HÜSEYN CAVİD İNSAN HAQQINDA (1. yazı)

975 11-10-2018, 11:35 siyaset / gundem

HÜSEYN  CAVİD  İNSAN  HAQQINDA    (1. yazı)

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
f.ü.f. dok-oru, Qabaqcıl Maarif Xadimi.



Biz cəmiyyətdə yaşayırıq. Cəmiyyət isə fərdlərdən, ayrı-ayrı adamlardan təşəkkül tapır. Cəmiyyətdə baş verən hər bir hadisə - istər yaxşı, istər pis olsun, insanla və onun fəaliyyəti ilə bağlıdır.
Həyat dediyimiz məfhumun, anlamın da mərkəzində insan, onun fəaliyyətinin bütün cəhətləri, daxili və xarici aləmi və s. durur. Həyatın mənalı-mənasız, qiymətli-qiymətsiz, fərəhli və qəmli olması da məhz insanla bağlıdır.

İnsan elə bir qüdrətli varlıqdır ki, o, həm yaratmaq, həm məhv etmək, həm ağlatmaq, həm güldürmək, həm yaşatmaq, həm də öldürmək bacarığına malikdir. İnsan özü yaratmağa meyilli olduğu üçün həmişə yaxşı nəticə verə biləcək fəaliyyəti təqdir etmişdir. İnsan o şeyə “yaxşı” demişdir ki, o, insanın həyatına, inkişafına təkan vermiş olsun, kömək etsin, onun ahəngdar inkişafını təmin etsin, onu razı salsin. Həmin “yaxşı” anlamı həm də insanın özünə, öz fəaliyyətinə aiddir.
Əlbəttə, insan dünyaya gələndə “yaxşı” və “pis” adı ilə doğulmur. Bu adlar, bu keyfiyyətlər ona inkişafın müəyyən mərhələsində göstərdiyi fəaliyyət əsasında verilir. Həmin mərhələ insanın gələcək bütün fəaliyyətini müəyyən edən meyar rolunu oynayır.
İnsan problemi, deyildiyi kimi, Azərbaycan demokratik fikrinin nümayəndələrini dərindən məşğul etmişdir. Çünki bu problem ümumbəşəri mahiyyət daşımış və dünyanın bütün mütərəqqi fikirli şəxsiyyətlərinin diqqət mərkəzində durmuşdur. O cümlədən görkəmli mütəfəkkir, şair-filosof Hüseyn Cavid də, yeri gəldikcə, insan haqqında öz fikir və mülahizələrini söyləmişdir.
Hüseyn Cavid sosial həyatda baş verən hadisələrə laqeyd qalan, əhatəsində yaşadığı mühitə biganə olan, cərəyan edən vaqiələrin axarından kənarda duran adamlardan deyildi. Cavidin həyatı keşməkeşli və ziddiyyətli olmuşdur. Ədalətsizlik, haqsızlıq və zorakılıq dünyasında heç bir xoş gün görməmiş, haqqın, ədalətin səsini eşitməmişdir. Dünyanı dərk etməyə başladığı andan, ağlı kəsdiyi gündən yalanla, hiylə ilə, böhtan və iftiralarla, paxıllıq və ədavətlə üz-üzə gəlmiş, bunların hamısını da onu əhatə edən özü kimi insanlardan görmüşdür. Bu zaman Cavid sarsılmış, həyatın mənasız olduğunu düşünmüş, onda insanlara qarşı nifrət, ikrah hissi oyanmışdır. Caviddə belə bir inam, əqidə yaranmışdır ki, bütün insanlar eyni xarakterə malikdirlər, eyni məqsəd güdürlər, hamıya eyni meyarla yanaşır, eyni gözlə baxırlar.
HÜSEYN  CAVİD  İNSAN  HAQQINDA    (1. yazı)
Lakin sonralar rast gəldiyi, görüşdüyü, qonuşduğu, əlaqə və ünsiyyət saxladığı yaxşı adamlar onun əvvəlki düşüncələrini alt-üst etmiş, şahidi olduğu hadisələrin təhlili üzərində çalışmış, insanlar haqqında müəyyən nəticələr çıxarmağa səy göstərmişdir.
Hüseyn Cavid müxtəlif xasiyyətli, müxtəlif əqidəli, müxtəlif məsləkli adamların mövcudluğunu uşaqların tərbiyəsi zamanı yol verilmiş nöqsanlarda görürdü. O da insan kimi qiymətli bir varlığın gələcək üçün hazırlanmasında tərbiyəni ən güclü bir vasitə hesab edirdi. Göstərirdi ki, “fənni-tərbiyənin insanları bəxtiyar edəcəyi, parlaq və məsud bir həyata nail eyləyəcəyi hər kəsə müsəlləm bir həqiqət olsa gərək”.
Hüseyn Cavidə görə, insana vacib olan tərbiyənin üç növü var: 1.Ailə tərbiyəsi, 2.Məktəb tərbiyəsi, 3,Tərbiyeyi-ümumi. O, kamil insan yetişdirilməsində ailə tərbiyəsinə xüsusi yer berir. Qeyd edir ki, ailə tərbiyəsi, səhhəti-bədən və vücud sağlamlığı həyati-bəşəriyyənin ən mühüm əsasını təşkil edir.
Cavidə görə, o insan həqiqi hörmətə layiqdir ki, o, vətənə, millətə, onun gələcək inkişafına, tərəqqisinə çalışsın. Belə insanı yetişdirmək, ilk növbədə, anaların vəzifəsidir. Anadan məhrum olan, ana tərbiyəsindən uzaq düşən bugünkü məsum körpələrdən vətənin tərəqqi və səadətini gözləyə bilmərik. O adamlar bizim böyük arzularımızı həyata keçirə bilərlər ki, onların ilk tərbiyəsi ilə ana məşğul olmuş olsun.
“ Vətəni, vətənin qiymət və əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəkləyə bilərik? Beli bükülmüş, ətəh və ətalətə uğramış ixtiyarlardanmı? Bir para biqeyd, laübali gənclərdənmi? Yaxud saf, təmiz, məsum, ləkəsiz növzadlardanmı? Şübhəsiz ki, vətənə, millətə, millətin gələcəyinə ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında çırpınan məsumlar ola bilər”.
İnsan tərbiyəsində anaların rolunu yüksək qiymətləndirən şair, birinci növbədə, anaların özlərini tərbiyələndirməyi, tərbiyəli validələr yetişdirməyi vacib sayır. Cavid qətiyyətlə bildirir ki, mənəviyyatca nurlu, ideyaca sağlam, tərəqqipərvər gənclərin hazırlanmasında ən yeganə vasitə, ən uğurlu və faydalı yol qadın və qız məktəbləridir. Yalnız bu məktəblər vasitəsilə tərbiyəçi analar, validələr hazırlamaq mümkündür. Bütün səylər, qüvvələr tərbiyəli validələrın yetişdirilməsinə yönəlməlidir.
Hüseyn Cavid tərbiyə ilə əlaqədqr olaraq yazır:” Çocuqlara hər kim olsa, dərs verər, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verər. Çocuğun birinci mürəbbisi validədir, zamani-səbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək olur ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük təsiri vardır. Bunun üçün hər şeydən ziyadə qadınların tərbiyəsinə etina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir”.
İnsan həyatının, mənəviyyatının təməl daşı, bünövrəsi ailədə qoyulur. Gələcək həyatın uğurlu və ya uğursuz , mənalı və ya mənasız , düzgün və ya əyri olacağı ilk təməl daşından -- tərbiyədən asılıdır. Əgər tərbiyəçinin özü kamil bir insan kimi formalaşıbsa, onun tərbiyə etdiyi gənc nəsil də ondan mənəvi qida alacaq, öz tərbiyəçisini əvəz edəcəkdir. Vətənə, xalqa məhəbbət, onun hər qarış
torpağını, hər bir ağacını, kolunu, bitkisini, suyunun hər bir damlasını qəlbən sevmək, onları göz bəbəyi kimi qorumaq, yolunda öz canını fəda etmək kimi keyfiyyətlər insana hələ körpə ikən aşılanır, təlqin edilir. Əgər valideynlər özləri belə yüksək keyfiyyətlərə malikdirlərsə, onda bunlar ananın südü və qanı ilə körpəyə keçəcək, həmin körpə gələcəkdə milləti üçün, xalqı üçün çox qiymətli bir insan kimi yetiçəcəkjdir. Əgər tərbiyəçinin, valideynin özü hələ nöqsanlıdırsa, rəftar və münasibətində kobuddursa, onun tərbiyəsindən heç şey gözləmək olmaz.
Hüseyn Cavid bu münasibətlə yazır: “Bir ana oğluna “yavrum! Quzum! Get qardaşını çağır da , gəlsin,yeməyini yesin” deyəcəyi yerdə, partdamış, gəbərmiş! Get o qan qusmuş çənənbərə de gəlsin,zəhrimarını zokkumlasın” deyir. İndi boylə vəhşi, cahilanə bir həyatdan ölçü-biçisi olmayan bir mühitdən , pözuq, uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilər? Təbii, heç..”
Müəllif göstərir ki, təlim və tərbiyənin müvəffəqiyyəti, qələbəsi həm tərbiyəçinin, həm tərbiyə olunanın səyindən, qeyrətindən, çalışqanlığından asılıdır. Qızını, oğlunu tərbiyə etməkdə müsamihə göstərən valideyn qanun və əxlaq nəzərində şiddətlə məsul tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə üçün müzürr bir adam hazırlamış olurlar. Xeyirsiz, xain, ədəbsiz övlad yetişdirib onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq üçün bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar. Boylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məsul olacağı , nə müdhiş cinayət işlədiyi hər kəsə məlum, aydın bir həqiqətdir.”
Hüseyn Cavid ömrü boyu belə adamlarla üz-üzə gəlmiş, müxtəlif yığıncaqlarda, toy şənliklərimndə, yas mərasimlərində qarşılaşmış, onların boğazdan yuxarı deyilmiş nitq və çıxışlarını dinləmiş, dövlət idarə və müəssisələrində yuxarıların əmrini robot kimi hissiz, duyğusuz icra etdiklərini görmüş, həyat şöləsi sönmüş gözlərini döyə-döyə adamlara baxdığının, millətə, xalqa ancaq zərər, nöqsan gətirdiyinin şahidi olmuşdur. Buna görə də şair vətənin təəssübünü çəkənlərə, onun tərəqqisinə çalışanlara üz tutaraq, onları gənc nəslin tərbiyəsinə böyük məsuliyyət hissi ilə yanaşmağa çağırır.
Valideynlərə xəbərdarlıq edib bildirir ki, əgər onlar vaxtında övladlarının təlim, tərbiyəsi ilə məşğul olmasalar, onların hər cür hərəkətlərinə biganə qalsalar, yaxşı və pis əməllərinə görə vaxtında layiqli tənbeh etməsələr, sonrakı peşmançılıq fayda verməyəcək, cəmiyyətin məzəmməti, lənət və nifrətini qazanacaqlar. “ Çocuqlar məsumdurlar, onunçün etdikləri işlərin heç birindən məsul deyirdirlər. Onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-analardır. Bu gün azacıq təbiətə qarşı durub övladını tərbiyədən məhrum buraxanlar, yarınkı gün cigərguşələrinin zillət, fəlakət odunda yanıb-qovrulduqlarını ağlaya-ağlaya seyr edəcəklər”.
Hüseyn Cavid insan həyatında tərbiyənin rolunu daha aydın, daha dəqiq göstərmək üçün məşhur filosofların tərbiyə ilə əlaqədar kəlamlarını sitat gətirir. Müəllif yazır:” Alman hükəmasından filosof Kant deyir: Tərbiyə təbiəti-bəşəriyyətin bütün qabiliyyətlərini müntəzəm və mütənasibən nəşvü nüma etdirməli və bütün insanları qayeyi-müqəddərinə isal eləməlidir”
Deməli, insanın bütün qabiliyyətlərinin müntəzəm və mütənasib şəkildə aşkara çıxarılmasının müəyyən edilmiş, nəzərdə tutulmuş məqsədinə çatması işində tərbiyə mühüm vasitədir. Düzgün qurulmamış tərbiyə sistemi və ya tərbiyənin olmaması şəxsiyyətin bir insan kimi formalaşmasına əks təsir göstərir, onun bu və ya digər cəhətdən naqis olmasına gətirib çıxarır.
Şəxsiyyət elə tərbiyə olunmalıdır, elə yetişdirilməlidir ki, o, cəmiyyət üçün faydalı, gərəkli olsun. Elə insan dediyimiz varlığın əlamətlərindən biri və başlıcası cəmiyyət üçün lazımlı olmasıdır. Cəmiyyətə, xalqa, vətənə fayda verməyən – onu içərisindən parçalayıb yeyən, dağıdan qurda çevrilir.Hüseyn Cavid bu fikrini də məşhur ingilis filosofu C.Lokkdan gətirdiyi misalla təsdiqləyir:” Tərbiyə insanları fəzilətli, cəmiyyətə faydalı və öz məsləklərində məharətli bir hala gətirmək üçün ən qolay və qısa olan bir üsuldur”.
Ədib dönə-dönə qeyd edir ki, tərbiyənin səmərəli, faydalı olması, ondan gözlənilən nəticənin alınması, hər şeydən əvvəl, tərbiyəçinin, müəllimin, valideynin dünyagörüşünün inkişafından, elmi səviyyəsindən, həyat təcrübəsindən, təşəbbüskarlığından, həyata, cəmiyyətə baxışının mövqeyindən və sairədən asılıdır.
Hüseyn Cavid yazır: “ Lakin tərbiyənin yaxşı bir nəticəyə vasil olması mürəbbiyələrin, müəllim əfəndilərin səviyyeyi-irfanına, təşəbbüsat ciddiyyəsinə bağlıdır. Onun üçün müəllim “elmi-həyat”, “elmi-ruh”, “elmi-əxlaq” kimi tərbiyə xüsusunda lazım olan şərtlərə vaqif olmalıdır. Kamilən olmasa da, bunları səthi surətdə bilməsi faydadan xali deyildir”.
Cəmiyyətin gələcəyi həm fiziki, həm də mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsini tələb edir. Çünki “sağlam bədəndə sağlam ruh olar” demişlər. Cavid əfəndinin rast gəldiyi, tanıdığı, cəmiyyəti idarə edən, xalqın taleyini düşünməli və həll etməli olan adamlar nankor, xudpəsənd, vəzifə və mənsəb düşkünü idilər. Onlardan milli qeyrət, milli mənlik hissi gözləmək faydasız idi. İçərisindən çıxdıqları, əhatəsində yaşadıqları xalqın taleyinə biganə qalan, onun müqəddəratı ilə maraqlanmayan, hətta, özünün hansı millətə, hansı xalqa mənsub olduğunu bilməyən belə insanların taleyinə şair acıyır, bunun səbəbini axtarıb tapmaq istəyir.
Nəhayət, bütün bunların səbəbini yenə də tərbiyə sisteminin düzgün qurulmamasında görür. Ona görə də istər ailədə, istərsə də məktəbdə aprılan tərbiyə işlərinin müxtəlifliyini, rəngarəngliyini təqdim edir, tərbiyənin yekrəng olmasını rədd edir. Şair göstərir ki, məktəbdə nə qədər uşaq varsa, o qədər də xarakter var. Hər bir uşağın zahiri görünüşü müxtəlif olduğu kimi, onun daxili, mənəvi aləmi də müxtəlifdir. Tərbiyəçi bu müxtəlifliyi duymalı, hər bir uşağa fərdi yanaşmağı, onunla dil tapmağı bacarmalıdır. Müəllimin, valideynin həm də xüsusi bacarığı, istedadı olmalıdır ki, məqsədinə nail ola bilsin. Hüseyn Cavid bu münasibətlə yazır:” Bir məktəb otağına girilsə, orada olan şagirdlərin çöhrə fizyanomiyələrinə diqqət edilsə, bir-birinə bənzəmədikləri dərhal gözə ilişər, çöhrələri müxtəlif olduğu kimi, əxlaq və təbiətləri də müxtəlif olacağı şübhəsizdir.
Bəzi çocuqlar inadcıl, söyüşən, bəziləri həlim, dalğın, kimisi avara, yaramaz, kimisi də çin fikirli və zərif olur. Onların təbiətlərində bu ixtilal olduğu halda, bəzi vaxtda birdən-birə bu əxlaqlar dəyişməyə üz tutur, biri inadcıl ikən yumşaq, biri miskin ikən zəki və fəal olur. Bu səbəbə görə yekrəng bir tərbiyə daima mənfəət yerinə zərər verir. Bir müəllim elmi-ruh yardımı ilə bu müxtəlif təbiətlərin cərəyanını nəzəri-diqqətə almalıdır ki, çəkdiyi zəhmətlər hədər olmasın. Bir müəllim bir artist qədər ruh-aşina və təbiətşünas olmalıdır”.


Xeberdar.net

XƏBƏR LENTİ