Dövlət ideologiyalarla deyil, hüquqla idarə olunmalıdır

685 2-11-2018, 11:56 siyaset / gundem

Dövlət ideologiyalarla deyil, hüquqla idarə olunmalıdır

Hüquqi dövlət, ədalət, azadlıq, bərabərlik ideyaları əsasında yaradılmış, hüquq normalarını mənimsəmiş dövlətin təşkilatı formasıdır. Belə dövlətdə vətəndaşlar, dövlət orqanları və səlahiyyətli şəxslər ümumdövlət maraqlarının təmin edilməsi şərti ilə fərdin hüquq və azadlıqlarının reallaşması üçün fəaliyyət göstərirlər. Bütün demokratik dövlətlər öncə hüquqi dövlət formalaşdırmağı qarşılarına məqsəd qoyurlar. Hüquqi dövlət fərdlərin qarşılıqlı əlaqələri çərçivəsində haqlarının təmin edilməsini, hər kəsin rifahını və mövcudluğunu reallaşdıra biləcəyi dövlətdir. Belə dövlətdə etnik tərkibindən aslı olmayaraq fərdlər tamın bir parçası olurlar, eyni zamanda bu müstəvidə də ehtiyac və iradələrini gerçəkləşdirirlər. Hüquqi dövlətin formalaşdırılması siyasi, iqtisadi və hüquqi islahatların keçirilməsini, həmçinin dövlətin və cəmiyyətin hüquqi əsaslarını daim müasirləşdirməyi və hüquq sistemini keyfiyyətcə yeniləşdirməyi tələb edir.

Hüquq dövləti vətəndaşların öz hüquq və azadlıqlarını reallaşdırmaq üçün qurulur. Hüququn üstünlüyü prioritet olan ölkələrdə hər hansı qanun, siyasi qərar və ya fəaliyyət proqramı qəbul olunarkən insan amili mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlətin məqsədi cəmiyyətin, o cümlədən də onun bir parçası olan fərdin ehtiyaclarını bütünlüklə ödəməkdir. Bu cür dövlətlərdə, dövlət aparatının fəaliyyəti iqtisadi cəhətdən hegemonluq edən sinifin və siyasi elitanın ehtiyaclarının ödənilməsinə deyil, insanın və vətəndaşın hüquq və azadlıqlarına istiqamətlənir.

Adətən, dövlətlərin Konstitusiyalarında insan hüquq və azadlıqlarına geniş yer verilir. Bu cür deklarativ xarakterli hüquqi sənədlərin mövcudluğu hələ ölkədə hüquqi dövlətin qurulduğu demək deyil. Hüquqi dövlət olmaq üçün insan haqlarının real tətbiqini təmin etmək lazımdır. Məsələn, Azərbaycan Konstitusiyasının 12-ci maddəsində yazılır: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Əgər bu, yalnız kağız üzərində yazılmış deklarativ bir bəyanat olsa, dövlət bunun real həyatda tətbiqinə diqqət ayırmasa, bu maddənin tələblərinin sözsüz yerinə yetirilməsi üçün iradə nümayiş etdirməsə, o halda hüquqi dövlətdən söhbət belə gedə bilməz. Hüquqi dövlətdə hakimiyyət orqanlarının, bütün vəzifəli şəxslərin fəaliyyətləri insanların, cəmiyyətin, o cümlədən də bütünlükdə dövlətin həyatının yaxşılaşdırılmasına istiqamətlənir. Belə dövlətlərdə vətəndaşlar təkcə öz hüquqlarını öyrənməklə kifayətlənmirlər, həm də həmin hüquqlardan lazımi anlarda istifadə edirlər. Dövlət ondan asılı olan hər şeyi yerinə yetirməlidir ki, bu imkanlar gerçəkləşsin.

Dövlət orqanlarının qanun çərçivəsində fəaliyyət göstərməsi hüquqi dövlətin əsas kriteriyası sayılır. Məsələn, qədim yunan filosofu Platon yazırdı: "Mən qanunların işləmədiyi və ya onların kiminsə təsiri altında olan dövlətin ölümünü çox yaxında görürəm. Harada ki, qanun idarəçinin ağası, idarəçi isə onun quludur, orada Allahın dövlətlərə hədiyyə etdiyi qurtuluş və rifah var". Amma zaman göstərdi ki, hətta qanunlara ciddi riayət edən dövlət belə, həmişə hüquqi ola bilmir. Məsələn, Faşist Almaniyası öz genosid planını qanunları əsas tutaraq həyata keçirirdi. Amma həmin qanunlar özləri hüquqi deyildi. Deməli, qanuna əsaslanmaq hələ hüquqi dövlət olmaq demək deyil. Hər şeydən əvvəl qanunun özü humanist olmalı, insan hüquq və azadlıqlarının reallaşdırılmasına xidmət etməlidir.
Alman klassiki, hüquq fəlsəfəsinin banisi Kant qeyd edirdi ki, “vətəndaşları qanunlar çərçivəsində davranmağa məcbur etmək üçün dövlətin əlində olan imkanlara vətəndaşlar da malik olmalıdır ki, hakimiyyəti qanunlara dəqiq əməl etməyə məcbur edə bilsinlər”. Bu yalnız hüquqi dövlətdə mümkündür. Təbii ki, dövlət leqal güc tətbiq etmək imkanlarına sahib olan yeganə təşkilatdır və vətəndaşla münasibətdə bu məsələdə üstünlüyə sahibdir. Amma hüquqi dövlətdə bu fərq aradan qalxır, daha doğrusu, minimuma enir. Çünki vətəndaşlar yüksək vətəndaşlıq mövqeyinə keçərək müstəqilləşirlər. Bununla belə, güc tətbiqi qayda deyil, istisnadır. İkincisi, vətəndaşın dövlət orqanlarının qanunsuz işinə münasibətdə iddia irəli sürmək üçün real imkanı təmin olunur.

Hüquqi dövlətdə vətəndaş dövlət işlərində müstəqil iştirak etmək imkanlarına malikdir. Bu da xalqın iradəsini nümayiş etdirən seçkilər vasitəsilə həyata keçirilir. Burada nümayəndəli orqanlar, həqiqətən, xalqın nümayəndələrindən seçilir və yalnız seçicilər qarşısında məsuliyyət daşıyırlar. Onlar seçicilərin maraqlarını müdafiə etməkdən uzaqlaşdığı təqdirdə, hüquqi dövlətlərdə hazırlanmış xüsusi mexanizmlər vasitəsi ilə həmin seçkili orqanlar ya buraxılır, ya da başqası ilə əvəz olunur. Bundan başqa, cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən məsələlər referenduma çıxarılır. Və nəhayət, hüquqi dövlətdə hakimiyyət orqanlarına nəzarət edən və onların işinə təsir imkanı olan vətəndaş cəmiyyətləri fəaliyyət göstərir. Bütün bunlar isə yüksək inkişaf etmiş hüquq mədəniyyətinə malik cəmiyyətlərdə əldə edilir.

Hüquqi dövlətdə idarəetmənin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi mütləqdir. Özü də bu bölünmənin deklarativ xarakterli olmaması vacib şərtdir. Dövlətdə effektiv nəzarət və təsir sistemi tətbiq olunmalıdır ki, bu hakimiyyətlərdən birinin digəri üzərində üstünlüyü mümkün olmasın. Hakimiyyətin bölünməsi prinsipi müxtəlif idarəetmə orqanlarının harmonik mövcudluğunu təmin edir, hakimiyyətlərdən hər hansı birinin səlahiyyətlərini aşmasının qarşısını alır ki, bu da məsələlərin müsbət həlli və dövlətin funksiyalarının yerinə yetirilməsi ilə nəticələnir.

Hüquqi dövlətdə hər şeyin təməli iqtisadiyyatla əlaqəlidir. Dövlətin bütün çətinliklərinin və uğurunun kökü cəmiyyətin sosial vəziyyətinə bağlıdır. Buna görə də hüquqi dövlətin siyasəti hər şeydən əvvəl xalqın sosial problemlərinin həllinə yönəlməlidir. Sosial dövlət ideyasını reallaşdırmadan hüquqi dövlət qurmaq mümkün deyil. Sosial problemləri həll eləyən dövlət cəmiyyətin hər bir üzvünün ləyaqətli inkişafını təmin etmiş olur.

Hüquqi dövlət anlayışı barədəki analizi yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, Ümid partiyası olaraq görmək istədiyimiz hüquqi dövlətin ideal modelini əldə etmək o qədər də asan deyil, amma bu o demək deyil mümükünsüzdür. Düşünülən dövlət modelini daim müasirləşdirmək üçün çalışmalıyıq ki, ən azından düşündüyümüz və ya təsəvvür etdiyimiz dövlət modelinə daha çox yaxınlaşaq.

İndi isə ideoloji və hüququi dövlətlərin fərqlərinə nəzər salaq. Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır,

Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində hüquq anlayışı iki mənada işlədilir: a) obyektiv hüquq, b) subyektiv hüquq.

Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla işləmək imkanını ifadə edir.

Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir: 1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ hüquq normaları şəklində formalaşdırır. Qanun dövlətin müvafiq səlahiyyətli orqanlarının hüquqyaratma fəaliyyətinin nəticəsidir. 2. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. 3. Yalnız hüququn dövlətə ehtiyacı yoxdur, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.

Dövlətçilik tarixini öyrənən bəzi alim və tədqiqatçıların ortaq qənaəti bundan ibarətdir ki, hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. Və iddia edilir ki, ideoloji əsasları olmayan dövlətin uzunömürlülüyü və varisliliyi də həmişə şübhə doğurub. İdeologiyası olmayan dövlətlərlə bağlı o da iddia edilir ki, tarix səhnəsində müəyyən dövrdə mövcud olsalar da, milli maraqları uzunmüddətli təmin edə bilməmiş və tarixin səhnəsindən silinmişlər.

Ümid partiyası siyasi təsisat olaraq fəaliyyəti dövründə ideolojilərin dövlətə daşınmasınin əleyhinə olub. Millətçilik ideolgiyası ilə bağlı iddia edənlərə partiyanın lideri İqbal Ağazadənin kifayət qədər tutarlı arqumenti var: Yaşanılan coğrafi ərazidəki dövlət sənə məxsusdursa, o halda kimə qarşı millətçi mövqe sərgiləyirsən? Əslndə liderin qənaəti yuxarıda, hüquqi dövlətlə bağlı qeyd olunan fərdin hüquqları konteksindən yaranır. Əgər cəmiyyət hüquqi dövlət qurmağı bacararsa o halda ən kiçik qrupların belə maraqları təmin olunar. Çağdaş dünyada ideololji dövlətlərin yaranmasına və günümüzdəki fəaliyyətlərinə nəzər salaq. Məsələn, İslam ideologiyalı dövlətlər. Pakistan, Əfqanıstan, İran, Sudan və s. Hesab etmirəm ki, normal təfəkkürlü şəxs Pakistanın, Əfqanıstanın və ya digər adlarını qeyd etdiyimz ölkələrin vətəndaşı olmağı arzu etsin. Çünki bu tip dövlətlərin dünyaya təqdim etdiyi islam modeli terrorla, məzhəb davalarıyla, insan haqq və hüquqlarının ən kobud formada pozulmasıyala müşayət olunur. Düzdür əsl İslam bu deyil. Lakin yuxarıda qeyd etdik. Bu müasir dünyada təqdim edilən islam modelidir. Sözsüz ki, bu cür idarəçilik modeli olan dövlətlərdə güclü-gücsüz qruplar yaranır. Və o da həqiqətdir ki, güclü olan qrup gücsüzü ya mərkəzdən kənarlaşdırma tendensiyasına əl atacaq, ya da Myammarda olduğu kimi kütləvi qətliam törədəcək. Deməli dini ideolojinin hakimiyyətə daşınması yolverilməzdir.

Xatırladaq ki, possovet məkanında yaşayan xalqlar 70 ildən çox SSRİ adlı böyük dövlətin tərkibində yaşadılar. Və onu da xatırladaq ki, bu dövlət kommunist ideologiyasına söykənirdi. Kommunistlərin təbliğat maşını kommunizmi əsasən maddi nemətlər varlığı kimi təqdim edirdi. Hətta maddi nemətlər varlığı vəd edən rejimin sonu da, acınacaqlı oldu. Azərbaycanda daxil olmaqla Milli Azadlıq Hərəkatları nəticə etibarı ilə kifayət qədər mükəmməl qurulub, idarə edilən dövlətin təməl prinsiplərini sarsıtdı. Nətcədə SSRİ-nin dağılması prosesi reallaşdı. Bu gün artıq həmin super dövlət tarixdir.

Dövlətin millətçilik idelogiyası üzərində formalaşması isə daha təhlükəli fəsadlara yol açar. Nəzərə alsaq ki, Azərbaycanda çoxlu sayda millətlər yaşayır. Belə olan halda milli ideologiya üzərində qurulan dövlət ayrı-ayrı millətlərə məxsus xalqların milli maraqlarını necə təmin edə bilər? Və əgər kimsə iddia edərsə ki, bu tip dövlətdə həmin etnik qruplarında öz milli idelojilərinin dövlətə daşınmasına şərait yaratmaqla. Yenə sual olunur dövlətin müxtəlif strukturlarında ayrı-ayrı ideoloji baxışlara malik etnik qrupların nümayəndələri təmsil olunarsa, o halda dövlət necə idarə olunacaq? Yəqin ki, cavabda hazırdır – qanunlarla. Qanun hüquq yaratmırmı? Yaradır. O halda nədən idelojilər dövlətə daşınmalıdır ki? Deməli məhz hüquqi dövlət daşları öz xanalarına düzən yeganə idarəçilik modelidir.

Hacı Bakir Həsənbəyli
Ümid partiyası sədrinin Təşkilati məsələlər üzrə müavini

XƏBƏR LENTİ