 cemiyyet

Sosial evlərin satış qalmaqalına görə komissiya yaradıldı
Osman Gündüz: “Ev müraciətləri ilə bağlı nəticələr ləğv olunmalıdır”
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk mənzil satışı ciddi uğursuzluqla nəticələndi. Mayın 7-də baş tutan elektron satış zamanı “Elektron hökumət” portalına inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə vətəndaşların seçim etmək imkanları məhdudlaşdı, daha sonra məlum oldu ki, satışa çıxarılan 260 mənzil üçün 1600 nəfərə bildiriş göndərilib. Onlardan yalnız 260 nəfəri bildirişini təsdiqlətdirə bilib, qalanlar yaranan problemlə bağlı MİDA-nın qapılarında qalıblar.

MİDA-nın məsələ ilə bağlı yaydığı açıqlamada qeyd olunur ki, satışa qədər “Güzəştli mənzil” sistemində şəxsi kabinet əldə edənlərin sayı 8800 nəfərədək olub: “Qeyd edək ki, ”Elektron hökumət" portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılmışdır.

Lakin ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşımışdır. 07 may 2018-ci il tarixində saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olmuşdur. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş vermişdir. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilmiş, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilmişdir".

MİDA İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Diana Dadaşovanın “Yeni Müsavat”a bildirdiyinə görə, agentlikdə yaranmış problemlərlə bağlı xüsusi komissiya yaradılıb: “Bu məsələ ilə bağlı komissiya araşdırmalardan sonra qərar verəcək”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “Yeni Müsavat”a dediyinə görə, yaranmış problemdə həm MİDA, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsuliyyət daşıyır: “Araşdırmalarımız göstərir ki, satışa çıxarılan mənzillərdən dəfələrlə çox sayda insana bildiriş getməsində problem əsasən MİDA-nın ”Güzəştli Mənzil" informasiya sisteminin özündə olub. Yəni qeydiyyatdan keçənlərin bildirişlər alması bu informasiya sisteminin qüsürları ilə bağlı olub. Portal vasitəsilə sistemə daxil olandan sonra orada məlumatların emal edilməsi, vətəndaşlara bildirişlər göndərilməsinin Egov portalına hər hansı aidiyyəti yoxdur. Bu proseslər MİDA-nın proqramı, onun informasiya sistemi vasitəsilə emal olunur. Görünür ki, MİDA bu proqram təminatını (RİSK şirkəti tərəfindən hazırlandığı bildirilir) qəbul edərkən yetərincə testdən keçirməyib. Ən azı oturuşmuş şirkətlər, ekspertlər bunu testdən keçirməliydilər. Həmçinin də aidiyyəti dövlət qurumları bu cür dövlət əhəmiyyətli informasiya sistemini istismara buraxanda təhvil-təslim prosesi olmalıydı. Görünür ki, sistem yetərincə yoxlanılmadan istismara buraxılıb. Deyim ki, belə proqramların təhvil-təslimi ilə bağlı problem bu gün əksər dövlət qurumlarında var".
Sosial evlərin satış qalmaqalına görə komissiya yaradıldı
Mütəxəssisin qənaətincə, sistemə daxil olmaqda olan ləngimələrə, elektron imzadan istifadədə olan problemlərə rəğmən, vətəndaşlara alqı-satqı ilə bağlı səhvən bildirişlərin göndərilməsi, məlumatların emal prosesindəki qüsurlar MİDA-nın düzgün işləməyən “Güzəştli Mənzil” İnformasiya Sistemi proqramı ilə əlaqəlidir: “Eyni zamanda düşünürəm ki, baş verənlərdən bütün maraqlı tərəflər ibrət dərsi götürməlidirlər. Xüsusilə də artıq ölkədə Egov məsələsinə cavabdeh qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bunların təkrarlanmaması üçün ciddi tədbirlər görməlidir”.

O.Gündüz hesab edir ki, güzəştli mənzillərin alqı-satqısı ilə bağlı hazırkı nəticələrin ləğv edilməsi daha ədalətli olardı: “Fikrimcə, MİDA və portal sistemləri yenilənməlidir, sistemlərin istismara hazır olması səlahiyyətli qurumlar tərəfindən yoxlanılmalı və sonra yenidən bu prosesə start verilməlidir”.

Müsahibimiz MİDA və NRYTN-in yaydığı açıqlamadan günahkarın bəlli olmadığını deyir: “Mən həmin açıqlamadan heç nə anlaya bilmədim ki, nə baş verib və kimdir günahkar. Açıqlamadan hansı qurumun günahının hansı səviyyədə olduğunu müəyyən etmək mümkünsüzdür. Bəlkə də bu, qəsdən edilib ki, məsuliyyətdən yayınmaq olsun. Və ya problemi texnologiyanın üzərinə yıxsınlar”.

O.Gündüz onu da qeyd edir ki, NRYTN, Egov-un operatoru MHM, MİDA və proqram təminatını hazırlayan RİSK şirkəti baş verənlərlə bağlı ciddi bir açıqlama verməlidirlər.
Sosial evlərin satış qalmaqalına görə komissiya yaradıldı
İqtisadçı ekspert Vüqar Bayramov isə deyib ki, 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin yüksək olacağı öncədən bəlli idi: “Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, MİDA prosesə hazır olsa da təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı. Nəticədə, elektron sistemdə fasilələr və eləcə də seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı. Halbuki mayın 7-si saat 10.00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənilən olduğundan bu sistem öncədən test edilməli idi. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olunmasına birmənalı şəkildə imkan yaradılmalıdır. Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzərə alaraq elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var”.

Dünya SAKİT,
“Yeni Müsavat”

XƏBƏR LENTİ