“Rusiyanın gözləntisi budur ki, Azərbaycan Avrasiya İttifaqı ilə Gömrük İttifaqına üzv olsun” –Sabiq dövlət müşaviri

860 6-08-2018, 13:55 siyaset

“Rusiyanın gözləntisi budur ki, Azərbaycan Avrasiya İttifaqı ilə Gömrük İttifaqına üzv olsun” –Sabiq dövlət müşaviriKeçmiş prezidenti Robert Köçəryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun həbsi Rusiya – Ermənistan münasibətlərini hiss ediləcək səviyyədə gərginləşdirib.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

Lakin Baş nazir Nikol Paşinyan Rusiyanın təzyiqlərindən sonra Xaçaturovu ev dustaqlığından azad etdiyini deyən politoloq vurğulayıb ki, bundan sonra Paşinyan onun Moskvaya getməsinə imkan yaratdı:

“Kreml Köçəryanın da azad edilməsi üçün təzyiqlər edir, amma Paşinyan 2008-ci ildə İrəvanda baş vermiş qırğınları araşdırmağa davam etməkdə israrlı görünür.

Qırğınlara başçılıq edən Köçəryan toplanılan materiallar və faktlar əsasında həbs edilib. Keçmiş prezident Serj Sərkisyan da bu proseslərin iştirakçılarından biridir. Çünki bu qırğınlar baş verəndə Köçəryanın prezidentlik müddəti başa çatırdı və Sərkisyan seçkilərdə qalib gəlmişdi.

Köçəryan həmin vaxt “Qarabağ klanı”nın ikinci namizədi olan Serj Sərkisyanın prezident seçilməsi üçün İrəvan sakinlərinə – yerli ermənilərə divan tutdu. Həmin cəza tədbirlərinə Yuri Xaçaturov başçılıq edirdi. Buna görə, Sərkisyan haqda da istintaq davam edir və o, müalicə almaq adı altında Ermənistandan Moskvaya gedib. Serj Sərkisyanın Kremlin dəhlizlərində müxtəlif qapılar açdığı və Yuri Xaçaturovun da buna görə azad edildiyi bildirilir.

Onun Köçəryan barədə ciddi işlər gördüyü məlumatları da bura daxildir. Görünən budur ki, Serj Sərkisyan Ermənistana qayıtmayacaq və istintaqa ifadə verməkdən yayınacaq”.

Bir neçə gün əvvəl Paşinyanın NATO-nun Brüssel sammitində iştirak etdiyini xatırladan Qabil Hüseynli qeyd edib ki, Ermənistanın baş naziri bundan əlavə erməni ordusunu NATO-nun Gürcüstan təlimlərində iştirak etməsi üçün ora göndərib:

“Paşinyan bundan əvvəl NATO-nun digər iki tədbirində də iştirak edib. Bu isə Rusiya tərəfindən narazılıqla qarşılanır. Mariya Zaxarova bəyanat yayaraq, buna etirazını bildirdi. Rusiya hesab edir ki, NATO-nun Rusiya yaxınlığında təlim keçməsi və bölgə dövlətlərinin bu təlimlərdə iştirakı qorxulu tendensiyadır. Görünən budur ki, Paşinyan və Moskva arasında ciddi problemlər yaranıb. Bu problemlər münasibətlərdə bütün istiqamətləri əhatə edir.

Paşinyanın anti-Rusiya addımlarına cavab olaraq, Moskva Ermənistana satdığı qazın qiymətini qaldırmaq fikrindədir. Digər yandan, Rusiya Ermənistana kreditlə ayırdığı silahların verilməsini dayandırıb. Bu fonda Moskva bəyan etdi ki, Azərbaycan Rusiyadan istədiyi silahı ala bilər. Bu onu göstərir ki, Rusiya Cənubi Qafqazda səsinin tonunu dəyişib və bu ton Ermənistana münasibətdə amiranədir. Rusiyanın Azərbaycan münasibətindəki dəyişikliyini də hiss etməmək mümkün deyil”.

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qarşıdakı həftələrdə Rusiyaya səfər edəcək və bu səfərdən böyük gözləntilər var: “Bu da Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Rusiyanın da Azərbaycandan gözləntisi budur ki, Avrasiya İttifaqı və Gömrük İttifaqına üzv olsun. Əlbəttə, Azərbaycan Qarabağ məsələsində haqlı tələbləri yerinə yetiriləcəyi halda, Rusiya ilə əməkdaşlığı daha yüksək səviyyə qaldırmaq haqqında fikirləşə bilər. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən keçir”.

XƏBƏR LENTİ