Ermənilər bizdən nə istəyir?

1 277 26-07-2018, 10:01 maraqli

Ermənilər bizdən nə istəyir?
Sülhməramlı fəaliyyət, ya da onun imitasiyası, Azərbaycanda az da olsa var. Düzdür, birtərəflidir, bizdən ora gedən yoxdur, oradan bizə gəlirlər. Gəlməsələr ondan yaxşıdır.

Bir sual məni hər zaman düşündürüb: bir erməni Bakıya gəlib, burada Ermənistan haqqında ağzına gələni deyirsə, onun üzünə gülən, komplimentlər deyən azərbaycanlılar öz saxtalıqlarından utanmırlarmı? Aydındır ki, belə bir adama heç kim hörmət etməz, eləsi ilə münasibət ancaq riyakarlıq üzərində qurula bilər. Bu cür münasibət də nəyə lazım, kimə faydası var?

Hər nə olursa olsun, adam öz ölkəsi ilə müharibə şəraitində olan bir düşmən ölkəyə (sən şəxsən düşmən saymasan, bir mələk qədər pasifist olsan belə), nifrət atmosferinin hökm sürdüyü belə bir vaxtda gəlib, bütün erməniləri təhqir edirsə, məsələn Vahe Avetyanın etdiyi kimi, bunun harası “sülhməramlı proses”dir? Vahe Avetyan Bakıya gələndə, facebookda yazmışdı ki, “Ey erməni xalqı, sənin qadınların Rusiyanın traslarında fahişəlik edir”. Sonra da erməni xalqı və qadınlarının ünvanına, ağzına gələni düzmüşdü profilinə.

Ermənistanda nifrət, Azərbaycanda isə ikrah qazanan bu şikəst adamı Bakıya gətirənlər, bir fikirləşmirdilər neynirlər? Yəni biz bu gündəyik ki, bizə informasiya müharibəsində Vahe Avetyan lazımdır? Axırı nə oldu? Adamın İsveçdə polisdən, məhkəmədən başı açılmırdı, daim sərxoş və anlaqsız vəziyyətdə videolar çəkir, hamını söyür, qarğıyır, hədələyirdi. Axırda isveçlilər təcrid elədilər, getdi çala-çala. Belə bir xəstə adamın tərifləri adama başucalığı yox, xəcalət gətirər. Deyəsən, bizimkilər handan-hana ayılıb, manısın ayağını kəsdilər Bakıdan.

Sonra biri də vardı - Martirosyan soyadlı. O da gəldi burda Ermənistanı ağ yuyub qara sərdi, yedi, içdi, gəzdi - sonra da Kiyevə qayıdıb, oradan Azərbaycanı söyməyə başladı. İndi bir adam lazımdır, çıxıb bizə izah eləsin - bu ermənilər Bakıya niyə gəlib-gedirlər və bunların bizə xeyri nədir? Həyasız, fırıldaq adamları gətirib, vətəndaşın vergi pulları ilə niyə yedirib içirdirsiniz?

Dövlət ermənilərin gəliş-gedişinə sanksiya verirsə (verdiyi aşkardır), onda qoy kənara çəkilib, sülhməramlılığı ictimai sektora (QHT və KİV-ə) həvalə etsin. Bunu istəmir və təhlükəli sayırsa, onda şübhəli reputasiyalı ermənilərin də Bakıya gəlişinə icazə verməsin. Adekvat ermənilərsə, Bakıya o zaman gələrlər ki, müstəqilliyindən əmin olduqları ekspertlər tərəfindən dəvət olunsunlar. Onlar gəlib erməni xalqını və qadınlarını təhqir etməyəcəklər - təmkinli, obyektiv, savadlı bəyanatlar verəcəklər.

Məsələn, deyəcəklər ki, “Biz, tarix və yaddaş əsarətində, intiqam hissi ilə yaşayan bir xalqıq. Heç uzaqgörən olmadıq. Azərbaycanlıları da qədimlik virusina yoluxdurduq. Azərbaycanlılarla rahat yaşayıb, bir yerdə maliyyə möcüzələri yaradardıq, regionda birlik olardı, sabitlik olardı, mədəniyyət olardı. Yetər bir-birimizin qanını tökdük, gəlin sərhədlərin tamamilə yox edilməsi haqda düşünək. Qoy olsun idealda, uzaq perspektivdə. Ən azından bir hədəfimiz olar. Razıyam ki, hər dəfə bir kompromis, razılıq işartısı görünəndə, biz ermənilər atmışıq zadniyə, bir hoqqa çıxarmışıq, irəli addımı əngəlləmişik. Hər zaman sizə yuxarıdan aşağı baxmışıq, özümüzü dartmışıq. Tarix imkan vermir ki, bu günün problemlərinə yönələk. Ermənilər Azərbaycanın mövcudluğu ilə barışa bilmirlər. Amma barışmaqdan başqa çarə yoxdur - Azərbaycan var, olacaq və biz onunla yola getməliyik. Qışqıra-qışqıra problem həll edilməz, gəlin sakitləşək, nifrət dilini yığışdıraq və yalnız bundan sonra Qarabağı danışaq. Elə bir yol tapılsın ki, hər iki tərəf də narazı qalsın. Kompromis başqa cür mümkün deyil. Bosniyadan İspaniyaya - Avropa qitəsi doludur həllini tapmış konflikt nümunələri ilə. Hamısı da bir-birindən fərqli və qəliz. Biz də öz yolumuzu tapaq, yoxsa hələ çox qanlar axacaq. Tarix əsarətindən çıxaq, sabaha baxaq” filan. Bax, bu olardı əsl sülhməramlı erməni.

Onsuz da ordu öz işində, siyasilər öz işində, camaat da öz işində-gücündə. Sülhməramlılıq - bir fəaliyyət kimi, heç vaxt kütləvi hal alan deyil, bu işlə hər zaman müəyyən adamlar məşğul olacaqlar.

XƏBƏR LENTİ