Bildiyimiz kimi iki gün öncə Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə bir şagirdin sinifə bibər qazı buraxması doqquz şagirdin zəhərlənməsinə səbəb oldu. Məsələylə bağlı hüquq-mühafizə orqanları da araşdırma aparır. Amma hələ də cəmiyyətimizdə altıncı sinif şagirdinin bibər qazını necə əldə etməsi müzakirələrə səbəb olub. Bununla bağlı məsələyə ekspertlərin də fikrini öyrəndik.
Tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov Moderator.az-açıqlamasında bildirdi ki, bir məktəblinin səhvini bu qədər müzakirə etməyə ehtiyac yox idi, bu gün müzakirə olunası daha ciddi problemlərimiz var:
“Bu hadisəyə bu qədər fikir verib hay-küy qoparmağın heç bir əhəmiyyəti yoxdur. Bir uşaq ağlının kəsərinə və düşüncəsinə görə bir yalnış addım atıb. Bu gərək heç cəmiyyətə təsir etməyəydi. Məsələn, Qarabağ kimi bir problemimizin yanında, bu hadisə heç nədir. Amma görün cəmiyyət nəyi qoyub, nəyi axtarır. Hadisəyə bu qədər reaksiya verən kütləvi informasiya vasitələrinin görünür mövzu qıtlığı var. Bu gün müzakirə olunası çox ciddi məsələlər var. Mən indi bir yazı üzərində işləyirəm, bizim Stalinin dövründə on altı nəfər akademikimiz olub və on altısı da məşhurdu. İndi iki yüz akademikimiz var, amma heç biri məşhur deyil. Getsinlər bunu müzakirə etsinlər”.
Hüquqşunas Ələsgər Məmmədli Moderator.az-a açıqlamasında bildirdi ki, bu gün bibər qazlarının satışını həyata keçirən adamların fəaliyyəti yoxlanılmalıdır:
“Bibər qazlarının fərdi müdafiə üçün satışa açıq olanları da olur. Bu əgər satılırsa və bunu vətəndaş alıbsa, bunun satışı qadağandırsa, bəs niyə satılır? İkincisi ölkəyə girişi qadağandırsa, bu, ölkəyə necə gətirilib. Yəni burda təkcə istifadəçini günahlandırmaq düzgün deyil. Bibər qazlarının satışını həyata keçirən adamların fəaliyyəti araşdırılmalıdır. Bu gün Azərbaycanda silahların satışı qadağandır, amma kimlərsə qanunsuz yollarla bunu əldə edib hətta cinayət də törədirlər. Məsələ bu qanunsuz yollar ifadəsinin altına girilməməsindədir. O qanunsuz yolları bir çox hallarda qanuni mənbələr qanunsuz formaya gətirir, yəni ölkənin hər bir tərəfində gömrük məntəqəsi var. Amma bu gün bunlar ölkəyə daxil olur və burda hansısa bazar formalaşırsa, birinci növbədə bunun qanunsuz dövriyyəsinə nəzarət edənlər bir formada buna göz yumurlar. Nəticədə ortada fakt var ki, bu var və sonuncu adama gəlib çatıb. Daha çox bu fakt araşdırılmalıdır ki, belə hadisələr baş verməsin”.
Vasif Əlihüseyn