Araşdırmaçı jurnalistlərin ölümünə səbəb olan çirkli pullar...

729 18-10-2018, 11:38 gundem

Korrupsiyadan yazmaq hər yerdə təhlükəlidir; ABŞ mətbuat nümayəndələrinin öldürüldüyü ölkələr sırasındadır
Araşdırmaçı jurnalistlərin ölümünə səbəb olan çirkli pullar...

Jurnalistika dünyada ən təhlükəli peşələrdən biridir. Hər il müxtəlif ölkələrdə onlarla jurnalist qətlə yetirilir, yaxud həbs olunur. 2017-ci ildə dünyada 42 jurnalist öldürülüb, 262-si isə həbs edilib. 2018-ci ilin doqquz ayında isə peşə fəaliyyəti ilə bağlı dünyada 56 jurnalist qətlə yetirilib. Bu, 2017-ci ilin on iki ayından da çoxdur.

“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının məlumatına görə, öldürülən jurnalistlərin yarısından çoxu hərbi münaqişə zonalarında qətlə yetirilib. Ən çox mətbuat nümayəndəsi Əfqanıstanda (13), ABŞ və Meksikada (hər birində 6 nəfər) həyatını itirib. Mərkəzi Afrika Respublikasında isə üç rusiyalı jurnalist - Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko qətlə yetirilib.

Bundan başqa, 2018-ci ilin doqquz ayı ərzində vətəndaş jurnalistikasının 10 təmsilçisi və 4 jurnalist köməkçisi də həlak olub.

Jurnalistlərin hərbi münaqişə gedən ərazilərdə öldürülməsi, bir növ, təbii qarşılanır. Lakin bu çətin peşənin hərbi reportyorluğu qədər ağır olan digər sahəsi də var - araşdırmaçı jurnalistika. Son illərdə jurnalistikanın bu qanadı daha çox inkişaf edib desək, yəqin ki, səhv etmərik. Bunu bütün dünyada korrupsiya və çirkli pullarla mübarizənin güclənməsinin nəticəsi sayanlar da var, əksinə, beynəlxalq səviyyədə araşdırmaçı jurnalistlərin ortaya çıxardığı faktların bu mübarizəni aktuallaşdırdığını deyənlər də. Səbəbi nə olsa da, inkişafda olan araşdırmaçı jurnalistikanın demokratiyanın oturuşduğu Avropada belə həyatı xoş keçmir. Ümumiyyətlə, dünyanın heç bir ölkəsində araşdırma ilə məşğul olan jurnalistlər yerli hakimiyyət və hüquq-mühafizə orqanları, biznesmenlər və siyasətçilərlə yaxşı münasibətlərdə olmur. Lakin son bir il ərzində jurnalistlərin məhz araşdırdıqları mövzulara görə öldürülməsi halları Avropada da narahatlıq doğuracaq həddə gəlib çatıb.

Ötən ilin oktyabrında Maltada araşdırmaçı-jurnalist Dafna Qalisiya öldürülüb. Onun avtomobili evinin yaxınlığında partladıldı. Dafna Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun üzvü idi, kifayət qədər təhlükəli mövzularda araşdırmalar aparırdı. Bunların arasında yüksək vəzifəli Malta məmurlarına bağlı ofşor şirkətləri, investisiya müqabilində verilən “qızıl viza” - Malta pasportu məsələsi, ən nəhayət isə Liviyadan olan ticarətçilərin və Siciliya mafiyasının həyata keçirdiyi qanunsuz yanacaq ticarəti var idi.

Dafnanı “WikiLeaks-qadın” adlandırırdılar. Onun bloqunun 400 min izləyicisi vardı - Malta əhalisinin sayı isə cəmi 420 min nəfərdir.

Dafnanın ölümündən sonra 15 ölkənin jurnalistləri onun adına araşdırmalarını davam etdirmək üçün xüsusi layihə yaratdılar. Ötən ilin sonlarında Malta polisi ölüm işinə aidiyyəti olan 10 nəfəri həbs etsə də, Dafnanın ailəsi bildirdi ki, tutulanlar arasında onun araşdırmalarında adları keçən bir nəfər belə yoxdur: “Cinayətin mümkün iştirakçılarının hamısı siyasi müdafiə altındadır və məsuliyyətdən yayındırılmaqda davam edilir”.

Bu ilin fevralında Slovakiyada araşdırmaçı-jurnalist Yan Kusiyak öz nişanlısı ilə birlikdə öldürülüb. Mayda evlənməyə hazırlaşan cütlüyü Yanın Velka-Maka şəhərindəki evində güllələmişdilər.

Beynəlxalq Korrupsiya və Mütəşəkkl Cinayətkarlığın Araşdırılması Mərkəzinin (OCCRP) üzvü olan Yan nüfuzlu slovak siyasətçiləri və İtaliyadakı cinayət qruplaşması olan “Ndrangeta” ilə bağlı olan biznesmenlərin işini araşdırırdı. Yan Bratislavadakı dəbdəbəli yaşayış kompleksinə bağlı vergidənyayınma faktının araşdırılması ilə məşhurlaşmışdı. Bu araşdırma kütləvi etirazların başlanmasına, hətta tikintini aparanlarla işgüzar əlaqələrinə görə Slovakiyanın daxili işlər nazirinin istefasına səbəb oldu. Yan həmçinin İtalyan mafiyasının baş nazir Robert Fitsonun köməkçiləri ilə əlaqələrini araşdırırdı. Bu əlaqələr hesabına İtaliya mafiyası Slovakiya hökumətinə və dövlət əhəmiyyətli məlumatlara çıxış əldə edirdi.

Onun öldürülməsi kütləvi etirazlara və hökumətin istefasına səbəb oldu. Yanın ölümünün araşdırılması bir sıra qəribə hadisələrlə müşayiət olundu. Belə ki, onun OCCRP-dəki həmkarı, çex jurnalisti Pavla Xoltsovanı Slovakiya polisinə “dostyana” söhbətə dəvət etdilər. Polisdə onu yüksək məbləğdə cərimə ilə hədələyərək yazışma və kontaktlarına baxmaq üçün telefonunu götürdülər. Bu hadisə OCCRP, Beynəlxalq Mətbuat İnstitutu və bir çox Avropa siyasətçiləri tərəfindən kəskin tənqid olundu.

Sentyabrın 27-də polis Kusiyakı öldürməkdə şübhəli bilinən şəxsləri həbs etdiyini bildirdi.


Bu yaxınlarda isə Bolqarıstanda Viktoriya Marinova adlı jurnalisti qətlə yetirdilər - o, soyulmuş və zorlanmışdı. Rusa şəhərinin telekanalında aparıcı işləyən Viktoriyanın ölümündən az əvvəl müəllif verilişi olan “Detektor”un ilk buraxılışı efirə verilmiş və çox böyük rezonansa səbəb olmuşdu. Proqramda əsas müzakirələr Bolqarıstanda yerli hakimiyyətin yardımı ilə qanunsuz sifarişlər alan dəmiryol şirkəti ətrafında aparılmışdı. Verilişə OCCRP-nin iki araşdırmaçı-jurnalist üzvü - bolqar Dimirti Stoyanov və rumın Atilla Biro dəvət olunmuşdu. D.Stoyanov WikiLeaks-lə əməkdaşlıq edir. Onlar Bolqarıstanda Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihələrdəki böyük korrupsiya əməlləri barədə məlumatlar verdilər. Sentyabrda hər iki jurnalisti bolqar polisi fiziki sor tətbiq etməklə həbs etmişdi. Polis onları infrastruktur layihələri üçün Avropa Birliyindən pul alan şirkətlərdən birinin məhv edilən sənədləri ilə maraqlandıqlarına görə silahla hədələmişdi.

Vikrotiyanın ölümü də Avropa Birliyi rəsmilərinin kəskin etirazları və hadisənin tezliklə araşdırılması çağırışlarına səbəb olub. Lakin əvvəlki hadisələr də göstərir ki, belə çağırışlar heç də qətl işinin obyektiv araşdırılması demək deyil. Araşdırma ilə məşğul olan jurnalistlərin bu qətllərdən çəkinərək peşə fəaliyyətlərinə ara verdiklərini, yaxud fəaliyyət istiqamətini dəyişdiklərini söyləmək mümkün deyil...(musavat.com)

XƏBƏR LENTİ