Avropa Parlamenti Azərbaycanla bağlı sərt tələblər qoyub – Tövsiyələr

770 19-05-2018, 23:19 gundem

Avropa Parlamenti Azərbaycanla bağlı sərt tələblər qoyub – Tövsiyələr
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacağı gözlənilir. Bunu EURACTIV-ə müsahibəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.
C.Feyziyev bildirib ki, Aİ və Azərbaycan arasında yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi sahələrində, o cümlədən energetika və nəqliyyat sektorlarında əməkdaşlıq daxil olmaqla, münasibətlərin siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir: “Vaxt məhdudiyyəti yoxdur, lakin müzakirəçilər prosesin sürətləndirilməsi üçün həqiqətən də bütün səyləri göstərirlər. Biz tərəflərin bu ilin sonunadək danışıqları başa çatdıracağını və yeni sazişin 2019-cu ilin birinci yarısında imzalanmaya hazır olacağını gözləyirik”.

Ancaq virtualaz.org-un məlumatına görə, Avropa Parlamentinin deputatları hesab edirlər ki, Azərbaycanla hərtərəfli razılaşmanın imzalanması məsələsində tələsmək olmaz, çünki, onların fikrinə görə, bu razılaşmada “insan hüquqlarına və Avropa Birliyinin dəyərlərinə hörmət” şərtləri nəzərə alınmalıdır.
Avropa Parlamentinin deputatları çərşənbə günü Avropa İttifaqının rəhbərliyinə Aİ və Azərbaycan arasında gələcək sazişlə bağlı tövsiyələr göndərib.

Saziş korrupsiyaya, çirkli pulların yuyulmasına və vergilərdən yayınmaya qarşı mübarizəyə və əsas azadlıqların təmin edilməsində irəliləyişə şərait yaratmalıdır.

Bu tövsiyələr Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri tərəfindən 56 səs “lehinə”, 2 səs “əleyhinə” və 7 nəfər bitərəf olmaqla qəbul edilib.
Avropa Parlamenti Azərbaycanla bağlı sərt tələblər qoyub – Tövsiyələr
Tövsiyələrdə deyilir ki, Avropa Parlamentinin deputatları Aİ Şurasını, Avropa Komissiyasını və Xarici Fəaliyyət Xidmətini aşağıdakı addımları atmağa çağırır:

– Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə;

– Azərbaycan hakimiyyətinə ölkə Aİ-nin əsas dəyərlərinə və hüquqlarına riayət etməsə heç bir hərtərəfli sazişin ratifikasiya olunmayacağını xatırlatmağa;

– Azərbaycanla gələcək sövdələşmənin hərtərəfli olduğuna və hər iki tərəfə xeyir gətirəcəyinə zəmanət verməyə;

– İqtisadi cinayətlərə, o cümlədən korrupsiyaya, çirkli pulların yuyulmasına və vergi ödənişindən yayınmalara qarşı mübarizədə, habelə çirkli pulların yuyulması sxeminin, xüsusən “Landromat” işinin təkrar araşdırılmasında Azərbaycanı dəstəkləmək məqsədilə konkret müddəalar tətbiq etməyə;

– Danışıqlar başa çatana qədər Azərbaycanın 2017-ci ildə sayı 150 nəfərdən artıq olan siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi üzrə mühüm addımlar atmasını təmin etməyə;

– Azərbaycanda redaksiya müstəqilliyi və Aİ-nin standartları təmin edilməklə, azad və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa.

Deputatlar hesab edirlər ki, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakı gücləndirilməlidir. Onlar Aİ və münaqişə tərəflərindən hər biri ilə yeni sövdələşmələrinin mühüm öhdəliklər və münaqişənin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli irəliləyişlərlə şərtlənməlidir.

XƏBƏR LENTİ