İmişlidə karxana sahibləri prokurorluğa çağırıldılar

942 8-06-2018, 10:54 bolge / gundem

İmişlidə karxana sahibləri prokurorluğa çağırıldılar
Rayon prokurorluğuna dəvət edilənlər arasında regionda "karyerlər kralı" kimi tanınan Nakim Şərifovda olub.

İmişli rayonunda fəaliyyət göstərən qum - çınqıl karxanalarının sahibləri rayon prokurorluğuna çağırılıblar.Bu barədə İmişlidəki mənbədən Conflict.az-a məlumat daxil olub. Məlumatı verən mənbənin bildirdiyinə görə karxana sahibləri prokurorluqda üç dövlət təşkilatının - Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinin nümayəndələri ilə görüşüblər. Mənbə əlavə olaraq onu da qeyd etdi ki, karxana sahiblərini tək - tək qəbul edən dövlət qurumlarının əməkdaşları əsasən bu ərazidə ehtimal ediləcək təbii fəlakətlərin qarşısını önləmək məqsədilə profilaktik söhbətlər aparıblar. Məlumatda o da qeyd edilir ki, rayon prokurorluğuna dəvət edilənlər arasında regionda "karyerlər kralı" kimi tanınan Nakim Şərifovda olub. Xatırladaq ki, bir müddət öncə Nakim Şərifovun adı, Prezidentin müvafiq Fərmanı ilə ləğv edilmiş MTN-nin sabiq rəhbəri, adı müxtəlif cinayətlərdə hallanan Eldar Mahmudova məxsus qum - çınqıl karxanasını alması məsələsində hallanmışdı. Mənbə əlavə olaraq onu da bildirdi ki, həmin karxanaya uzun müddət MTN-nin İmişli rayon şöbəsinin rəisi Azər Səlimov qeyri - rəsmi şəkildə nəzarət edirmiş.
İmişlidə karxana sahibləri prokurorluğa çağırıldılar
Xatırladaq ki, İmişli rayonu bu cür fəaliyyətlə məşğul olan - yəni yerin təkindən yüksək təzyiqlə qum çınqıl çıxarılan rayonların içərisində birinci yerdədir. Onu da qeyd edək ki, bəzi işbazlar zaman - zaman yerli əhalinin maddi imkansızlığından istifadə edərək, münbit torpaq sahələrini cüzi məbləğ qarşılığında almaqla, həmin ərazilərdən qum - çınqıl çıxarmaları kütləvi xarakter daşıyır. Mənbənin verdiyi məlumata görə İmişlidə vəziyyət bu sahədə o qədər acınacaqlıdır ki, bəzi işbazlar hətta Araz çayının məcrasının belə dağıdılmasına cəhd edirlər. Bundan başqa çayın sahilində yerləşən çoxsaylı qum - çınqıl karxanalarının yaratdığı su dəryaçalarındakı şor suyun Arazın və ya ondan ayrılan qolların şirin sularına qarışıb - qarışmaması ilə bağlı hələ də aidiyyatı strukturlar rəsmi məlumat verməyiblər. Halbuki İmişli rayonunda bu ehtimal olduqca böyükdür. Digər tərəfdən süni dəryaçalara yığılan su kütləsi axmadan, illərlə durduğuna görə onun ətrafda yaşayan insanların həyatı üçün də təhlükəli olması yəqin ki, təkzib edilməz. Eyni zamanda həmin dəryaçaların ətrafında yabanı şəkildə bitən ağac və kollar belə sonuncu dəfə müvafiq qaydalara uyğun olaraq təsir imkanlarını azaltmaq məqsədilə dərmanlanmayan qum - çınqıl karxanalarından "nəsibini" alırlar. Əlavə olaraq onu da qeyd edək ki, bir neçə gün öncə leysan yağışları nəticəsində Göyçayda uçan körpünün mövcud duruma düşməsi də illərin aradan qaldırılmayan səbəbləri idi. Bəzi əyalət rəhbərlərinin dövlət görəvlərindən istifadə edərək "həyat bir gündür" tezisi ilə yaşamaları və ya "pul, qızıl,cəvahirat, budur mənim Allahım" inancını əsas götürmələri sonucda fəlakətə səbəb olur. Və ya on minlərlə insan layiq olmadıqları həyatı yaşamaq zorunda qalırlar.
Mövzuya qayıdacağıq. Bizi izləyin.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq, dərc etməyə hazırıq.

Xeberdar.net

XƏBƏR LENTİ