İran rialı kəskin ucuzlaşıb –Ruhani hökumətindən narazılıq artır

696 4-09-2018, 11:08 iqtisadiyyat

İran rialı kəskin ucuzlaşıb –Ruhani hökumətindən narazılıq artırİran rialı yenə də dollar qarşı rekord səviyyədə ucuzlaşıb. Son 3 gündə rialın açıq bazarda dəyərinin 15 faizini itirdiyi bildirilir. İranda məzənnəni izləyən Bonbast.com portalının məlumatına görə, sentyabrın 3-də axşam bir dollar 128 min 500 riala bərabər olub.

Birləşmiş Ştatlar İranla nüvə sazişindən çıxandan sonra sanksiyaları bərpa etməyə başlayıb. Bu, İranda iqtisadi çətinlikləri daha da dərinləşdirib. Son bir ildə rial 70 faiz dəyər itirib. Üstəlik qiymətlərin bahalanması son həftələr ölkədə küçə etirazlarına səbəb olub.

Sentyabrın 1-də Mərkəzi Bank rəhbəri Əbdülnasir Hemmati valyuta ehtiyatlarının ayrılmasına məhdudiyyətlərin sərtləşdiriləcəyini elan edib. Bunu iqtisadiyyat yazarı Maziar Motamedi deyir.

“Hemmati deyib ki, valyutanın hökumətin məzənnəsinə uyğun ayrılmasına ehtiyatla yanaşacaq. Bu da potensial valyuta qıtlığı deməkdir”, – Motamedi “Frans Pres” xəbər agentliyinə deyib.

Rialın ucuzlaşması ölkə iqtisadiyyatının zəifləməsi və iranlılar arasında dollar tələbatın kəskin artmasıyla bağlıdır.

Birləşmiş Ştatlar sanksiyaların bərpasına ötən ay başlayıb. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Sanksiyaların İrandan neft ixracını hədəfləyən ikinci raundunun noyabrın əvvəlində qüvvəyə minəcəyi gözlənir.

Prezident Həsən Ruhani hökumətindən narazılıq artıb. Ötən həftə deputatlar iqtisadi məsələlər və maliyyə nazirlərini işdən çıxarıb. İranda etirazlar hələ ötən dekabrdan başlanıb. 80-dən çox şəhərdə iğtişaşlarda 25 nəfərin öldüyü bildirilirdi. O vaxtdan yük maşını sürücüləri, fermerlər, tacirlər arasında təkəmseyrək etirazlar davam edir. (azadlıq.org)

XƏBƏR LENTİ