“Timsah” ləqəbli Zimbabve prezidentini Bakıya gətirən səbəblər

490 11-01-2019, 11:11 cemiyyet

“Timsah” ləqəbli Zimbabve prezidentini Bakıya gətirən səbəblərAsim Mollazadə: “Bu ölkələr Azərbaycanın BMT-də qeyri-daimi üzv seçilməsinə dəstək verib”; Qabil Hüseynli: “Zimbabve prezidentinin səfəri göstərir ki, ölkə dünyaya açılmaq istəyir”
Zimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər planlaşdırır. Bu barədə prezidentin mətbuat katibi Corc Çaramba məlumat verib. E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

“Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir”, - C.Çaramba bildirib.

Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir. Maraqlıdır ki, Robert Muqabe bu Afrika dövlətinin 40 il prezidenti olub. Qərb KİV-ləri onun haqqında yazırdılar ki, insan əti yeyir. Zimbabve diktatura şəraitində idarə edilən dövlət elan edilmişdi. Daha sonra bəyan olunmuşdu ki, bu ölkədə insan hüquqları pozulur. 2003-cü ildə isə Zimbabve sanksiyalara məruz qaldı. ABŞ Avropadakı müttəfiqləri ilə bu sanksiyaları razılaşdırmışdı. Nəhayət, 2017-ci ildə “adamyeyən” diktator Muqabe barəsində parlament impiçment qərarı qəbul etdi. İstefaya gedən Muqabenin ardınca Emmerson Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılması Zimbabvedə siyasi böhran yaratdı, ordu vəziyyətə müdaxilə etdi. Nəticədə R.Muqabe ev həbsinə məhkum olunmuşdu. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılmışdı. Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək 93 yaşlı prezidentini sədr postundan kənarlaşdırıb, yeni sədr Emmerson Mnanqaqvanı seçdi.

Mnanqaqva 1980, 2000 və 2008-ci ildə prezident seçkiləri vaxtı opponentləri zorakılıqla əzməkdə, müxaliflərin qətlində, orduya əmr verməkdə ittiham olunurdu. Son Zimbabve olaylarında isə Çinin rolunun olduğu söylənir.

İqtidara gələn kimi yeni prezident xalqa iş və demokratiya söz vermişdi, hətta Muqabenin devrilməsində xidmətlərinə görə orduya təşəkkürünü bildirmişdi. Halbuki o, Muqabenin ən vacib adamlarından biri idi və ədalət naziri işlədiyi dövrdə “Timsah” ləqəbi ilə tanınırdı.

O, radio verilişlərin birində ləqəbi barədə bu sözləri işlətmişdi: “Bir timsah ovlanmamaq üçün sudan çıxmaz və hücum etmək üçün təmkinlə uyğun zamanı gözləyər”.

“Adamyeyən” Muqabeni əvəzləyən “Timsah” Mnanqaqvanın Bakıya səfəri ilə Azərbaycan-Zimbabve arasında hansı münasibətlər qurulacağı maraq doğurur.

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xarici siyasətində tərəfdaşlığı genişləndirməyə yönəlik iş aparır: “Ona görə Latın Amerikası və Afrika ölkələri ilə əməkdaşlıq qurulur, bu əlaqələrin coğrafiyası genişləndirilir. İlk növbədə isə bu ölkələr Azərbaycanın BMT-də qeyri-daimi üzv seçilməyinə dəstək verib. Bu baxımdan Azərbaycanın problemlərini beynəlxalq təşkilatlarda qaldırarkən dəstək qazanmışıq”.

A.Mollazadə hesab edir ki, Azərbaycan əlaqələri daha da gücləndirməli, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmalıdır: “Ona görə bu məsələlərdə siyasi amillər prioritetdir, iqtisadi əlaqələr isə bu münasibətlərin qarşılıqlı nəticələridir”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə müasir dövrün səciyyəvi xüsusiyyəti dünya bazarları uğrunda mübarizədir: “İnkişaf etmiş və etməkdə olan ölkələr yeni bazarlar axtarırlar, ikitərəfli əlaqələr qurmaqda maraqlıdırlar. Dünyanın əksər ölkələri müasir dövrdə yeni inkişaf etməkdə olan ölkələrlə daha ciddi surətdə maraqlanırlar. Bu bazarlarda istehsal etdikləri məhsulları realizə eləmək, ucuz işçi qüvvəsindən istifadə etmək həmin ölkələr üçün həm iqtisadi cəhətdən, həm siyasi baxımdan sərfəlidir”.

Politoloqun fikrincə, bu baxımdan Azərbaycanın daha geniş coğrafiyaya nüfuz etmə istəyi təqdirəlayiqdir: “Biz sürətlə inkişaf edən ölkəyik. İstər Latın Amerikası, istərsə Afrika qitəsi ilə əlaqələr qurmaqdan faydalana bilərik. Eyni zamanda iqtisadi təsir dairəsinin genişləndirilməsi bir qayda olaraq siyasi dividentlərin əldə olunması ilə müşahidə olunur. Bizim bu qitələrin bir sıra dövlətləri ilə çeşidli əlaqələrimizin inkişaf edirilməsi Azərbaycanı dünyada tanıtmaqla yanaşı, beynəlxalq təşkilatlarda, BMT-dəki nüfuzuna təsir göstərir. Məsələn, BMT Təhlükəsizlik Şurasının keçici üzvü seçilərkən lehimizə verilən 122 səsin içində adını çəkdiyimiz qitədəki dövlətlərin payı olub. Onu da qeyd edək ki, postsovet məkanında biz BMT TŞ-nin qeyri-daimi üzvü olan ilk ölkəyik”.

Ekspert Zimbabveyə gəlincə qeyd etdi ki, Muqabedən sonrakı prezident ölkədə sosial ədalətin gerçəkləşməsi və dövlətin imici üçün müəyyən addımlar atmağa çalışır: “Bu da BMT tərəfindən təqdirlə qarşılanır. Zimbabve prezidentinin səfəri göstərir ki, dünyaya açılmaq istəyir, ölkəni dəyişmək istəyir. Ona görə Rusiya, Qazaxıstan, Azərbaycana səfəri, Davos forumunda iştirakı pozitiv enerjili siyasi iradənin nümayiş etdirilməsi kimi səciyyələndirilə bilər. Azərbaycana da ilk dəfə gəlir və əlaqələrin inkişaf etdirilməsi əhəmiyyətlidir. Ümid etmək olar ki, Cənubi Afrika Respublikası nümunəsini götürsək, Afrika ölkələri ilə əlaqələrin şaxələnməsi mühüm rol oynayacaq”.(musavat.com)

XƏBƏR LENTİ