Rusiyadan Ermənistana qarşı növbəti aşağılayıcı gediş –Ermənilər xofda

599 20-07-2018, 09:49 dunya / gundem

Rusiyadan Ermənistana qarşı növbəti aşağılayıcı gediş –Ermənilər xofdaErmənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının bir qrup hərbçisinin - təqribən 30 nəfər - 18 iyulda yerli əhalini vahiməyə salması işğalçı ölkədə ciddi gərginliyə və anti-Rusiya əhvalının artmasına səbəb olub.

Xatırladaq ki, 102-ci bazanın hərbçiləri bir neçə avtomobildən ibarət kolonla kəndə daxil olaraq xüsusi taktiki təlim məşğələsi keçiriblər. Bu zaman rus hərbçiləri boş patronlarla kənddə intensiv atəş açıb, heç nədən xəbəri olmayan kənd sakinləri güllə səslərini eşidərək evlərindən qaçıb. Bir çoxlarının qorxudan ürəyi gedib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Artik bölgəsinin Panik kəndi yaxınlığında yaşanan hadisələrlə bağlı Şirak bölgəsinin rəhbəri Karen Saruxyan da danışıb. O bildirib ki, 18 iyulda baş verənlərlə əlaqədar hərbi bazanın komandir müavini Aleksey Palyuxaviçlə görüşüb. Görüş zamanı bildirilib ki, baş verənlər fors-major xarakterli olub. Rus zabit komandir heyətinin bununla bağlı hər hansı əmr vermədiyini iddia edib. Həmçinin bildirib ki, bir daha belə hadisə təkrarlanmayacaq. Saruxyan deyib ki, Palyuxaviç yerli sakinlərdən üzr istəyib və baş verənlərin günahkarlarının cəzalandırılacağını deyib. “Araşdırmalar aparılır və biz nəticəni gözləyirik” - Saruxyan deyib.

Ermənistanda bu hadisə çox sərt reaksiyalar doğurub. Xüsusilə də bundan əvvəl Gümrüdə xidmət edən rus hərbçi Permyakovun bir ailəni məhv etməsindən sonra hərbi bazanın mövcudluğu əleyhinə səslənən fikirlər yenə də aktuallaşıb. Mətbuat yazır ki, nəzərdə tutulmuş qaydaları aşan rusiyalı hərbçilər odlu silahla Ermənistanın istənilən bölgəsinə gedir, hətta istədikləri vaxt atəş açaraq sakinləri qorxuya salırlar. Ermənilər bildirirlər ki, Rusiya hərbçiləri Ermənistanda özlərini heç evlərindəki kimi də hiss etmirlər. Çünki evdə onlara haradasa silahla gəzmək imkanı verilməzdi.

Ermənistanın müdafiə naziri Davit Tonoyan 102-ci bazanın komandiri ilə görüşə hazırlaşır. Nazirlik sözçüsü Artsrun Ovannisyan deyib ki, ola bilsin görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak etsin.

Ermənistan hökumətinin 19 iyul iclasında insident müzakirə olunub (virtualaz.org). Baş nazir Nikol Paşinyan iclasda çıxış edərək bu insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib. “Bəyan etmək istəyirəm ki, bu, sadəcə olaraq, yolverilməz insidentdir. Mən bunu Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı təxribat və Ermənistanın suverenliyinə qəsd sayıram” - Paşinyan deyib. O bildirib ki, insidentin hansı prosedurla araşdırılmalı olduğu aydınlaşdırılmalıdır. Bu məsələyə Rusiya hərbi bazasına dair müqavilə və Ermənistan qanunvericiliyi çərçivəsində baxılmalıdır. “İstənilən halda Polis insidentlə bağlı materiallar hazırlayır və sonrakı təhqiqatın effektli olmasına ümid edirəm”- Paşinyan bildirib.

Qeyd edək ki, insident Paşinyanın Brüsseldə NATO sammitində iştirakının ardınca baş verib. Moskva onun sammitdə iştirakından narazı idi.
Rusiyadan Ermənistana qarşı növbəti aşağılayıcı gediş –Ermənilər xofda
Hərbi ekspert Üzeyir Cəfərov dedi ki, faktiki olaraq, Rusiyanın 102-ci bazasının əsgərlərinin Şirak vilayətinin Panik kəndində heç bir xəbərdarlıq etmədən təlimə başlaması sıradan məsələ deyil: “Bu, faktiki olaraq, Ermənistan siyasi-hərbi rəhbərlərinə bir növ xəbərdarlıqdır. Yəni ruslar ermənilərə demək istəyiblər ki, ”buranın ağası bizik. İstədiyimiz vaxt istədiyimiz hərəkəti edə bilərik. Geniş anlamda, özünüzü bir az yığışdırın". Özü də, diqqət etsəniz, bu hadisə baş nazir Nikol Paşinyanın NATO sammitinə səfərindən demək olar ki, dərhal sonra baş verdi. Ola bilsin ki, kimlərəsə bu bir qədər qəribə görünə bilər müqayisə baxımından. Amma bu “gözlənilməz təlimlərin” Brüssel səfəri ilə bağlılığı şübhəsizdir. Ümumi qaydaya əsasən isə rusların birbaşa borcu idi ki, onlar yerli icra strukturlarını məlumatlandırsınlar və keçirəcəkləri təlimlə bağlı müəyyən razılıq alsınlar. Bu isə edilməyib və faktiki, Ermənistanın üzünə bir növ tüpürülüb. İndi ruslar etdikləri qaba hərəkətə görə 2-3 nəfəri cəzalandırmaqla vəziyyətdən çıxmaq istəyirlər. Amma hadisə izsiz də ötüşməyək. Bu yekəxanalıq artıq ermənilərdə bir qıcıq yaradıb".

Bununla belə, Ü.Cəfərov hesab etmir ki, baş verənlər Rusiya-Ermənistan arasında 2049-cu ilə kimi bağlanmış müqaviləyə hər hansı ciddi təsir göstərəcək. Amma onun fikrincə, bunlar təsirsiz də ötüşməyəcək: “Baş verənlər şəxsən mənə bir mənəvi rahatlıq gətirir. Çünki əgər ermənilərdə bir balaca ağıl, düşüncə olsaydı, yəqin ki, onlar öz qonşuları ilə daha mehriban, sivil birgə yaşam yolu seçərdilər, nəinki ərazisində yekəxanalığa meylli qoşun birləşməsi saxlayaraq Permyakov, Avetisyan hadisələri kimi çox narahat hadisələri də yaşamazdılar. Hər halda, düşünmürəm ki, Ermənistan siyasi-hərbi rəhbərliyi baş verənləri belə sakitcə həzm edəcək. Bunlara da həyasız və hər şeydə maraq güdən erməni deyərlər”.(musavat.com)

XƏBƏR LENTİ