İlahə Sadıqova: "Bu həssas məsələyə xüsusi diqqətlə yanaşılmalıdır"

1 247 21-12-2018, 19:04 siyaset / cemiyyet

 İlahə Sadıqova: "Bu həssas məsələyə xüsusi diqqətlə yanaşılmalıdır"

"Boşanma artıq dünyada qlobal bir demoqrafik prosesdir. Bu halın acı nəticələri həmin ailələrin uşaqlarının formalaşmaqda olan mənəvi aləminə, şüurunun inkişafına, sağlamlıqlarına və yaxınlarına son dərəcə mənfi təsir göstərir. Uşaqlarda əmələ gələn inamsızlıq, qorxu hissi onların başqa adamlarla qarşılıqlı münasibətlərində bilavasitə hiss olunur. Boşanma onların yeniyetməlik yaş dövrünə təsadüf edəndə isə tibbi-psixoloji və pedaqoji baxımdan xüsusilə ağır fəsadlı nəticələr verir. Uşaqların ilk növbədə təhsil və təlim göstəricilərinin aşağı düşməsilə yanaşı, həmyaşıdları ilə də münasibətləri pisləşir. Dünyanın aparıcı psixoloqlarının fikrincə, istər boşanana qədər, istər boşanma prosesi, istərsə də boşanmadan sonrakı müddət uşağın şəxsiyyətinin formalaşması baxımından xüsusi əhəmiyyətə malik mərhələ kimi xarakterizə olunur. Ölkəmizdə 10 illik statistik göstəricilərə nəzər salsaq görərik ki, 2008-ci ildə ölkədə 79964 evlilik, 7933 boşanma qeydə alınıb, 2018-ci ildə bu rəqəm yüksəlib. Son 10 ayda 508222 evlilik, 12396 boşanma faktı qeydə alınıb. Bu ciddi bir göstəricidir. Boşanmaların cəmiyyətimizin gələcəyi üçün fəsadları çox böyük olacaq. Tədqiqatlar göstərir ki, natamam ailələrdə böyüyən uşaqların şəxsiyyət kimi formalaşması, cəmiyyətdə yüksək mövqe tuta bilməsi məsələsi çox aşağı səviyyədədir.
Nikahların pozulmasının müxtəlif səbəbləri var: xasiyyətlərin uyğunsuzluğu, uşaq olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, ər-arvadın əlilliyi, uzun müddət ayrı yaşama, ailə münasibətlərinin pozulması, valideynlərin ailə münasibətinə müdaxiləsi, xaricdə yaşamaq istəyi, seksual problemlər və digər hallar. Şübhəsiz, sevgi, etibar və etimad kimi dəyərlər üzərində qurulan ailələr daha uzunömürlü olur. Bu halda nikah bağlayanlar qarşılıqlı mənəvi məsuliyyət hiss edir, güzəştlərə meylli olur, qarşıya çıxan hər hansı sosial-psixoloji problemi əzmlə aradan qaldırırlar. Buna baxmayaraq, sevgi üzərində qurulan ailələrdə də boşanma hallarına rast gəlinir, buna səbəb kimi də çox vaxt xəyanət, qısqanclıq, xəstəlik, ailə münasibətlərinin pozulması, valideynlərin ailə münasibətinə müdaxiləsi göstərilir. Əsas məsələ nikahın pozulmasına gətirib çıxaran səbəbləri mümkün qədər aradan qaldırmaq, habelə nikahların pozulması ilə bağlı yaranan hüquqi-psixoloji problemləri qanuni müstəvidə həll etməkdir. Hazırda Azərbaycanda müəyyən sosial-psixoloji problemlərin ailənin möhkəmliyinə xələl gətirdiyini də etiraf etməliyik. Boşanmalara və ailə münaqişələrinə əsas səbəb olan həmin problemlərin psixoloqlar tərəfindən obyektiv araşdırılması, gənclər arasında maarifləndirmə, təbliğat işinin gücləndirilməsi qarşıda duran vacib vəzifələrdən biri olmalıdır.
Ümumiyyətlə, qeyd edim ki, bizim istəyimizdən asılı olmayaraq, cəmiyyətdə nikahın bağlanması və pozulması həmişə olub, var və olacaq. İnsanın dünyaya gəlməsi, yaşaması və ömrünü başa vurması reallığı ilə barışdığımız kimi, bu məsələnin mövcudluğunu da nəzərə almalıyıq. Lakin əsas məsələ yuxarıda qeyd etdiyim kimi, nikahın pozulmasına gətirib çıxaran səbəbləri mümkün qədər aradan qaldırmaq, eyni zamanda nikahların pozulması ilə bağlı yaranan hüquqi-psixoloji problemləri qanuni müstəvidə həll etməkdir. Hər bir xalqın özünün tarixən formalaşmış dəyərləri əsasında ailə modeli mövcuddur. Bu ümumi dəyərlərlə yanaşı, hər bir ailənin özünün yazılmamış “qanunları”, prinsipləri, özəllikləri var. Bir zamanlar mental dəyərlərimizdən irəli gələrək cəmiyyətdə boşanmış ailələrə qarşı mövcud ictimai qınaq, ailə böyüklərinin etirazı, boşanandan sonrakı cütlüklərin sosial təminat məsələləri və s. ciddi narahatlıqlar doğururdu və bu da təbii olaraq boşanmaların sayını artmağa qoymurdu. Hətta qadınlar və uşaqlar ailədə şiddətə və zorakılığa məruz qalsalar belə qadınların ailələri tərəfindən qəbul edilməmə, uşaqlarının maddi təminatını yerinə yetirə bilməmə qorxusu bu prosesdən çəkindirirdi xanımlarımızı. Bu gün cəmiyyətdə öz ayaqları üzərində dayanan, artıq özü-özünü və uşaqlarını maddi cəhətdən təmin edə bilən, öz haqqını, hüququnu bilən, özünü əzdirməyən, şiddətə, zorakılığa yox deyən qadınlarımızın sayı çoxalıb. Bu səbəbdən qadınlar ictimai qınaqdan, sosial damğalardan, maddi problem yaşamaq qorxusundan qurtulublar və sərbəst şəkildə qərar qəbul edə bilirlər. Boşanmaların sürətlə artmasına səbəb isə qanunvericiliklə bu prosesin elə də çətin olmamasıdır. Düşünürəm ki, bunun qarşısını almaqçün qanunvericilikdə ciddi dəyişiklik olunmalıdır, boşanma qaydaları sərtləşdirilməlidir, eyni zamanda ailə psixoloqu institutu təsis olunmalıdır. Bu institut cütlüklərə məcburi surətdə yardım göstərməlidir. Hamımız yaxşı bilirik ki, bizim tipli cəmiyyətlərdə psixoloqlara ciddi yanaşılmır və çox zaman psixoloq yardımlarından imtina edilir. Əgər boşanmaya ərizə verən cütlüklər məcburi surətdə boşanma sürəsində ailə psixoloquna yönləndirilərsə, bəlkə də müəyyən faiz insanlara bu məsələdən yayındırmağa kömək ola bilərlər. Bu olduqca vacib bir məsələdir və bu məsələdə psixoloqların rəyi yardımçı ola bilər. Bəzən elə ailələrə rast gəlinir ki, ailənin birlikdəliyi ailədə böyüyən uşaqlara psixoloji-mənəvi travma yaşadır və bu səbəbdən də bu ailədaxili problemlərin çözülməsinin yeganə həlli boşanma olur. Ona görə bu həssas məsələyə xüsusi diqqətlə yanaşılmalıdır."

İlahə Sadıqova
Ümid Partiyası “Ailə, Qadın, Uşaq problemləri və Gender bərabərliyi” şöbəsinin müdiri, “Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə dissertant, ailə-nikah məsələləri üzrə ekspert

Xeberdar.net

XƏBƏR LENTİ