Milli Məclisdə ermənipərəst rus deputatla bağlı kəskin çıxışlar

479 8-12-2018, 10:13 cemiyyet

Milli Məclisdə ermənipərəst rus deputatla bağlı kəskin çıxışlarParlament rəhbərliyi Rusiya Dövlət Dumasına etiraz məktubu göndərib
Dekabrın 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Həmin gün Azərbaycan parlamentinin yaranmasının 100 illiyi tamam olduğu üçün spiker Oqtay Əsədov əvvəlcə deputatları Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təbrik etdi.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İrəvanda “Lazarev klubu”nun keçirdiyi toplantıdan və Azərbaycan əleyhinə səslənən fikirlərdən bəhs etdi. Dedi ki, son illər Rusiya-Azərbaycan münasibətləri inkişaf edib, həmçinin Rusiyanın ictimai-siyasi xadimlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv münasibət bildirirlər. “Lazerev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən deputat söylədi ki, İrəvanda keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil: “Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirir və bu addıma qarşı öz narazılığını ifadə edir. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyə ilə məşğul olur. O sıravı deputat olsa idi, bizi narahat etməzdir. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlament münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.

Komitə sədri Zatulinin Dövlət Dumasının rəsmi nümayəndəsi, həm də hakim partiyanın təmsilçisi olduğunu bildirdi. Ona görə də Ə.Hüseynli təklif etdi ki, spiker səviyyəsində Dövlət Dumasına məktub ünvanlansın. Komitə sədri dedi ki, “Lazarev klubu”nda Qars müqaviləsi və Naxçıvan məsələsi ilə bağlı iddialar da əksini tapıb: “Rusiyalı ekspertlər unudurlar ki, onlar bu cür addımlarla Rusiya-Türkiyə münasibətlərinə də xələl gətirirlər. Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan heç vaxt müzakirə mövzusu ola bilməz”.

Fazil Mustafa təklif etdi ki, “Lazarev klubu”nun Naxçıvanla bağlı iddialarına cavab olaraq Türkiyə ilə birgə fəaliyyət göstərmək faydalıdır: “Çünki Türkiyə Qars müqaviləsində tərəflərdən biri idi”. Deputat ardınca müzakirələrin Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə təsadüf etdiyini dedi. Odur ki, deputat Milli Məclisin sədri Oqtay Əsədovdan Cümhuriyyətin qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Bununla yanaşı, F.Mustafa təklif etdi ki, Cümhurriyyətlə bağlı yubiley medalı hansı deputatlara veriləcəksə, təntənəli şəkildə iclasların birində bu təqdimat olsun: “Təklif edirəm ki, bu mükafat Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin. Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycanın tanınmış rəssamıdır. İndiyədək Xalq rəssamı adını almayıb. Təklif edirəm ki, ona da yubiley medalı verilsin. Hansı ki, Rais Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi və bu addım tarixdə qaldı”.

Spiker Oqtay Əsədov F.Mustafanın Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifinə reaksiya verdi. Bildirdi ki, bu gün bayram günü olduğu üçün onları yad etməyi düzgün saymır: “Biz onları başqa günlərdə daim yad edirik. Hətta bir müddət öncə təntənəli yubiley iclasını da keçirdik. Parlamentin yüz illiyi ilə bağlı kitabda da onlar haqqında geniş məlumat verilib”.

“Atəşkəs haqqında bizim fərqli mövqeyimiz olmalıdır. Biz o zaman atəş imzaladıq ki, işğalçı qüvvələr sərhədə çəkilsinlər və ondan sonra atəş açılmasın. Nə qədər ki, ərazilər azad olunmayıb, biz düşmənə atəş açmalıyıq, atəş dayanmamalıdır!” Bu fikirləri Fərəc Quliyev söylədi. Daha sonra o, dövlət sərhədini pozanlara qarşı amansız olmağa çağırdı: “Erməni təyyarələri gəldilər, Qarabağ səmasında təlim keçirdilər. Ancaq Müdafiə Nazirliyi bəyan etdi ki, təyyarələr təmas xəttinə yaxınlaşsa, vurulacaq. Mən başa düşmürəm, bizim sərhəd xəttimiz təmas xəttidir? Düşmən təyyarələri sərhədimizi pozan kimi vurulmalı idi”.

Aqil Abbas özəl telekanalları sərt tənqid etdi: “Bu gün Azərbaycanda AzTV, Mədəniyyət və İctimai TV-ni çıxmaq şərtilə, digər telekanallar, özəl kanallar bu millətə nələri aşılayır, bəlli deyil. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hörmətli Ramiz Mehdiyev də hörmətli Əli Həsənov da məqalələrlə çıxış etmişdi, tövsiyələr vermişdi. Bu gün özəl kanallar Azərbaycan xalqını elə təqdim edir ki...Kimsə kiminsə başını qırxır, qaynana gəlinlə dalaşır... Bir də həkim məsləhətləri, dərmanlar...”

A.Abbas təklif etdi ki, Mətbuat Şurası “qara siyahı” tutaraq qanunsuzluqlara qarşı mübarizə apardığı kimi, Teleradio Şurası da analoji fəaliyyət göstərməlidir. “MTRŞ-yə belə bir səlahiyyət verilməlidir ki, belələrinə qarşı cərimə tətbiq eləsin, onları cəzalandırsın. Hansı kanalı açırsansa, əxlaqsızlığı yayırlar. Camaat uşağını rusca oxudur ki, heç olmasa rus dilində televiziyalara baxsınlar. Çünki Azərbaycan televiziyalarına baxmalı deyil, baxıb nə öyrənəcəklər? Qarabağ da yaddan çıxıb”. A.Abbas bildirdi ki, Milli Televiziya və Radio Şurasına belə bir səlahiyyət verilməlidir ki, televiziya kanalları ilə bağlı tədbirlər görsün.

Komitə sədri Siyavuş Novruzov dedi ki, Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşən kimi, ermənilər Naxçıvana qarşı iddia qaldırırlar: “Dövlətlərarası, prezidentlərarası, xalqlararası münasibətlər aydındır. Bu münasibətlərdən ən çox bəhrələnən Rusiyada bizneslə məşğul olan azərbaycanlılardır. O zaman sual olunur: niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmir? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda tədbirlər təşkil olunurmu? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz”. S.Novruzov dedi ki, bu gün Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatından başqa Rusiyada hansı təşkilat tədbir keçirmir: “Əksinə, onlar Rusiyada "Milyarderlər ittifaqı" yaradıb Azərbaycan əleyhinə fəaliyyət göstərirlər". S.Novruzovun sözlərinə görə, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir: “Rusiya parlamentində bir Zatulin var. Amma minlərlə başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidir”.

Araz Əlizadə dedi ki, bizim oliqarxlardan heç nə gözləmək lazım deyil: “Onlar heç nə edəsi deyillər. Biz politoloqlar yetişdirməli, Rusiya televiziyalarına ekspertlərimizin çıxmasına çalışmalıyıq. Əks təqdirdə təbliğat müharibəsində uduzacağıq”.

“Rusiya-Azərbaycan münasibətləri son 30 ildə indiki kimi bu qədər yaxşı olmayıb. Eyni zamanda Rusiya-Ermənistan münasibətləri indiki qədər pis olmayıb”. Bu fikirləri deputat Zahid Oruc söylədi. Əlavə etdi ki, prezidentlər İlham Əliyev və Putinin münasibətləri yaxşılaşdırdıqca, Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin mövqeyinə zərbə dəyir. Z.Oruc spiker O.Əsədovun Rusiya Dövlət Dumasına ünvanladığı məktubun həm də deputatların mövqeyini ifadə etdiyini bildirdi: “Biz sizin mövqeyinizi müdafiə edirik”.

Sahib Alıyev dedi ki, Zatulin və onun yandaşları Ermənistandakı azərbaycanlıların 30 il əvvəl deportasiya olunmasını bayram etmək üçün İrəvana getmişdilər.

Deputat İsa Həbibbəyli də Zatulinin ermənipərəst mövqedən çıxış etdiyini dedi. Ermənilərin və onları dəstəkləyən qüvvələrin Naxçıvana qarşı iddialarına toxunan deputat bildirdi ki, Qars müqaviləsi beynəlxalq müqavilədir və 5 dövlət imzalayıb. “Beynəlxalq müqavilənin şərtlərindən biri budur ki, tərəflərdən birinin iddiası əsasında müqavilə ləğv oluna bilməz”.

Deputat Musa Qasımlı bildirdi ki, bir zamanlar Stalin 1921-ci il Moskva və Qars müqavilələrini ləğv edə bilmədi. “Əgər Stalin kimi diktator, SSRİ kimi dövlətin rəhbəri bu müqavilələri ləğv edə bilmədisə, onda Zatulin kimilərin məqsədi nədir? Bunlar elə rəy yaratmaq istəyirlər ki, sanki Dağlıq Qarabağ məsələsi həll olunub, növbədə Naxçıvandır. İkinci tərəfdən Rusiya-Azərbaycan münasibətlərini pozmaqdır”.

Spiker Oqtay Əsədov deputatların fikirlərinə münasibət bildirdi. O dedi ki, Zatulin heç Duma üzvü olmayanda Azərbaycana qarşı düşmən mövqeyində olub. Həmçinin qeyd etdi ki, “Lazarev klubu”nda bir neçə nəfər Yevseyev kimilərini çıxmaq şərtilə, digərləri ermənilərdən ibarətdir". O.Əsədov dedi ki, artıq Rusiya Dövlət Dumasının sədrinə etirazını yazıb: “Mən artıq Volodinə məktub yazmışam, fikirlərimi bildirmişəm. Güman edirəm ki, məsələyə obyektiv münasibət olacaq”.

Spiker əlavə etdi ki, Ermənistandakı Naxçıvanla bağlı iddialara çox fikir verməyin: “Onlar baxırlar ki, Naxçıvandan İrəvana cəmi 60 km-dir, ona görə də narahat olurlar”.

“Vaxtilə Vorontsov Lazarevi Təbrizin komendantı təyin etmişdi. O, Lazarev deyil, Lazaryandır. Ona görə də yəqin ki, "Lazaryan klubu" desək, daha yaxşı çıxar". Bu fikirləri isə deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov söylədi. “Lazarev klubu”nun İrəvanda keçirdiyi tədbirdə Azərbaycana qarşı iddiaların səslənməsinə toxunan C.Qurbanov Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Zatulinin səsləndirdiyi iddialara da reaksiya verdi: “İndi Zatulin gedib həmin klubda yallanır. Ona görə də səs çıxartmalıdır, nəsə deməlidir. Bu iddialar sadəcə iki deputatın arasını vurmağa yönəlmiş cəhddir. Ancaq onun bu fikirləri Azərbaycan-Rusiya münasibətlərinə zərrə qədər də təsir edə bilməz”.

Deputat bəyan etdi ki, ermənilərin və onların havadarlarının Azərbaycanın tarixi torpaqlarına iddiaları mənasızdır: “Biz heç vaxt öz torpaqlarımızdan imtina edəsi deyilik. Əvvəl-axır Atillanın ayağı dəyən hər türk torpağına biz iddialıyıq. Ermənilərin yaşadığı ərazi də bizim torpaqdır, Hüseynqulu xanın torpaqlarıdır. Biz o torpaqları da geri almalıyıq”.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc Mənzil Məcəlləsinin tamamilə yeniləndirilməsinin, dəyişdirilməsini təklif etdi. Bildirdi ki, xüsusilə, Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli, asanlaşdırılmalıdır: “Biz artıq Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə, Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə də yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn, qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır. Yəni, onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar. Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın. Həmçinin, yeni tikilən binalarda idman zalları açılar. Kimlərsə əzəl yığacaq deyə, orada, yeni mənzillərdə yaşayanların bu gedişlə əzələlələri ”sıradan" çıxacaq..."

Elşad PAŞASOY,
“Yeni Müsavat”

XƏBƏR LENTİ