Penitensiar Xidmət:Həbsxanalarda aclıq aksiyası keçirilmir

641 14-01-2019, 13:03 cemiyyet

Penitensiar Xidmət:Həbsxanalarda aclıq aksiyası keçirilmirPenitensiar Xidmət həbsxanalarda Mehman Hüseynova dəstək və siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq aksiyası başladığı haqqında məlumatı təkzib edib.

xeberdar.net-in “Turan” agentliyinə istinadən məlumatına görə, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov bu gün bildirib ki, heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir.

Qeyd edək ki, yanvarın 13-də 13 saylı cəzaçəkmədə cəza çəkən dörd məhbus blogger Mehman Hüseynova dəstək üçün və bütün siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq elan edib. Həmin gün axşam sosial şəbəkələrdə İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və jurnalist Elçin İsmayıllının ictimaiyyətə birgə müraciəti dərc olunub.

Müəlliflər qeyd edirlər ki, Mehman Hüseynovun başına gələnlərdən sonra (cəza müddətinin başa çatmasına iki ay qalmış yeni ittiham irəli sürülməsi) onlar repressiyalara birgə müqavimət göstərmək qərarına gəliblər. “Biz aclıq aksiyasına başlayırıq və digər siyasi məhbusların da qoşulacağına əminik”, – deyə müraciətdə qeyd edilir.

Onlar bütün siyasi məhbusları birliyə çağırırlar. “Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından narkotik, tank və s. tapacaqlar və ya kimisə “döyəcəyik””, – deyə bəyanatda bildirilir.

Onlar hesab edirlər ki, Qərbin dəstəyinə arxayın olmağa dəyməz. Müəlliflər digər siyasi məhbusları da aclıq aksiyasına qoşulmağa çağırıblar.

Daha bir məhbus Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğlunun da aclıq aksiyasına qoşulmaq niyyətində olduğunu bildirib. Bu barədə o, yanvarın 13-də 2 saylı cəzaçəkmə müəssisəsində oğlu ilə görüşdükdən sonra Facebook-da yazıb.

XƏBƏR LENTİ