Bakıda bağçada uşaqlara belə işgəncə verirlər - VİDEO

1 108 11-06-2018, 16:55 gundem / video

Bakıda bağçada uşaqlara belə işgəncə verirlər - VİDEO
Bakının Yasamal rayonunda yerləşən “Kids Studio” adlı özəl uşaq bağçasında tərbiyəçinin azyaşlılarla qəddar rəftarını əks etdirən qalmaqallı video sosial şəbəkələrdə yayılıb. Virtualaz.org xəbər verir ki, daxili videomüşahidə kameralarının çəkdiyi görüntülərə əsasən tərbiyəçi azyaşlıları döyür, döyməklə də ürəyi soyumayıb divara çırpır, digər kobud rəftara yol verir.

Müxtəlif vaxtlarda uşaqlara qarşı qəddar rəftarı əks etdirən bu görüntülər yerli mətbuatda yayıldıqdan sonra qalmaqal yaranıb. “Kids Studio” uşaq bağçasından deyiblər ki, kadrlarda işgəncə faktından söhbət gedə bilməz.“Tərbiyəçi uşağı sadəcə silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb”.

Məlum olub ki, uşaqlarla kobud rəftar edən bağçanın aparıcı müəllimi Firuzə Tağıyevadır. Virtualaz.org saytı xəbər verir ki, bağçanın sosial şəbəkələrdə reklamında əsasən bu müəllimə önə çəkilir, onun uşaqlarla iş bacarığı xüsusilə qeyd olunur. Reklamlarda gündə bir neçə dəfə yemək, meyvə verildiyi, dil və nitq bacarığının artırılması, psixoloji iş, məntiq, riyaziyyat, ingilis dili, rus dili öyrədildiyi də əks olunub. Görüntülərdən sonra sosial şəbəkələrdə müəllimənin cəzalandırılması tələb olunur.

Bağçadan qeyd edilib ki, videonu işdən çıxarılan əməkdaş yayıb: “Həmin görüntüləri resepsiyonda işləyən və bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan qız qəsdən yayıb. Onda adminin parolu var və videonu götürə bilib”.

Uşaq bağçasının özünü təqdim etmək istəməyən əməkdaşı saytımıza deyib ki, bu görüntüləri yayan şəxs direktordan və həmin müəllimədən qisas almaq istəyib: “Başqa açıqlama verə bilmərik. Bizim bağça haqqında danışanları məhkəməyə verəcəyik”, – əməkdaş hədə-qorxu gələrək telefonu qapadıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb. (APA)

E. Səfərovun qeyd edib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: “Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır”.

Hüquq-mühafizə orqanlarından məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XƏBƏR LENTİ