Gündüzlər iqtidarçılıq, gecələr müxalifətçilik edənlər…

645 18-10-2018, 10:30 siyaset

Gündüzlər iqtidarçılıq, gecələr müxalifətçilik edənlər…Eldar SABİROĞLU

Özünütərif olmasın, mənim bir məşhur sözüm vardı. Təxminən 25 il əvvəl deməyimə baxmayaraq, bu gün də öz aktuallığını saxlayır.

“Gündüzlər iqtidarçılıq, gecələr müxalifətçilik edənlər”in olduğunu Milli Məclisin gərgin keçən iclaslarının birində səsləndirmişdim.

Geniş əks-doğurdu. Görüşlər gizli aparılırdı. Bir ehtiyatlılıq vardı. Lakin əlaqələrin özbaşına və ya sanksiya altında keçirıldiyindən xəbərsiz idim. Sonralar pərdələr götürüldü və müxalifət iqtidarla əməkdaşlığın müasir prinsiplərini əsas tutaraq, münasibətlərin şəffaf istiqamətini seçdi. Qarşılıqlı razılıq əsasında hər şey açıq müstəviyə keçdi. Və çox böyük məmnunluqla prezident qarşısında dayanaraq dövlət mükafatlarını əldə etdilər.

Bu səhnəni seyr etməyə ürək lazım idi. Bunlar o adamlar idi ki, Heydər Əliyevin və İlham Əliyevin ünvanına ən tərbiyəsiz ifadələri dilə gətirmişdilər. Onlar təslim oldular, prezident İlham Əliyev isə bağışlamağı bacardı.

O, həqiqətən qalib gəlmişdi. İqtidar olaraq onların əlindəki silahı alaraq sıra növbəsinə məcbur etdi. Artıq gundüzlər iqtidarçılıq, gecələr müxalifətçilik və yaxud əksinə fəaliyyətin əhəmiyyəti qalmamışdı.

… Milli Məclisdə çıxışımı bitirər-bitərməz rəhmətlik Səfiyar Musayev gülə-gülə dodaqları altında deyirdi: Üçü mənim yanımdadır. Barmağı ilə Etibar Məmmədovu, Nazim İmanovu və rəhmətlik Şadman Hüseynovu göstərərək , “bunları keçirmişəm artıq bu tərəfə” – pıçıldadı. “Nikolayın qaradovoyları kimi qarşımda dik dururlar. Sən Kərim Kərimovdan muğayat ol, ondan gözüm su içmir, Sabiroğlu” – əlavə etdi.

Onlar bir sırada otururdular. Musayev ən çətin vəziyyətlərdə belə zarafatından qalmazdı…

Lakin mənim dediklərimdə zarafat yox idi. Bəzi dövlət məmurları, hətta indiki deputatlardan da bir neçəsi daxil olmaqla, gecələr müxalifət-iqtidar nümayəndələri ilə restoranlarda dup deyənəcən vurar və maraq dairələrində olan məsələlər barədə müzakirələr aparardılar.

Heydər Əliyevdən başqa (nə var, gərək düzünü deyəsən) iqtidarda xoşlamadıqları adamlar haqda müxalifət qəzetlərində serial yazılar çap etdirirdilər. Daha dərk etmirdilər ki, bu cür nadan hərəkətlər son hesabda özlərinin də təmsil olunduqları iqtidara ağır zərbələr endirir. Onsuz hakimiyyət tam monolit deyildi. Qrup davaları, mənsəb və rəyasət dartışmaları idarəetmənin önünə ağır daşları dığırlatmaqdan usanmırdı.

Azərbaycanı o zaman bu cətin və mürəkkəb vəziyyətdən Heydər Əliyevin qorxusu və bənzərsiz şəxsiyyəti xilas etdi. Əks-təqdirdə cərəyan edən proseslər ölkənin qaranlıq təhlükələrlə üzləşəcəyini qaçılmaz edə bilərdi ki, sonra onun ayağa qalxması üçün hər hansı səy belə nəticə verməzdi.

Tanıdığımız müxalifətlə iqtidarın əməkdaşlığının nə qədər sürəcəyini kimsə dəqiq deyə bilməz. Amma bu sətirləri yaza-yaza beynimdən bu fikirlər keçirdi: Elə olaydı ki, hakimiyyət gedəydi və bir həftədən sonra təzədən qayıdıb “dostlarının” vəfasını yoxlamış olaydı…

Hakimiyyətin uzun ömürlülüyünə yalnız qanunlar təminat verə bilər. Qalan şeylər müvəqqətidir…

XƏBƏR LENTİ