248 SAYLI MƏKTƏBİN BİR QRUP MÜƏLLİMİ TƏHSİL NAZİRİNƏ MÜRACİƏT ETDİ - “MƏKTƏB BATIB GEDİR”

1 026 9-01-2019, 11:19 cemiyyet / gundem

248 SAYLI MƏKTƏBİN BİR QRUP MÜƏLLİMİ TƏHSİL NAZİRİNƏ MÜRACİƏT ETDİ - “MƏKTƏB BATIB GEDİR”Rubrika.az saytına müraciət edən 248 saylı tam orta məktəbin bir qrup müəllimi məktəbdə baş verən qanunsuzluqlar, özbaşınalıqlar barədə məlumat verir, Təhsil nazirindən vəziyyətə təcili müdaxilə edilməsini istəyirlər. Müraciət müəllifləri bildirirlər ki, dəfələrlə Təhsil Nazirliyinə müraciətlər etsələr də onların səsini eşidən olmayıb. “Artıq Təhsil Nazirliyinə də inamımız azalıb.Çünki biz müəllim kollektivi dəfələrlə Təhsil Nazirliyinə faktlarla məktəbdə baş verənləri çatdırmışıq.Ancaq heç bir faydası olmayıb” deyə şikayətçilər bildirirlər.

Şikayət məktubunda məktəb rəhbərliyinin qanunlara məhəl qoymaması, özbaşına hərəkətləri barədə iddialar yer alıb. 248 saylı tam orta məktəbin direktor müavini Reyhanə Qurbanovanın saxta əmək kitabçası ilə fəaliyyət göstərdiyini bildirən şikayətçilər ciddi ittihamlar səsləndirirlər.

“Saxta əmək kitabçası olan 248 saylı məktəbin direktor müavini Reyhanə Qurbanova "böyük himayədarları" sayəsində bu vəzifəni tutur. Onun əmək kitabçasına nəzər salsaq 24.08.1998-ci ildən 03.09.2002-ci ilə qədər Azərbaycan Universitetində beynəlxalq münasibətlər-ölkəşünaslıq kafedrasında assisent vəzifəsində işlədiyini görərik. 20.04.2004-06.10.2009-cu il tarixlərində Elm İstehsalat Mərkəzində tədris üzrə mütəxəssis işləyib. Amma, hər iki iş yeri saxtadır. Çünki hər bir işçiyə 2006-cı il yanvar ayının 1-də sosial sığorta şəhadətnaməsi verilib. Bəs niyə həmin vaxt Reyhanə Qurbanovaya şəhadətnamə verilməyib? Çünki o saxtakarlıq edərək özünə saxta əmək stajı yazdırıb və əmək kitabçasına vurduğu möhür də saxtadır.”

Şikayətçilər həmçinin 0.5 ştat vahidi olan Reyhanə Qurbanovanın direktorun etimadını qazanaraq məktəbin bütün sənədləşmə işlərini apardığını , 1 ştat vahidi maaş alan Şəfəq müəllimənin isə kənarda qaldığını bildirirlər. “Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən direktor müavini özünə 12 saat dərs yükü götürüb. Amma coğrafiya müəllimi işləyən Nəcibə Dəmirovaya cəmi 9 saat dərs verilib.”

Məktub müəllifləri bildirirlər ki, savadı olmadığı üçün R. Qurbanova sənədləşdirmə işlərini apara bilmir, bu səbəbdən də riyaziyyat müəllimi Sevinc Canmirzəyeva onun işlərini görür. “Onun əməyini Xəyyam Fərəcov nəzərə alıb ona 2 sinif-yəni 9A və 10B sinflərinə rəhbər təyin edib. 10c və 11B siniflərinə isə direktorun 2-ci "sağ əli" Elman İsmayılov rəhbərlik edir. Ola bilər ki, onlar bu sinifləri kiminsə adına rəsmiləşdirirlər. Ancaq həmin siniflərə yuxarıda adlarını çəkdiyimiz şəxslər rəhbərlik edirlər. Siniflərdə şagirdlərdən yalnız 2-3 nəfər gəlir. Bunlar tədris ilinin başlanğıcından sinif rəhbəri, R. Qurbanova və direktor Xəyyam Fərəcov ilə danışıblar. Buyurub Təhsil nazirliyindən gəlib yoxlama apara bilərlər.”

Şikayətçilər direktor əvəzi Xəyyam Fərəcovun xüsusi himayədarlarının olduğunu, bu səbəbdən də istədiyi qanunsuzluğa imza atdığını bildirirlər. Əgər nəzərə alsaq ki, hazırda 248 saylı məktəbdə direktor əvəzi kimi fəaliyyət göstərən Fərəcov vaxtilə Təhsil Nazirliyində mühüm postlardan birini tutmuşdur. Media üzərindən gedən məlumatlarda məlum səbəblərdən X.Fərəcov Təhsil Nazirliyində işdən azad edildikdən sonra Bakı şəhər Təhsil İdarəsinə sığınmış, bir növ bu idarədə "köhnə əməllərinə" "zontik" tutaraq gizlənmişdir. "X. Fərəcov həmişə bizə deyir ki, BBTİ-nin işçilərinə mən hər şeyi izah edirəm. Çünki onların məktəb işlərindən başı çıxmır. Görürük ki, direktor düz deyir. Çünki X. Fərəcov məktəbə direktor təyin olunandan sonra məktəbə bir dəfə də olsun yoxlama gəlməyib.”

Məktubda yuxarı siniflərdə dərsə davamiyyətin olduqca acınacaqlı durumda olduğu, sinflərdə 2-3 şagirddən artıq dərsə gələnin olmadığı bildirilir. Şikayətçilər şagirdlər pul verərək dərslərdən yayındıqlarını yazırlar:

“Məktəbin ingilis dili müəlliməsi Valiyə Abbasova 11-ci sinfə rəhbərlik edir. Həmin sinifdə Babayev Baxış və Babayev İsmayıl qardaşları, Osmanov Kənan hər biri 1300 manat olmaqla direktor müavini R. Qurbanovaya ilin əvvəlindən veriblər. Məktəbin 10-11-ci siniflərində təxminən 200 şagird var. Bunun cəmisi dərsə gələni 15 nəfərdi. Qalan şagirdlərdən 1200-1300 manatdan yığıb direktora veriblər."

Şikayətçilər məktəbdə dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələrinin nəzərə alınmadığını, müəllimlərə qeyri-ixtisas dərslərin verildiyini bildirir, direktorun dərs bölgüsünü istədiyi kimi apardığını göstərirlər:

“1. Məktəbin direktor müavini qiyabi siniflərin şagirdlərindən pul yığır. Xatun Quliyeva coğrafiya fənnindən diaqnostik qiymətləndirmədə iştirak edib. Ancaq ona biologiya fənnindən 18 saat dərs verilib. Qiyabi qruplarda bir nəfər də olsa şagird tapmaq olmaz.

2. Məktəbin rus dili müəlliməsi Baxşəliyeva Elmira ixtisasartırmadan aldığı tarix diplomu ilə iştirak edib. Ancaq ona 15 saat tarix, 15 saat rus dili dərsi verilib.

3. Məktəbin biologiya müəlliməsi Nigar müəllimə imtahanda biologiya fənnindən iştirak edib, amma kimya dərsi biologiyadan çox verilib.

4. Hərbi rəhbər Mahmudov Məhəmməd hərbiyə aid imtahandan keçib, ancaq idman dərsi keçir və direktora yaxşı xidmət göstərdiyinə görə Xəyyam müəllim ona rəhbərlik etmək üçün 2 sinif verib.Bu siniflər 6 və 8B sinifləridir.

5. İdman müəllimi Zülfüqarova Nazilə bədən tərbiyə fənnindən iştirak edib,ancaq musiqi dərsi keçir.

Biz bilə bilmirik bu bölgünü kim belə ədalətsiz bölür. Əlbəttə ki, Reyhanə Qurbanova və Xəyyam Fərəcov. Hamısı da müəyyən maraqlar”

Məktubda 248 saylı məktəbdə yol verilən ciddi maliyyə pozuntuları barəsində də faktlar yer verilib:

“1-4 oktyabr 2018-ci ildə məktəbin riyaziyyat müəllimi Əhmədova Kəmalə Türkiyəyə dincəlməyə gedib. Ancaq həmin günlərdə dövlət sənədi olan jurnalı da öz xətti ilə yazıb. K. Əhmədovaya həmin günlərə əmək haqqı da yazılıb. Ödənilən əmək haqqını müəllimə X. Fərəcova və R. Qurbanovaya verib. Faktı yoxlamaq üçün sərhəd qoşunları idarəsinə sorğu göndərmək, məktəb jurnalını yoxlamaq və əmək haqqı cədvəlinə baxmaq kifayətdir. Bu səyahət 2018-ci ilin noyabrında da həmişəki qaydada təkrar olunub.

Ədəbiyyat müəllimi Məlahət Savadova da həmin vaxt ölkə hüdudlarından kənarda dincəlməyə gedib. Həmin üsuldan yenidən istifadə edilib. BBTİ-də işləyənlərin çoxu hüquqşünasdır. Necə olur ki, məktəbdə baş verən bu saxtakarlıqları onlar araşdıra bilmirlər?”

Şikayətçilərin sözlərinə görə bir qrup şəxs məktəbi şəxsi mülkü kimi istifadə edir:

“Direktor X. Fərəcova dedik ki, Ulu Öndər H. Əliyevin anım günündə tədbir keçirmək istəyirik. Onun bizə cavabı isə “harda keçirək?” oldu. Məktəbə məxsus akt zalında Xəyyam Fərəcovun göstərişi ilə parta düzülüb hazırlıq qrupları dərs keçirlər. Bu məktəbi Xəyyam Fərəcov şəxsi mülkü kimi idarə edir.”

Şikayətçilərin bildirdiyinə görə:

“Nefçala rayonu ərazisində yerləşən balıq yetişdirmə gölünün qarovulçusunun psixi problemi olan bir şəxs var. O Nefçala rayonunun İsmətli kənd X. Qafarov adına məktəbdə 12.01.2015-12.09.2015-ci il tarixlərində 8 ay katibə işləyib. Sonradan müəyyən vasitələrlə Bakıya gətirilən İlahə Hüseynova 27 gün (15.09.2015-12.10.2015) Zəkalar Liseyində işləyəndən sonra ordan qovulub. Sonra 19.10.2015-ci ildə 248 saylı məktəbin direktoruna rəhbərliyin göstərişi ilə bizim məktəbdə ibtridai sinif müəllimi işləyir. Bunu bizə İlahə müəllimə özü danışıb.”

Şikayətçilərin bildirdiyinə görə məktəbdə texnologiya və informatika dərslərindən söhbət belə gedə bilməz. Çünki bu dərslər jurnala yazılsa da heç vaxt keçilmir. “Məktəbin reytinqi ildən-ilə aşağı düşür. 2017-2018-ci tədris ilində təhsilin səviyyəsi 30 faiz aşağı düşüb. Bu da Xəyyam Fərəcovun “məhsuludur”. O gəlməmişdən məktəbin reytinqi 80 faiz idi.

Təhsil nazirinə müraciət edən şikayətçilər məktəbdə hökm sürən vəziyyətdən dərin narahatlıqlarını dilə gətirir, tezliklə müdaxilə olunmazsa vəziyyətin daha da acınacaqlı hal alacağını bildirirlər.. Həmçinin məktub müəllifləri məktəb rəhbərliyi tərəfindən təzyiqlərlə üzləşdiklərini də yazırlar:

“Biz bilirik ki, haqq səsimiz sizə gəlib çatmır. İstəyirik ki, video-rolik hazırlayaq. Ancaq qorxuruq. Hər dəfə biz yazı yazanda Xəyyam Fərəcov bizi beş-beş otağına çağıraraq məcburi şəkildə heç bir başlıq yazılmayan vərəqlərə imza atdırır. Bizə deyir ki, mən sonra başlıq yazacam ki, biz müəllimlər saytda gedən bu yazını yazmamışıq. O imzaları hara göndərir bilmirik. “

Şikayətçilər onlara ağ kağızlara imza atdırılmasından narahat olduqlarını bildirir, bunun onlara qarşı təxribat ola biləcəyindən qorxduqlarını söyləyirlər:

“Biz müəllimləri çox qorxudan bir iş var. Bizə tez-tez başlıq yazılmayan vərəqlərə imza etdirirlər. Dediklərinə görə BBTİ-nə veririk ki, saytlarda məktəbin adını biz hallandırmırıq. Sonra isə özləri başlıq yazaraq harasa göndərirlər. Qorxuruq ki, bu bəlkə dövlətimizə qarşı bir təxribatdır. Çox xahiş edirik ki, bunu ciddi şəkildə araşdırın.

Biz həm R.Qurbanovanın, həm də X. Fərəcovun bizə başlıq yazılmayan kağızlara imza etdirməsindən şübhəli qalmışıq.Bunlardan çox şey gözləmək olar.

Əgər bir “müəllimə” hələ 1998-ci ildə saxta əmək kitabçası hazırlayıbsa indiki vaxtda çox təxribatlar apara bilər. Xəyyam Fərəcov isə R. Qurbanovaya deyir ki, narahat olma, bu saxta möhür çoxdanın söhbətidir, mən imkan vermərəm ki, bu işi kimsə yoxlasın. “

Məktubu imzalayan müəllimlər bu dəfə də şikayətlərinə baxılmayacağı təqdirdə Prezidentə müraciət edəcəklərini bildirirlər.:

“Bir sözlə məktəb batıb gedir, valideynlər çox narazıdır. Xahiş edirik ki, nazirlikdən yoxlama göndərilib bu qanunsuzluqların qarşısı alınsın. Çünki bizə nə qədər ki, rəhbərliyi X. Fərəcov və R. Qurbanova edir, şagirdlərin heç bir gələcəyi olmayacaq. Cəmi 8 ay direktor işləyən və hələ o zaman -1998-ci ildə saxta möhür hazırlayıb öz əmək kitabçasına vuran birisindən biz nə gözləyə bilərik? Araşdırılsın ki, niyə R. Qurbanovaya sığorta kartı 2006-cı ildə yox, 2010-cu ildə verilib?Axı sığorta kartı işçilərə 2006-cı ildə verilib.

Bu dəfə də məktəbə yoxlama göndərilməzsə, biz müəllim kollektivinin harayına səs verilməzsə məcbur olub bu saxtakarlıqlar barəsində ölkə Prezidentinə müraciət edəcəyik.

Cənab nazir! Sizin bu işləri araşdıracağınıza arxayınıq. Şagirdlərin gələcəyi çox qaranlıqdır!”

Qarşı tərəfi dinləməyə hazırıq.

Xeberdar.net

XƏBƏR LENTİ