Sabiq nazir Tofiq Zülfüqarov:"ABŞ-ın regionda siyasəti Azərbaycana axıracan bəlli deyil"

655 27-12-2018, 12:55 siyaset

Sabiq nazir Tofiq Zülfüqarov:"ABŞ-ın regionda siyasəti Azərbaycana axıracan bəlli deyil"Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Amerikanın Səsi”nə müsahibəsində 2018-ci ildə xarici siyasətin əsas prioritetlərindən danışıb.

Xeberdar.net müsahibəni oxuculara təqdim edir:

– 2018-ci ildə Azərbaycanın xarici siyasəti hansı mühüm hadisələrlə yadda qalacaq?

​– Böyük hadisələri qeyd etsək, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunması böyük hadisədir. 20 ildən artıq danışıqlardan sonra nəticədə Konvensiya imzalandı. Təbii ki, bu, prosesin sonu deyil, yenə də müzakirələr davam etdiriləcək. Amma hansısa əsaslar artıq müəyyən olunub. Xarici siyasətə aid ikinci hadisə TANAP layihəsinin həyata keçirilməsidir. Bəziləri deyə bilər ki, bu, xarici siyasətə aid deyil. Amma mən bu fikirdəyəm ki, bizim heç də böyük olmayan ölkə üçün bu cür iqtisadi transregional layihələr birmənalı olaraq xarici siyasətimizə və xarici nüfuzumuza bağlı olan məsələlərdir. Bu silsilədən Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsini də qeyd edərdim. Digər hadisələrdən çox vacib olan ABŞ-la Azərbaycan arasında əlaqələrin daha da intensiv olmasıdır. Çox vacib məsələlərdən olan, Azərbaycan-Rusiya əlaqələrinin güclənməsi və dialoqun daha da intensiv şəkil almasıdır. Ümumiyyətlə, bizim xarici siyasətə çox təsir göstərən hadisə o oldu ki, Ermənistanda hakimiyyət dəyişdi və bu, ümumiyyətlə, Cənubi Qafqazda geopolitik vəziyyətdə dəyişikliklərə ümidlər yaradıb.

– Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan siyasətin prioritet olaraq qaldığını bildirir. Bu sahədə 2018-ci ilin yekunları ilə bağlı deyə bilərsiniz?

– Ümumiyyətlə, danışıqların nəticəsinin olacağına Azərbaycanda demək olar ki, heç kim inanmır. Mən də hesab erdirəm ki, danışıqlar yolu ilə nəyəsə nail olmaq mümkün deyil. Amma Ermənistanda baş verən hadisələr geopolitik vəziyyətə çox güclü təsir göstərir. Yəni, regionda olan güclərin balansına təsir göstərən çox vacib bir hadisədir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya və ABŞ arasında əlaqələrin kəskin olması və daha da kəskinləşməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə öz təsirini göstərəcək. Təbii, bu fikirləri açmaq üçün bir az çox vaxt lazımdır. Amma tezis olaraq bunları qeyd edərdim.

– Azərbaycanın xarici siyasət konsepsiyasında əsas məqsəd kimi Qərbə inteqrasiya götürülüb. 2018-ci ildə bu sahədə xarici siyasət idarəsi hansı işlər aparıb? Münasibətiniz necədir?

– Azərbaycan Qərbə inteqrasiyasında tərəfdaşlıq üslubuna üstünlük verir. Bu da çox vacibdir. Nəyə görə? Çünki Azərbaycan tərəfdaş olaraq həm Qərbdən nə isə götürmək istəyir, həm də Qərbə nə isə vermək iqtidarındadır. Bu baxımdan iqtisadi layihələr Qərblə əlaqələrin güclənməsi üçün böyük təməl qoyur. Bu layihələrin nəticəsində biz Avropaya daha yaxın oluruq və onlar bizi daha da yaxşı görür və qiymət verir. O ki qaldı digər məsələlərə, təbii ki, Avropa İttifaqı ilə danışıqlar səviyyəsində olan əməkdaşlıq haqqında sazişin işlənməsi də çox vacibdir. Orada baş verən hadisələr, Rusiyanın Ermənistana təhlükəsizlik qarantiyası verməsi təbii ki, Azərbaycan üçün ən böyük problemdir optimist qiymətləndirilə bilər.

– 2018-ci ildə Azərbaycanın MDB məkanı və digər qonşularla münasibətlərini necə qiymətləndirərdiniz?

– MDB məkanına çoğrafi baxımdan baxmaq lazımdır. Çünki siyasi baxımdan MDB bir o qədər aktiv deyil. Amma ikitərəfli əlaqələrə gəlincə, Azərbaycanın Belarusla, Ukrayna ilə, Qazaxıstanla, Türkmənistanla və digər MDB ölkələri ilə əlaqələrinə baxdıqda ölkəmizin xarici siyasəti bu istiqamətdə çox aktiv olub. Rusiya ilə əlaqələrin ən əsas meyarı (ictimaiyyət buna böyük əhəmiyyət verir) Qarabağ məsələsidir. Hesab edirəm ki, Rusiyanın bu sahədə mövqeyi vacib olan bir məsələdir. İqtisadi, humanitar və digər sahələrdə məsələlər asanlıqla həll oluna bilər. Bu sahədə ikitərəfli əlaqələr üçün lazımi şəraitlər yaradıla bilər. Qarabağ məsələsinə gəlincə, Ermənistana təhlükəsizlik qarantiyası verməsi təbii ki, Azərbaycan üçün ən böyük problemdir. İndi baş verən hadisələrə baxanda optimizm üçün bir qədər əsaslar mövcuddur. Amma bu hadisələr necə inkişaf edəcək? O da sual altındadır. Amma onu da qeyd etmək lazımdır ki, gözləmə mərhələsi çox uzanıb. Yəni, Rusiyanın hər iki tərəflə dost olmağa çalışması mümkün olan deyil. Hər halda Azərbaycan tərəfindən gözləmə mövqeyi heç də uzun müddət davam edə bilməz.

– Sizcə, 2019-cu ildə ölkənin xarici siyasətinin əsas prioritetləri necə olmalıdır?

​- Birinci prioritet Ermənistan – Azərbaycan münaqişəsinin həll olunması məsələsidir. İkinci istiqamət Azərbaycanın dünyada, ən azı regionda iqtisadi və siyasi rolunun güclənməsidir. Üçüncü istiqamət Türkiyənin Azərbaycanla əməkdaşlığının güclənməsi və dördüncü, Rusiya ilə olan problemlərin həll olunmasıdır. İlk növbədə Qarabağ mövzusunu nəzərdə tuturam. Beşinci, Avropa İtifaqı ilə əlaqələrin güclənməsidir. Altıncı istiqamət ABŞ ilə əlaqələrin güclənməsidir. O da sual altındadır. Əlaqələrin gücləndirilməsi üçün ikitərəfli istək olmalıdır. Hələlik ABŞ-ın regiona aid xarici siyasəti Azərbaycanda axıracan bəlli deyil. Əgər ABŞ administrasiyası əlaqələri gücləndirmək niyyətində olsa və konkret addımlar atsa bu istiqamət də çox vacib ola bilər.

XƏBƏR LENTİ