Hüquq müdafiəçilərindən xaricdən gələn yardımlarla bağlı şok açıqlamalar

866 8-09-2018, 10:04 gundem

Hüquq müdafiəçilərindən xaricdən gələn yardımlarla bağlı şok açıqlamalar“Ölkədə həm siyasi mühacir, həm də siyasi məhbus alveri gedir”
Azərbaycanda siyasi məhbuslara beynəlxalq qurumlar tərəfindən edilən maddi yardımların mənimsənildiyi barədə zaman-zaman iddialar səslənir. Siyasi məhbus ailələrinin də bununla bağlı etirazlarının şahidi az olmamışıq. Məhbus ailələrinə gələn yardımların ya tam olaraq, ya da böyük bir qisminin mənimsənildiyi hər zaman gedən müzakirələr sırasındadır.

Son olaraq, bu məsələ hüquq müdafiəçisi Samirə Ağayevanın “Amerikanın səsi”nə verdiyi müsahibədən sonra gündəmə gəlib. Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələrinə edilən yardımların əsas iştirakçılardan olan S.Ağayeva həmin ailələrin maddi durumlarının çox acınacaqlı olduğunu söyləyib.

Sitat: “Siyasi məhbus ailələrinin maddi və mənəvi durumu çox acınacaqlıdır. Əsasən də rayonlarda yaşayan ailələr çox ağır durumdadır. Çünki siyasi məhbusların qadınlarının çoxu işləmir, evdar qadınlardır, körpə uşaqları var. Bu səbəbdən onların maddi durumu çox çətindir. Siyasi məhbus ailələrinə yalnız ictimai aksiyalar çərçivəsində yardımlar edilir. Məsələn, hansısa bir kitab aksiyaları, ya da məktəbli uşaqlara yardım aksiyaları çərçivəsində yardım edilir. Hansısa QHT-lərin və başqa təşkilatların siyasi məhbus ailələrinə yardımı barədə mənim xəbərim yoxdur”.

Hüquq müdafiəçisi onu da qeyd edib ki, siyasi məhbuslar yalnız öz ailələrindən yardım alırlar. Onun məhz bu fikri daha çox diqqət çəkib. Buna səbəb də Azərbaycanda bir sıra təşkilatların siyasi məhbus siyahıları hazırlayıb, onların adlarına xarici təşkilatlardan yardımlar almalarıdır. O zaman bir sual meydana çıxır.

Siyasi məhbuslara edilən maddi yardımları kimlər “yeyir”?
Hüquq müdafiəçilərindən xaricdən gələn yardımlarla bağlı şok açıqlamalar
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, indiyə qədər heç bir fonddan bir qəpik də pul almayıblar: “Biz fondların pulları ilə heç kəsə yardım etməmişik. Bizim uşaqlardan da həbsdə olanlar olub. İmkanımız çatanda öz cibimizdən 5-10 manat onlara yardım edirdik. İndi də imkanımız olanda kiminsə ailəsinə köməklik göstəririk. Amma bilirik ki, 30-a yaxın fond bir neçə illərdir siyasi məhbusların ailələrinə, onların vəkillərinə pullar ayırıb. Getdikcə siyasi məhbus siyahıları genişlənir. Bu pullar kimə çatır, kimin əlində cəmləşir, bunu onların Allahı bilsin. Məhbus ailələrinə köməklik göstərdiklərini də eşitmişik. Amma bunun az və ya çox olduğunu bilmirik. Bu dəfə Strasburqda Emin Hüseynovla görüşəndə o dedi ki, siyasi məhbuslar üçün biz pullar göndəririk. Əgər onların Allahı varsa, siyasi məhbusun adına pullar alıb onu ailəsinə çatdırmayanlar vardırsa, Allah onların öz cəzalarını versin.

Bizə bir neçə dəfə bu işi təklif ediblər, amma əminliklə demişik ki, biz bu işlərlə məşğul olmayacağıq. Bu hökumətdən şəffaflıq tələb edən insanların özləri də şəffaf olmalıdır. Bunlara nə qədər pulun gəldiyini, hansı məhbusa nə qədər göndərildiyini açıqlamalıdırlar. Buna görə hökumət sizi həbsxanaya salası deyil ki? Bunlar hər şeyi gizlətdikləri üçün belə hallar yaranır. Bəlkə az pul göndərirlər, biz bilmirik axı. Heç kəsi suçlamaq olmaz. Əgər şəffaf olub desələr ki, bu qədər pul göndərilib, o zaman onları başa düşmək olar. Siyasi məhbus ailələrinin bundan şübhəli qalmalarına əsasları var”.
Hüquq müdafiəçilərindən xaricdən gələn yardımlarla bağlı şok açıqlamalar
Digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı siyasi məhbus siyahlarında yaranan problemlərin maddi yardım məsələsindən qaynaqlandığını düşünür: “Biri həbs edilən kimi onu dərhal siyasi məhbus adlandırmaq olmaz. Yerindən duran özünü hüquq müdafiəçisi adlandırır. Bu gün palaz-palaz siyasi məhbus siyahıları hazırlayanlardan kimlər bütün məhkəmələrdə iştirak ediblər, araşdırmalar aparıblar? Onların hazırladıqları siyahıları beynəlxalq təşkilatlar heç əvvəldən sona qədər də oxuya bilmirlər. Onlardan soruşsanız ki, bu siyahıları hansı kriteriyalar əsasında hazırlayıblar, inanın ki, cavab verə bilməyəcəklər. Çünki siyasi məhbusun hansı kriteriyalara cavab verməli olduğunu bilmirlər. Bu baxımdan belə problemlərin yaranmasının ilk səbəbkarları siyahı tərtib edənlərdir. Bu siyahılara düşənlərin günahı yoxdur. Burada hakimiyyətin də günahı az deyil. Çünki 2013-cü ilə qədər hüquq müdafiəçiləri siyasiləri müdafiə edə bilirdilər. Bu cür hallar da yoxdur. Lakin 5 il öncə QHT-lərə, hüquq müdafiəçilərinə qarşı başladılan təzyiqlərdən sonra bu cür hüquq müdafiəçiləri meydana çıxdılar, belə siyahılar hazırlamağa başladılar. Donor təşkilatlar da həmin vaxt ölkədən getdilər. Nəticədə siyasi məhbuslara ayrılan maddi yardımlar da dayandı. İndi isə bilinmir ki, bu yardımları kim alır, nə qədər alır, necə xərcləyir.

Bu yardımları ayıranlar siyasi məhbusların ailələri ilə də maraqlana bilmirlər ki, bu pullar çatıb, ya yox. Çünki onların fəaliyyətlərinə ölkədə qadağa qoyulub. Adlarını çəkmədiyim elə insanlar var ki, hazırladıqları hesabatlar insanı dəhşətə gətirir. Hətta siyasi mühacirlərlə bağlı belə pullar alınır. Bu şəxslər mühacir amilindən belə qazanc əldə etməyə çalışırlar. Təəssüf ki, bu gün hüquqları müdafiə edilməli olan insanların taleyi qeyri-şəffaf fəaliyyətlə məşğul olanların əlində qalıb. Partiyalar əməlli-başlı müdafiə qurmur, aradabir gedib məhkəmələrin qabağında şəkil çəkdirirlər.

Siyasi məhbuslar görməlidirlər ki, mənsub olduqları partiya və ya qurum onların ailələri, uşaqları ilə maraqlanır. Amma bunları görmürlər. Nə siyasi məhbusların müdafiəsi gördüyüm kimidir, nə də onlara ayrılan vəsaitlərin xərclənməsi gördüyüm kimidir. Sosial şəbəkələrdən tez-tez bununla bağlı xoşagəlməz halların şahidi oluram. Eyni zamanda Novella xanımın yanına gəlib öz şikayətlərini edən məhbus ailələri də var. Ayrılan pulların miqdarını heç kim bilmir. Amma hər kəs onu da bilir ki, pullar ayrılır, lakin çatdırılmır. Bu pulları kimin aldığı isə qaranlıq məsələ kimi qalmaqdadır. Hökumətin günahı ucbatından bu gün ölkədə həm siyasi mühacir, həm də siyasi məhbus alveri gedir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

XƏBƏR LENTİ