Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ (4.Yazı)

920 20-11-2018, 22:58 kose / siyaset / gundem

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ (4.Yazı)



Beləliklə, gəldiyimiz nəticə odur ki, Mirzə Əbdürrəhim Talıbzadə Talıbzadənin bir tərəfdən Qərb mədəniyyətinin təqlidindən əsasən kənar durulmasını vacib sayması ilə yanaşı, az-çox Qərb dəyərlərinə də müraciət edilməsini dilə gətirərkən min illik bir cəhalətdən bəhs etməsi doğru deyildir. Yuxarıda da yazdığımız kimi, bu kimi düşüncələr farslaşmış türklüyün, ya da irançılığın nəticəsi idi. Hər halda, Talıbzadənin düşüncəsində irançılığın az-çox təsirinin olmasını inkar etmək mümkün deyildir. Biz bu irançılıq təəssübkeşliyini Talıbzadənin “Millətin təklifi barədə” məqaləsində də görürük. O, bu məqaləsində dolayısıyla Qacarları millət təəssübkeşliyindən uzaq olmasında ittiham etmişdir: “Bizim bu azadlığı iki düşmən izləyir. Biri daxili ikiüzlülər və müstəbidlərdirlər. Onlar istəyirlər ki, tam özbaşınalıqlarını yenə fəal surətdə saxlasınlar, xalqın qanını içsinlər, bizim milliyyətimizin varlığını inkar edib özlərinin beşgünlük keflərinə satsınlar. Onların qeyrəti yoxdur, özlərində də iranlı və iranlı övladı qeyrəti yoxdur. Zira bir kürur (milyon) iranlının xarici ölkələrdə ac və lüt fəhləlik və dilənçilik etdiklərini görürlər. İranlı deyildirlər, çünki əgər olsaydılar, İran ölkəsini on-on beş tümənə, ya xaricinin bir tərifinə və mürəssə nişanına satmazdılar. Keçmiş təkrar olunmasın, azadlığımızı təzədən boğmaq təsəvvürü oyanmasın deyə, bu xəbis təbəqəni edam etmək hər bir iranlı üçün vacibdir, savabdır”.
Halbuki bütün bunlarla yanaşı, biz onu da bilirik ki, müstəbid, istibdadçı adlandırılan Qacarlar dövlətində farsdililər də mühüm vəzifələr tutmuş, onların, iki-üç baş naziri çıxmaq şərtilə əksəriyyəti farsdilli olmuşlar. Ancaq bu gün Qacarlar dövründən söhbət gedəndə yalnız Qacarlar hökmdarları və türklər tənqid olunurlar. Yəni bu zaman Qacarlarda baş nazir və digər vəzifələr tutmuş farsdillilərin xəyanətkar əməllərindən və bu dövləti ingilislərlə rusların himayəsində hansı formada süquta sürükləmələrinin üstündən, əsasən, sükutla keçlilir. Bizə elə gəlir ki, əsl obyektivlik naminə yalnız Qacarlar dövlətini və türkləri hədəf kimi götürüb istibdadçı adlandırmaqdan yan qaçıb, eyni zamanda farsdilli məmurların da xəyanətkar əməlləri və ingilislərlə rusların tərtib etdikləri əsl planlar gün işığına çıxarılmalıdır. Hər halda Talıbzadələrin, Əfqanilərin, Zərdabilərin və başqa mütəfəkkirlərimizin doğru və yanlışlıqlarını görə bilməklə yanaşı, digər məsələləri də incəliklə tədqiq etmək məcburiyyətindəyik. Çünki yalnız bu halda Azərbaycan xalqının yenidən birliyini və diriliyini təmin etmək mümkün olacaqdır.
Bu anlamda Talıbzadənin irançılıq ideologiyasının təsiri altında bəzi yanlış fikirlər səsləndirməsini, onun bütün hallarda böyük bir türk mütəfəkkiri olmasına xələl gətirmədiyinə inanmaqla bərabər, gerçəklərin ifadə olunmasını da vacib hesab edirik. Bizcə, Talıbzadə Qacarlar dövlətində islahatların aparılması məsələsində səmimi bir yol tutmuş, Qərb mədəniyyətinə münasibətdə əsasən doğru yolda olmuş, sadəcə, Türk-Turan dövlətlərinin hakimiyyət dövrünü cəhalətlə, İran-Fars dövlətlərinin dövrünü isə nisbətən müsbət formada izah etdiyi üçün yanlışlığa yol vermişdir. Ancaq biz onu da yaxşı bilirik ki, yalnız Talıbzadə deyil XIX əsr və XX əsrin əvvəllərində bir çox türk mütəfəkkirləri, o cümlədən M.F.Axundzadə, Z.Marağalı, M.Kazımbəy, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, S.H.Tağızadə və başqaları da ilk dövrlərdə irançılığın təsiri altında olmuş, onlardan yaınız Ə.Ağaoğlu, M.Ə,Rəsulzadə sonralar birmənalı şəkildə bu təsirdən qurtularaq Türk-Turançı yolu izləmişlər.
Talıbzadə hesab edirdi ki, “İran” millətinin ikinci düşməni birincidən qat-qat güclü olan elmsizlik, mənəviyyatsızlıqdır. Belə ki, millətin daxilində məslək vəzifələrinin müqəddəsliyinə, ya da mənəviyyatın hüduduna inam yoxdur və hər iş şüursuz, müəyyən bir qərəz üzündən görülür. O yazır: “Xalqdan gizli, ya aşkar surətdə aldığımız malı sahibinə qaytarmırıq. Ehsan veririk, öz cəlal təmtərağımızı göstərmək üçün – möhtac yoxsul kənarda qalır, varlıları dəvət edirik. Bir qarınlıq şey satmaq üçün on dəfə Allahın adına and içirik, yalandan şahid çəkirik. Bir qardaş gündəlik xərcinə möhtacdır, bir qardaş var-dövlət içində üzür. İstisnasız olaraq, bizim bütün işlərimiz mövzu və mənadan xaric olmuşdur. Buyurun, əgər bizim inamımız olsaydı, belə edərdik?.. Deməli, bu inam zəifliyi bizim vicdan güzgümüzü ləkələmişdir. Bu cəhətdən bizim mənəvi hissiyyatımız tamamilə məhv olub yoxa çıxmışdır. Əsli mənada ya diri ölü, ya hərəkət edən cəmad (canlı) olmuşuq. Bu qədər fəlakət, əziyyət, zülm və istibdadın ayaq altısına düçar olmaqda, sanki bizə Allahın qəzəbi tutmuşdu. Əgər ayılıb hissə gəlməsək, dirilməsək, öz azadlığımızı qoruyub saxlamaq qüdrətinə qabil olmayacağıq. Bu çox ali “bəxşeyiş” asan gəldiyi kimi, asanlıqla da gedəcəkdir. Əgər bu, müsəlləmdirsə, pinəçidən tutmuş birinci şəxsə qədər hamımız bu hədiyyəni ələ gətirməyə əlbir olduğumuz kimi, onun islahında da gərək hamımız – kişi-arvad, yoxsul-varlı, savadlı-savadsız, böyük-kiçik, bütün ölkə əhalisi müttəfiq və əlbir olaq”. Talıbzadəyə görə, bu anlamda nüfuzlu şəxlər, tacirlər, sənətkarlar, ruhani alimlər bu məsələdə əlbir olub yalnız millətin mənafeyini düşünməlidir.
Maraqlıdır ki, əvvəlki dövrlərlə müqayisədə 1906–1907-ci illərdə yazdığı bəzi məqalələrində Talıbzadə artıq Rusiya və İngiltərəni müsəlman-türk dövlətlərinə, o cümlədən Qacarlara düşmən kimi görmədiyini yazaraq Qərb mədəniyyətini əvvəlki kimi tənqid etmirdi. O yazır: “Mən ərz edirəm ki, bu iki dövlət əvvəllər bizim düşmənimiz idi, indi isə dostlarımızdırlar. Bu nə deməkdir?! Dünən İranın düşməni, bu gün dostu: bu necə oldu? Bəli, bu iki inkişaf etmiş ölkə dünən bizim elmsizliyimizin, bizim bekarçılığımızın, bizim fərasətsizliyimizin düşməni idilər. Onlar məəttəl qalmışdılar ki, biz nə üçün bu qədər zülm-fəsadın pəncəsində əsir qalmışıq, nə üçün süduri-binur (Nazirlər Kabineti) ölkənin və xalqın məhvinə bu qədər çalışır? Məgər bu, ölüm yuxusudur ki, bunlar ayılmırlar: Bu necə şiddətli ölümdür ki, min İsrafil şeypuru çalındı, lakin cəhalət qəbirlərində yatmış bunlar hələ də ayağa qalxmadılar?! Həmən iki dövlət bizim bu cəhalətlərimizin düşməni idilər, yoxsa ölkəmizin düşməni deyildirlər. İndi ki iranlı bircə “ədalət” şeypurundan ayıldı, onlar bizə ancaq məhəbbət, köməklik və inkişafımıza yardım edəcəklər; nə indi, nə də gələcəkdə bizimlə heç bir ədavətləri olmayacaqdır. Çünki ayıq və fərasətli xalqla dostluq, məhəbbət və ticarət əlaqəsi qafil, cahil, süst və tənbəl xalqdan yüz dəfə yaxşıdır”.
Bizcə, Talıbzadənin Qərb mədəniyyətinə münasibətdə mövqeyinin xeyli dərəcədə dəyişməsi təsadüfi ola bilməzdi. Əvvəllər Qərb mədəniyyətini süni mədəniyyət adlandırıb onu təqlid etməyin mənasızlığından bəhs edən Talıbzadənin artıq onları tamam başqa bir formada təqdim etməsi çox düşündürücüdür. Hər halda ömrünün son çağlarında onun dünyagörüşündə Qərb mədəniyyətinə və irançılığa meyilliliyin bir qədər artması hiss olunur.
Talıbzadə əvvəlcə bir məsələni də çox doğru müəyyənləşdirmişdir ki, İslam dünyasının mövcud problemlərdən xilas olması üçün çıxış yolu nə xaçpərəstləri düşmən elan edib onlarla müharibəyə girmək, nə də Qərb dəyərlərini kor-koranə şəkildə təqlid yoluyla İslam Şərqi ölkələrində tətbiq etmək də dogru ola biilməz. O, bütün bunlardan ən doğru yol kimi, birincisi milli-dini dəyərləri yenidən gözdən keçirib onlara olunmuş əlavələrdən xilas olmağı vacib hesab etmişdir. Talıbzadəyə görə, əgər İslam dini və milli adət-ənənələr bütövlükdə hər hansı müsəlman xalqının varlığıyla birbaşa bağlıdırsa, o zaman onları yenidən nəzərdən keçirib yanlışları və doğruları obyektiv şəkildə ortaya qoymaq lazımdır. Xüsusilə də İslam dininə və onun qayda-qanunlarına münasibətdə həssas olmaqla yanaşı, Talıbzadə hesab edirdi ki, əgər bu gün müsəlman xalqlarında, onun dövlətlərində bir geriləmə, tənəzzül varsa, bunu ilahi təqdirlə bağlayıb qeyri-adi dini-mistik üsullarla həllinə ümid etmək doğru deyildir. Çünki bu cür düşüncə tərzi müsəlman xalqlarını düşdüyü bəladan xilas etmək əvəzinə, əksinə, inkişaf yolunu tutmuş Qərb dövlətlərinin köləsi halına gətirir. Deməli, müsəlman xalqları da mahiyyətinə varmadan bütün milli-dini adət-ənənələrdən möhkəm yapışmaqdansa, rasional şəkildə onları müzakirəyə çıxarıb saf-çürük etməyi bacarmalıdır. Çünki yalnız o xalqlar daim dünyada varlıqlarını qoruyub saxlaya bilirlər ki, dünyanın real şərtlərinə uyğun olaraq zəmanə ilə ayaqlaşır, milli-dini adət-ənənələri ilə dövrün tələb etdikləri arasında uzlaşmanı tapmağı bacarırlar. Maraqlıdır ki, Sovetlər Birliyi dövründə bəzi tədqiqatçılar Talıbzadənin bu cür islahatçı fikirlərindən çıxış edərək onu ateist və kommunist kimi qələmə verməyə çalışmışlar. Əsl həqiqət isə ondan ibarətdir ki, Talıbzadənin dünyagörüşündə səmavi dinlərin inkarı deyil, həmin dinlərə, o cümlədən İslam dininə olunmuş əlavələrin, dini xurafatın və dini mövhumatın tənqidi, eyni zamanda isə Qərb mədəniyyətinin də müsbət və milli xüsusiyyətlərə zidd olmayan cəhətlərindən faydalanmaq mühüm yet tutmuşdur.
Bu baxımdan Talıbzadəyə görə, islam dünyasının mövcud problemlərdən xilas olması üçün ən vacib məsələlərdən biri də Qərb dövlətlərinin tənəzzüldən tərəqqiyə, sxolastik fəlsəfi təfəkkürdən dünyəvi fəlsəfi təfəkkürə hansı üsullardan istifadə edərək yol almasını müəyyənləşdirmək idi. Bizcə, bu məsələdə də Talıbzadə xeyli dərəcədə haqlı idi ki, müsəlman xalqları, onun dövlət başçıları və mütəfəkkirləri Qərb mədəniyyətini ya qara, ya da tamamilə ağ rəngdə görməkdən əl çəkib, onların əldə etdikləri uğurların əsl mahiyyətinə varmalı və bundan özlərinə müəyyən bir nəticə çıxarmalıdırlar. Bu dövrdə Qərb mədəniyyətinin, Qərb fəlsəfəsinin əsl mahiyyətinin aşkara çıxarılması ilə yanaşı, onun müsəlman xalqları arasında nə cür başa düşülməsi, hansı anlamda tətbiqinin mümkünlüyü, ya da mümkünsüzlüyü detallarına qədər analiz edilməlidir.
Ümumilikdə, Talıbzadənin, əsasən, həm milli-dini dəyərlərə münasibətdə, həm də Qərb dəyərlərinin hansı şəkildə mənimsənilməsi məsələsində doğru yol tutması qənaətindəyik. Hesab edirik ki, Talıbzadə də Əfqaninin, Zərdabinin müəyyənləşdirdiyi kimi, milli-dini dəyərlərlə Qərb dəyərlərinin hansı formada və üsulda uzlaşdırılması məsələsində əsasən doğru bir yol izləməyi bacarmışdır. Sadəcə, o, yuxarıda da qeyd etdiyimiz kimi, yalnız ömrünün son çağlarında Qərb mədəniyyətinə və irançılığa bir qədər çox meyil göstərmişdir. Ancaq ömrünün son dövrlərində onun Qərb mədəniyyətinə və irançılığa müəyyən qədər meyil göstərməsi ümumilikdə Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixinə verdiyi töhfələrə ciddi xələl gətirməmişdir/
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ (4.Yazı)

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XƏBƏR LENTİ