“Havam çatmır, boğuluram” – Millət vəkilindən həyəcan təbili

663 31-10-2018, 11:09 cemiyyet

“Havam çatmır, boğuluram” – Millət vəkilindən həyəcan təbili

“Bakı metrosunda sərnişin qatar gözləyərkən qəflətən huşunu itirərək yerə yıxılıb”. “Sərnişinlər və hadisə yerinə gəlmiş polislər havasızlıqdan huşunu itirən sərnişini təcili yardım heyətinə təhvil veriblər”…
Demək olar ki, hər gün bu cür xəbərlər eşidir, elə özümüz də belə halların şahidinə çevrilirik. Ən dəhşətlisi isə bundan ibarətdir ki, metrodakı havasızlıq sərnişinlər arasında ölüm risklərini də artırır.
Məsələnin aktuallağını nəzərə alsaq, vəziyyət həqiqətən də acınacaqlıdır.
Xeberdar.net məlumat verir ki, yenicag.az problemi araşdırıb.

Millət vəkili Fazil Mustafa əhalinin daha çox istifadə etdiyi nəqliyyat növü olan metroda havalandırma sisteminin bərbad olmasını xidmət səviyyəsinin aşağı olması ilə əlaqələndirir:

“Metropolitendə xidmətin səviyyəsi xeyli aşağı düşüb. Xidmətin keyfiyyəti artırılmalıdır. Çünki əhalinin əksəriyyəti bu nəqliyyat növündən istifadə edir. Təəssüflər olsun ki, metroda bir çox problemlər var ki, onlardan biri də havalandırma ilə bağlıdır. İnsanlar həkimdən xüsusi arayış almadan metroya daxil olmur ki... Onların içərisində sağlamlığında problemlər yaşayan insanlar var. Nəzərə almaq lazımdır ki, vətəndaşların sağlamlığı əsas prioritetdir və onun qorunması üçün istifadə etdiyi nəqliyyat vasitəsi normal və mükəmməl havalandırma sisteminə malik olmalıdır. Texnologiyanın son nailiyyətlərindən istifadə ediriksə, niyə metroda bundan istifadə edilməsin və vətəndaşların sağlamlığının qorunması təmin olunmasın? Bu baxımdan hesab edirəm ki, kifayət qədər aktual məsələdir və bu istiqamətdə konkret addımlar atılmalıdır”.

“Bakı Metropoliten”ini Avropa ilə müqayisə edən millət vəkili fərqi diqqətə çatdırıb:

“Avropada metro yalnız pul yığmaq üçün deyil, eyni zamanda vətəndaşa xidmət üçün nəzərdə tutulub. Buna görə də, həmin ölkənin vətəndaşlarının metroda havasızlıqdan boğulması və halının pisləşməsi kimi bir problemi yoxdur. Bizdə isə metroya həmişə pul yığmaq yeri kimi baxılır. Halbuki, metro həm də xidmət yeridir və vətəndaşa yüksək xidmət göstərilməsi bir vəzifə borcudur.

Bu məsələdə pul xərcləmək lazımdır. Pul xərcləyib vətəndaşın sağlamlığı naminə nə tələb olunursa, onu da tətbiq etmək lazımdır. Bunun üçün insanların dünyasını dəyişməsini gözləyib, sonra əl-ayağa düşmək lazım deyil. Yeni qurğular alınmalı və metroda havalandırma sistemi qaydasına salınmalıdır. Məsul şəxslərin işinə vicdanla yanaşması lazımdır ki, fövqəladə durum yaranmasın”.
Xeberdar.net

XƏBƏR LENTİ