Gürcüstanda seçki bitdi, səslər sayılmamış təbriklər gəldi, Saakaşvili və keçmiş spiker çoşdu:"Asanlıqla təslim olmayacağıq...”

864 28-10-2018, 23:16 dunya

Gürcüstanda seçki bitdi, səslər sayılmamış təbriklər gəldi, Saakaşvili və keçmiş spiker çoşdu:"Asanlıqla təslim olmayacağıq...”Bu gün Gürcüstanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Strateq.az Gürcüstan mətbuatına istinadən bildirir ki, MSK seçkidə 46,74 faiz seçicinin iştirak etdiyini açıqlayıb.

Lakin səsvermənin nəticələri tam sayılıb, rəsmən açıqlanmamış artıq tərəflərin qarşıdurması başlayıb.

Belə ki, parlamentinin spikeri İrakli Kobaxidze, Tiflis meri, “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze və digər rəsmilər hakim partiyanın dəstəklədiyi namizəd Salome Zurabişvilini qələbə münasibəti ilə təbrik edib.

Bu təbriklər isə müxalif namizədlər və onların tərəfdarlarını bərk qəzəbləndirib.

Gürcüstanın sabiq prezident Saakaşvili də bu təbriklərdən sonra sərt bəyanatla çıxış edib.

Sabiq prezident Saakşvili partiyasının dəstəklədiyi keçmiş xarici işlər naziri Qriqol Vaşadzenin qalib gəldiyinə inandığını desə də, qarşıdurma olmamaq üçün tərəfdarlarına səslənib: “Təxribatlara getməyin. Biz ikinci tura qarşıdurmasız getməyə hazırıq. Əgər hakimiyyət birinci turda qələbəsini elan etsə, əmin olsunlar ki, gürcü xalqı küçələrdə olacaq. Bilin ki, biz asanlıqla təslim olmayacağıq”.

“Exit-pol”un nətiucəsinə görə seçkidə 3-cü yeri tutan “Avropa Gürcüstanı” partiyasının namizədi, eks-spiker David Bakradze də rəsmilərin iqtidarın namizədini seçki bitməmiş qələbə münasibəti ilə təbrik etmələrinin qəbuledilməz olduğunu deyib: “Düzdür, mən qalib olmadığımı etiraf edirəm. Amma seçki hələ bitməyib. Mübarizəm davam edir, edəcək. O üzdən indidən belə təbriklər ünvanlanması yolverilməzdir”.

Bakradze seçkidə heç bir namizədin qalib gəlmədiyini və ikinci turu gözlədiklərini də sözlərinə əlavə edib. Sabiq spiker bildirib ki, ikinci turda o, Saakaşvilinin dəstəklədiyi Qriqol Vaşadzeni dəstəkləyəcək.

Gürcüstan iqtidarının “Xaç atası” sayılan Bidzina İvanişvili isə hələ ki susqunluğunu qoruyur.

Xatırladaq ki, rəsmi nəticələr açıqlanmasa da, bir neçə təşkilat “exsit-pol”un nəticəsini elan edib.

Məsələn, iqtidara yaxın “Psixolayihə” təşkilatı hakim Gürcü Arzusu Partiyasının namizədi Zurabişvilinin 52,3 faizlə qazandığını elan edib. İkinci yerdə isə Saakaşvilinin partiyasının da dəstəklədiyi müxalifətin “Güc Birlikdədir” koalisiyasının namizədi Qriqol Vaşadze 28,1 faizlə gəlir.

Avropa Gürcüstanı Partiyasının sifarişi əsasında eksit-poll keçirən BCG şirkəti isə namizədlərdən heç birinin 50+1 faiz səs toplaya bilmədiyini və deməli, ikinci turun keçiriləcəyi ehtimalını irəli sürüb.

BCG şirkətinin nəticələrində Vaşadze 37%, Zurabişvili 34%, Avropa Gürcüstanı Partiyasının namizədi Bakradze isə 17% səs toplayıb.

XƏBƏR LENTİ