“Azer Yapı Market” MMC döyülən işçisinin iddialarına cavab verdi: “Hadisə şəxsi münaqişə zəminində baş verib"

1 310 2-06-2018, 12:15 siyaset / gundem

“Azer Yapı Market” MMC  döyülən işçisinin iddialarına cavab verdi: “Hadisə şəxsi münaqişə zəminində baş verib"


Xeberdar. net saytına “Evimiz Market”-in işçisi İbrahimov Abbas Akif oğlu videomüsahibə vermişdi. Müsahibədə A.İbrahimov şirkətin anbarında iş yoldaşı tərəfindən ölümcül döyüldüyünü, sonradan şirkət rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu,əsassız olaraq işdən çıxması üçün təzyiqlər edildiyini iddia etmişdi. Həmin video müsahibə 10 may 2018-ci il tarixdə, "Nehrəmlilərə çörək yoxdur"deyən şirkət rəhbəri keçmiş prokuror oğluna işçisini döydürüb” başlığı ilə saytımızda dərc olunmuşdu.
Biz videomüsahibəni dərc etməmişdən əvvəl jurnalist etikasına uyğun olaraq məsələ ilə bağlı şirkətin drektoru Murad Muradaovla telefon vasitəsilə əlaqə saxlamışdıq. O,şirkətin daxili nizam-intizamına görə, telefonda açıqlama verə bilməyəcəyini, yazılı sorğu verməyimizi istəmiş və bizə elektron poçt ünvanını göndərmişdi. Xeberdar.net saytı rəsmi blankında Murad Muradovun elektron poçtuna sorğu göndərmişdi. Bir gün sonra isə Murad Muradov kağızda, möhürlənmiş formada sorğunu göndərməyimizin lazım olduğunu bildirmişdi. Redaksiya isə Murad Muradaovun vaxtı uzatmaq məqsədinin olduğunu hesab edərək məlumatı yayımlamış və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirmişdi.
Dünən (01.06.2018) sorğumuza cavab olaraq saytımızın elektron ünvanına “AZER YAPI MARKET” MMC-nin direktoru Muradov Murad Bağır oğlu tərəfindən cavab məktubu göndərilirb. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasinin Qanunununa və jurnalist etikasına uyğun olaraq məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:


“Sizin 09 may 2018-ci il tarixli məktubunuza cavab olaraq bildirirəm ki, İbrahimov Abbas Akif oğlunun məktubda qeyd olunan ittihamları əsassızdır və həqiqətə uyğun deyildir. Qeyd etmək istərdim ki, İbrahimov Abbas ilə Kamalov Müşviq arasında olan hadisə şəxsi münaqişə zəminində baş vermişdir. Xəsarət almış İbrahimov Abbas tərəfimizdən dərhal xəstəxanaya aparılmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq xəstəxanadan polisə məlumat verilmiş və bu hadisə ilə bağlı polis tərəfindən zəruri istintaq tədbirləri görülmüş və hadisəni törədən Kamalov Müşfiqə qarşı cinayət işi açılmışdır. Belə halda isə, hər hansı bir cinayətin gizlədilməsi cəhddindən söhbət belə gedə bilməz, hüquq mühafizə orqanları tərəfindən tələb edilən bütün faktlar, materiallar aidiyyatı üzrə təhvil verilmişdir. Hadisənin törədilmə səbəbindən asılı olmayaraq, biz bu tərz davranışları düzgün hesab etmirik və şirkətimizn korporativ siyasəti çərçivəsində qəbuledilməz sayırıq. Bu səbəbdən də, hadisədən dərhal sonra Kamalov Müşfiqin əmək müqaviləsinə xitam verilmişdir.

Hadisənin şəxsi münaqişə zəminində baş verməsinə baxmayaraq işçimiz Abbas İbrahimova şirkət tərəfindən maddi yardım edilmiş, bütün xəstəxana xərcləri ( 6000 AZN) , o cümlədən evdə ambulator müayinə aldığı zaman əmək haqqısı tam olaraq ödənilmişdir.

Ümumiyyətlə Abbas İbrahimov hadisədən sonra işə qayıtdıqdan sonra da intizamsız hərəkətlərini davam etdirmişdir. Kollektiv arasında ciddi problemləri olur, iş yoldaşları ilə ünsiyyətdə kobudluq etmiş, əmək funksiyalarını düzgün icra etməmiş, bəzi vaxtlarda əmək funksiyalarını icra etməkdən yayınırdı. Bununla bağlı İbrahimov Abbasa dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Abbas İbrahimov bu xəbərdarlıqlardan nəticə çıxarmamış və nizam-intizamsız davranışlarına davam etmişdir.
Belə nizam-intizamsız davranışlarını davam etdirən, müəssisədaxili nizam-intizam qaydalarına əməl etməyən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi üzrə vəzifə öhdəliklərini düzgün yerinə yetirməyən, kollektiv arasında problemlər yaşayan bir işçini işdə saxlamaq müəssisənin iş fəaliyyətinə ciddi təsir göstərir. Qeyd edirik ki, İbrahimov Abbasa işdən çıxması ilə bağlı heç bir təzyiq olunmayıb, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, O isə işdən çıxarılacağını bildiyi andan etibarən qeyri adekvat hərəkətlər etməyə başlamış, hətta Şirkətin rəhbərliyinə qarşı hədə-qorxu gəlmiş, işçilərin yanında şəxsi nüfuzunu aşağı salmağa çalışmışdır.

Ümumiyyətlə müəssisəmizdə dinindən, irqindən, milliyyətindən, yaşayış yerindən, siyasi baxışlarından və s amillərə görə heç bir ayrı-seçkilik edilmir, əksinə sağlam mühit, mehriban kollektiv və gözəl iş şəraiti yaradılmışdır.

Qeyd edilənləri nəzərə alaraq bu təkzib məktubunu Azer Yapı Market MMC-nin rəsmi mövqeyi kimi qəbul edib, internet səhifənizdə olduğu kimi dərc etməyi xahiş edirik.

Hörmətlə
Muradov Murad Bağır oğlu”



Xeberdar.net Şirkətin döyülən işçisi Abbas ibrahimovun video müsahibəsini də oxuculara təqdim edir:

Xeberdar.net

XƏBƏR LENTİ