Qadın intim fotoları ilə onu şantaj edəni bağışladı: "Anam onun oğlunu yuxuda görüb"

647 19-09-2018, 12:52 kriminal

Qadın intim fotoları ilə onu şantaj edəni bağışladı: "Anam onun oğlunu yuxuda görüb"Bakıda tanış olduğu qadından hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Elçin Ismayılovun müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş qadın prokurorun istədiyi cəzaya münasibət bildirib. Məlum olub ki, zərərçəkmiş qadın ötən proseslərdə dediklərinin tam əksini deyir. Belə ki, əvvəlki proseslərdə zərərçəkmiş qadın şikayətçi olduğunu desə də, artıq Elvini bağışlayıb.

Qadın bu fikrə gəlməsinin səbəbi kimi anasının yuxu görməsini göstərib. O deyib ki, anası dünən axşam yuxuda Elvinin övladını görüb:

"Anam məni səhər yanına çağırdı. Dedi ki, yuxuda Elvinin oğlunu görmüşəm. Anam dedi ki, uşaq ondan atasını istəyib. Anam ibadət edən, namaz qılan insandır. Mən də bundan çox təsirləndim. Düzdür, bu günə qədər Elvinin məni şantaj etdiyini demişəm. Amma indi belə düşünmürəm. Ola bilsin ki, belə bir niyyəti olmayıb.

Mən onu bağışlayıram. Övladlarına görə, Allah xətrinə bağışlayıram. Mən indiyə qədər çox adama kömək etmişəm. Çünki ailəmdən, atamdan belə görmüşəm. Atam 5 il öz hesabına adamları həccə göndərib. Mən Elvinə də çox yaxşılıq etmişəm. Artıq bunlar geridə qaldı".

Amma zərərçəkmiş qadın yaşadıqlarını unutmadığını deyib: "Yəqin ki, hamınız Novruz bayramını qeyd etmisiniz. Amma mən həmin ərəfədə necə yaşadığımı, nə etdiyimi bilmirdim. Hər gün düşünürdüm ki, görüm bu gecə nə yazacaq, nələr deyəcək. Gecə klubuna gedirdim ki, fikrim dağılsın, yaşadıqlarımı unudum. Amma indi fikirləşirəm ki, Elvin heç vaxt yoldaşıma nəsə göstərə, deyə bilməzdi. Sadəcə, mən ona pis oldum ki, məhkəmədə tanıdığım Elvini görmədim. Olsun, bir anlıq səhv idi. Mən onu bağışlayıram. Sağ olsun dövlətimiz, şikayət etdim, məni tək qoymadılar".

Fikrinin sonunda zərərçəkmiş qadın məhkəmədən xahiş edib ki, Elvinə yüngül cəza verilsin. O, həmçinin qeyd edib ki, bundan sonra Elvinin məhkəmə xərclərini özü qarşılayacaq, onun azadlığa çıxması üçün əlindən gələni edəcək.

Prosesin davamında Elvinin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə prosesi sentyabrın 26-da davam etdiriləcək.

İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib) şantaj edərək pul tələb edib. O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra aralarında münasibət yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onun intim şəkillərini sosial şəbəkədə yayacağı, onu biabir edəcəyi ilə hədələyib. Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib.

Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib. Məlum olub ki, Elvin Ismayılov daha əvvəl də bir neçə dəfə Əfsanədən xəstə olması, pulu ehtiyacı olması yalanları ilə pul alıb.

İstintaq orqanı tərəfindən Elvin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qoru yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.(musavat.com)

XƏBƏR LENTİ