ABDULLA ŞAİQ YARADICILIĞINDA İNSAN PROBLEMİ ( III yazı)

1 270 30-06-2018, 13:59 kose / gundem

ABDULLA ŞAİQ YARADICILIĞINDA İNSAN PROBLEMİ  ( III  yazı)
Bəli, xoş və uğurlu gələcək maminə, xalqın, vətənin inkişafı və tərəqqisi naminə gənc nəslin tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Əsil insan xalq mənafeyini üstün tutan tərbiyə prosesində yetişir.
Abdulla Şaiq də Hüseyn Cavid kimi, ailə və məktəbin vəhdətini, tərbiyə prosesində onların birliyini, ardıcıllığını, vahid məqsədə xidmət etmələrini arzulayır. Tərbiyənin böyük dəyişdirici gücünə inanan ədibin inamında yanılmadığını sübut üçün “Xasay” adlı povestdə təsvir edilmiş Xasay obrazına baxaq:

-Xasay kimdir? – Xasay yoxsul, lakin mənəviyyatı təmiz bir kişinin oğludur. Əlaçı şagirddir, tərbiyəli və intizamlıdır. Hamı onun xatirini əziz tutur, Müəllimləri Xasayı çox sevirlər. Oğlunun adını yaxşıların sırasında eşidəndə atanın sevincdən gözləri yaşarır. Təəssüf ki, bu sevinc uzun sürmür. Ata ölür, yüngül xasiyyətli ana pozğun bir kişi ilə ailə həyatı qurur. Rəcəb adlanan bu kişi həbsxanadan qaçmış, möhtəkirliyə, al-verə qurşanmışdır. Dünya malına hərislik Rəcəbdə insani keyfiyyətləri tamam öldürmrşdür. O bu işə nəinki arvadını, hətta, Xasayı da cəlb etmək istəyir və uşağın inadına baxmayaraq, anasının vasitəsilə buna da nail olur. Xasayı oğurluğa alışdıran Rəcəb onu məktəbdən ayırmaq üşün müxtəlif çirkli yollar arayır. Çox çəkmir ki, Xasay əvvəlki ad-sanını, paklığını, intizamlılığını, tərbiyəsini itirir, şagird və müəllimlərin gözündən düşür, heç vaxt islaholunmaz bir şagirdə çevrilir.
Təsir altına düşən Xasaydan Rəcəb bir qatil kimi istifadə etmək, onun əleyhinə danışdığı üçün Kamil müəllimi və onun ailəsini məhv etmək qərarına gəlir. Lakin Xasay öyrənir ki, Rəcəb həbsxanadan qaçmış siyasi canidir, həm də anası Badamı ələ keçirmək üçün atasını tramvaydan yıxıb öldürmüşdür.
Əsil həqiqəti öyrənən Xasay hiyləyə əl atır: həm müəllimini və onun ailəsini fəlakətdən qurtarır, həm də Rəcəb kimi alçağı qanunun əlinə tapşırır. Öz səhvini anlayan Xasay Kamil müəllimin vasitəsilə yenidən düzgün yola qayıdır, əvvəlki yüksək adını bərpa edir, nüfuzu daha da artır. Onun cəsarətli və qətiyyətli olması nəinki məktəb kollektivinin, hətta bütün kənd camaatının rəğbətinə səbəb olur.
Məqsəd aydındır: tərbiyə böyük təsir gücünə malikdir. O, qatil böyütdüyü kimi, əsil insan da yetişdirir. Buna görə də cəmiyyətin hər bir üzvü uşaqların düzgün, mütərəqqi ruhda tərbiyə olunmasına ciddi qayğı göstərməli, bu yolda öz köməyini əsirgəməməlidir. Laqeydlik, biganəlik cəmiyyət üçün böyük təhlükədir, fəlakətdir, nəticə etibarilə isə faciədir.
Abdulla Şaiqin bütün fəaliyyəti göstərir ki, o, insan haqqında həmişə yüksək fikirdə olmuş, insanın daim ucalmasını, yüksək məqama yetişməsini, bütün yaranmışların əşrəfi olduğunu öz hərəkətləri, əxlaqi-mənəvi paklığı, yüksək şüurluluğu ilə sübut etməsini arzulamışdır. Böyük sənətkar nədən yazırsa-yazsın, nədən danışır-danışsın, əsas məqsədi həqiqi insanı, onun cəmiyyətdə yüksək mövqeyini, həmişə təkamüldə, inkişafda olmasını , özünüdərk səviyyəsinə çatmasını, təbiət və cəmiyyətin əsil bəzəyinə, ən qiymətli varlığına çevrilməsini görməkdir. Bütün yaradıcılığını da bu qayəyə, bu məqsədə həsr etmişdir.
Abdulla Şaiq fərdiyyətçiliyə qarşı çıxır, insanın yalnız cəmiyyət, kollektiv daxilində həqiqi bir varlıq kimi mövcud olmaq imkanını təsdiqləyir və göstərir ki, heç bir kəs özünü cəmiyyətdən kənar hesab edib, istədiyini yerinə yetirmək hüququna malik deyil . Hər bir fərd bütün cəmiyyətlə yüzlərlə tellər vasitəsilə bağlıdır. Bir nəfərin əxlaq və hüquq qaydasını pozması bütövlükdə cəmiyyətin mənəviyyatına ağır bir zərbədir. Hər bir fərd bir ailənin, bir kollektivin və, nəhayət, cəmiyyətin bir üzvüdür. Ona görə də hər bir şəxs öz hərəkəti, fəaliyyəti üçün cəmiyyət qarşısında məsuliyyətini dərindən dərk etməlidir.
Ədibin bu fikrini sübut üçün “Əsrimizin qəhrəmanları” romanından kiçik bir mükaliməyə diqqət yetirmək kifayətdir: “ Ağamürsəl qaşlarını çataraq, bu sözlərdən məmnun olmadığını bildirən bir səslə cavab verdi:
- Mənim xüsusi işlərimə qarışmağa heç kimə izin vermirəm, bundan sənə nə?
- Yanılırsan.Sən bir ailə üzvü olduğun kimi, müəyyən bir cəmiyyətin üzvü və vətəndaşısan. Bir ailə üzvünün etdiyi yaramazlıq ailə üzvlərinə nə qədər ziyan verərsə, onun yaramazlığı mənsub olduğu cəmiyyətə, yaşadığı mühit və ölkəyə də bir o qədər ziyanlıdır. Mənim sözlərim yalnız sizə aid deyil. Ümumiyyətlə, bizim həyata olan bu yanlış görüşümüzü, bu böyük ictimai nöqsanımızı, bu çirkin tərbiyə və əxlaqımızı göstərmək və bununla gələcəyimizi gözümüz qarşısında canlandırmaq istəyirəm.
Hər bir insan öz fəaliyyətində, hərəkətlərində azaddır, sərbəstdir. Lakin bu o demək deyildir ki, hər bir adam öz istədiyi hər şeyi həyata keçirə bilər. Axı cəmiyyətin öz əxlaq və davranış qaydaları, müəyyən hüquq normaları mövcuddur. Cəmiyyətin hər bir üzvü bu qaydalara , normalara riayət etməyə borcludur, məcburdur, əks təqdirdə, o, qanun və qaydalara etinasızlıq üstündə cəzalandırılmalı və ibrət dərsi almalıdır.
Lakin çox zaman bunlar cəmiyyətdə öz əksini tapmır və nətıcədə hərçmərclik, özbaşınalıq, vətəndaş itaətsizliyi kimi cəmiyyəti daxildən parçalayan qorxulu bir qüvvə meydana çıxır, hər kəs özünü, öz məınafeyini düşünür, biganəlik, laqeydlik xəstəliyi cəmiyyətin mənəvi dəyərlərinin aşınmasına gətirib çıxarır. Abdulla Şaiq bundan qorxur və qəhrəmanlarının dili, hərəkətləri və əməlləri vasitəsilə cəmiyyətə düzgün yol göstərməyə çalışır.
- Elm və ixtisas insana özünü idarə və təmin edə bilmək üçün lazımdır. Mənim isə özümü idarə edə biləcək qədər sərvətim vardır, -deyə Əşrəf qürurla gözlərini Əhmədin üzünə dikdi.
- Odur ki, oxumağın daşını atdın. Ancaq, məıncə, sərvət insanı təmin edər, idarə etməz. İdarənin nə olduğunu bilmək üçün elm və ixtisas lazımdır.
- Heç lazım deyil. Həqiqət göz qabağındadır Bizdə oxumamış, çalışqanlığı ilə milyonlar qazanan və özünü gözəlcə idarə edə bilənlər azdırmı?
Zəki hər ikisinə etiraz etdi:
- Hər ikiniz yanlış düşünürsünüz. Məncə, elm və sərvət insana idarəçilik öyrədə bilməz. İdarəçilik yalnız heyvan kimi qarnını hər cür həşərat və nəbatat ilə doldurmaqdan ibarət deyil, Məmləkətimizdə atan Ağamürsəl kimi sərvətdarlar və müəyyən ixtisas sahibi olan ziyalılarımızın çoxu həyatı ancaq belə düşünür. Halbuki həqiqi bir vətəndaş, kamil bir insan yalnız öz həyatını təmin etməyi, özünü idarə edə bilməyi düşünməz. Bunu anlamaq üçün , hər şeydən əvvəl, ictimai şüur və tərbiyə lazımdır. Demək, bu məsələ əxlaq və ictimaiyyətlə əlaqədardır. Bu olmayınca, əşrəflərin sərvəti, əhmədlərin, zəkilərin elmi və ixtisası dənizdəki dalğalar üzündəki köpüklərdən başqa bir şey deyildir.
Ədib çox düzgün olaraq belə qənaətə gəlir ki, ictimai şüur nə qədər inkişaf etsə, insanlıq da bir o qədər kamilləşər, yetkinləşər. Bu isə daha çox tərbiyə, təlim, hərtərəfli gərgin iş prosesindən asılıdır.
Əşrəf və Zəki kimlərdir? – Hər ikisi azərbaycanlıdır, eyni torpağın üstündə addımlaya-addımlaya bərkimiş, eyni sudan içmiş, eyni havadan udmuşlar. Eyni su, eyniu hava onların fiziki inkişafında bərabər rol oynasalar da, mənəvi, zehni inkişaflarında olan fərq getdikcə böyümüş və ziddiyyətli xarakter almışdır. Əşrəf Ağamürsəl kimi zəngin sərvətdarın ailəsində dünyaya göz açmışdır. Anasından daha çox qulluqçuların əlləri üstə nazlana-nazlana böyümüş, ayaqları torpağa toxunmamış, xalılar, gəbələr üzərində addım atmağa başlamışdır. Ayaqları torpağa toxunmadığı üçün qəlbində torpaq məhəbbəti, torpaq qüvvəti, torpaq dözümü, torpaq sədaqəti və səmimiyyəti olmamışdır.
Yadların qucağında, yadlar nəfəsinin hərarəti ilə təmasda böyüyən Əşrəfin qəlbində ana nəfəsinin müqəddəsliyi, ana qəlbinin həyəcanı, istisi və qayğılı döyüntüləri yox idi. Həyatın mənasını var-dövlətdə, eyş-işrətdə, sərxoşluqda görən Ağamürsəl gələcək varisinin də özü kimi olmasını arzulayırdı.
Əşrəf belə bir mühitdə tərbiyə alıb böyümüşdü. Onun həyatının təməl daşını təşkil edən bu tərbiyə ömrünün sonuna kimi öz mənfi təsirini göstərmişdir. Heç bir ictimai -faydalı işlə məşğul olmayan Əşrəf atasının sərvəti hesabına Moskvada təhsil almaq qərarına gəlir. Burada da günlərini kazinolarda, barlarda keçirən Əşrəfə Moskva mühiti boğucu görünür. Yenidən Bakıya gəlib atasının sərvətinə sahib olur. Çoxlarının həyatını zəhərləyən bu ilan əxlaqsızlığın qurbanı olur.
Əşrəfə vətən, torpaq, xalq, insan və sair sözlər yabançı məfhumlardır. Vətənin tərəqqisi, xalqın yüksəlişi, millətin ucalığı onu əsla düşündürmür. Ayaqlara dolaşan sahibsiz dilənçi uşaqları, qoca qarıları o görmür. Həyatın ləzzətini, yaşamağın mənasını və məqsədini sərvətdə, sərxoş və yüngül xasiyyətli qadınların qolları arasında olmaqda görən Əşrəf insanlıqdan çox-çox uzaqdır. Onda insani keyfiyyətlərdən heç birisi yoxdur. Pozğun tərbiyə onun qəlbində mərhəmət, şəfqət, sədaqət, məhəbbət, səmimiyyət kimi qiymətli cəhətləri məhv etmiş, onların yerində lovğalıq, paxıllıq, hərislik və şərəfsizlik toxumu səpmişdir.
Yazıçı Əşrəf obrazının tam əksi olan Zəkini qələmə almışdır. Əşrəfi səciyyələndirən bütün cəhətlərin əksi Zəkiyə məxsusdur. Elə Əşrəf də Zəkinin simasında öz düşmənini gördüyü üçün ona daxilən kin bəsləyir, acı sözlərlə onun qəlbini yaralamağa çalışır. Bu iki gəncin müqayisəsindən çıxan nəticə bundan ibarətdir ki, insanın dünyagörüşünün formalaşmasında, özünüdərk səviyyəsinə yüksəlməsində və ya əksinə olmasında tərbiyə mühüm rol oynayır.
İnsanın həyatında elmin də əhəmiyyətini, rolunu yüksək qiymətləndirən ədib uşaqlar üçün yazdığı əsərlərdə deyir:

Sən də çalış elm ilə şöhrət qazan,
Qalma cəhalətdə, olarsan yaman.
Elmlə abad olubdu cahan

Və yaxud başqa bir əsərində elm ilə ədəbi vəhdətdə götürür, bunların hər ikisinə yiyələnməyi təkidlə tələb edir:
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandı yuxu,
Məktəbə get, dərs oxu.

Abdulla Şaiq göstərir ki, hər şey əməklə, zəhmətlə əldə edilir. Zəhmətdən qorxanlar həyatda heç nəyə nail ola bilməzlər. Ona görə də gənc nəslin inkişafında əmək, zəhmət barəsində tərbiyə və təlimin ardıcıllığına xüsusi fikir verilməlidir. Elm, ad-san, şərəf alın təri, əllərin qabarı, gözlərin yuxusuzluğu hesabına qazanılır. İnsanın həyatını zinətləndirən, onu mənalı edən zəhmətdir:
Oğlum, hər şey sevir zəhmət,
Tənbəl ziyan çəkər, əlbət.

İnsanın həm mənəvi, həm də fiziki sağlamlığının qayğısına qalan ədib idmanın da əhəmiyyətindən danışaraq deyir:
Biz gənclər, biz məktəblilər,
Hər işdə göstərək hünər,
İdman edək səhər, axşam,
Vücudumuz olsun sağlam.
Qoy güclənsin gənc nəslimiz,
Gələcəyə hakimik biuz.

Abdulla Şaiq xalqını, vətənini, doğma yurdunun hər qarış torpağını dərin məhəbbətlə sevən bir insan idi. İstəyirdi ki, xalqı azad və xoşbəxt, sağlam və gümrah olsun, doğma yurdu daim çiçəklənsin, tərəqqi etsin, elində, obasında bolluq və firəvanlıq hökm sürsün. Onu da bilirdi ki, bütün bu deyilənlərə nail olmaq üçün səy, zəhmət, bilik , elm lazımdır. Elmin, biliyin, çalışqanlığın sayəsində insan istədiyini əldə edə bilər. Buna görə də gənc nəsli elmə, biliyə yiyələnməyə çağırır, tərəqqi və inkişafın da elmlə, zəhmətlə bağlı olduğunu söyləyir.
ABDULLA ŞAİQ YARADICILIĞINDA İNSAN PROBLEMİ  ( III  yazı)

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi , f.ü.f.d., Qabaqcıl Maarif Xadimi

XƏBƏR LENTİ