İQTİSADİ ELİTA GƏLƏCƏKDƏN QORXMAĞA BAŞLAYIB! – “Siyasətçilərə ittihamdır”

595 27-01-2019, 13:26 siyaset

İQTİSADİ ELİTA GƏLƏCƏKDƏN QORXMAĞA BAŞLAYIB! – “Siyasətçilərə ittihamdır”Bütün dünyada iqtisadiyyat “kapitanları” gələcəyə pessimist baxmağa başlayıblar. Onların duyduqları bu təhlükəni siyasətin ünvanına ittiham da hesab etmək olar. Problem ondadır ki, iqtisadi bossların əhval-ruhiyyəsindən milyardlar asılıdır.

2019-cu il üçün böyümə proqnozunun azaldılması bank iqtisadçıları, analitik təşkilatlar və araşdırma institutları arasında demək olar ki, adi hal kimi qəbul olunur. Amma araşdırmalar göstərir ki, iqtisadiyyatda çox ciddi problemlər var.

Bütün dünya üzrə top-menecerlərin əhval-ruhiyyəsi pisləşib. İqtisadi elita gələcəyə pessimist baxır, 2009-cu il maliyyə böhranından indiyədək belə bir vəziyyət müşahidə olunmamışdı. Keçən il gələcəyə nikbin baxan şirkət rəhbərləri 45% təşkil edib.

Bu barədə “PwC” audit-konsaltinq şirkətinin 91 ölkənin 1378 top-meneceri ilə keçirdiyi rəy sorğusu təsdiqləyir. Araşdırmanın müəllifləri bu barədə yazırlar: “Şirkət rəhbərləri əvvəlki indikatorlara nisbətən konyuktur baxımdan daha da pessimist əhval-ruhiyyədədirlər”.

Əgər şirkət rəhbərləri pessimist əhvaldadırlarsa və gələcəklə bağlı böyük risklər görürlərsə, onda onlar sərmayə qoyuluşunu dayandırırlar. Əgər onlar nikbin əhvaldadırlarsa, belə olan halda onlar tədqiqatlara pul xərcləyir və iş yerləri yaradırlar.

Əgər onlar qloballaşmaya inanırlarsa, öz sərmayələrini bütün dünyaya istiqamətləndirir və qlobal istehsal zənciri qururlar ki, belə halda dünya daha sıx birləşmiş olur. Əgər onların proteksionizm qarşısında qorxuları varsa, onda onlar yerli bazarlardakı istehsal üzərində birləşməyə başlayırlar. Şirkətlərin əhval-ruhiyyəsindən milyardlar asılıdır. Belə ki, onlar ya sərmayə qoyacaqlar, ya da ki bundan vaz keçəcəklər.

Tanınmış Amerikan şirkətlərinin rəhbərləri arasındakı nikbinliyin aşağı düşməsi xüsusilə dramatikdir. Onların yalnız üçdə biri irəlidəki üç il ərzində şirkətlərinin böyüməsinə ümid bəsləyirlər. Keçən il iki şirkət rəhbərindən biri nikbin danışırdı. Maraqlı detal: ilk dəfədir ki, uzunmüddətli proqnoz qısamüddətli proqnozdan daha pis olub. Amerikan şirkətlərinin rəhbərlərinin 40 faizi hesab edir ki, bu ilki biznesin böyüməsi gələcək üç illik proqnozdan xeyli yüksəkdir.

“PwC” təhqiqatının müəllifi yazır: “Şirkət liderlərin əhval-ruhiyyəsi-dünya iqtisadiyyatı üçün yaxşı indikatordur və həqiqətən də şirkətlər 2009-cu ildəki iqtisadi çöküşü və bundan sonrakı mərhələdə V-yə bənzər böyüməni öncədən görmüşdülər”.

Bu cür qarşılıqlı əlaqə elmə də məlumdur. Görkəmli Britaniya iqtisadçısı Con Meynard Keyns investisiya qərarlarının alınması və bununla da konyuktur iqtisadi tsikllərə əhəmiyyətli təsir göstərən insanların “heyvani instinktləri” barəsində yazırdı. Alman iqtisadi möcüzəsinin atası Lyudvik Erxard da həmçinin bildirirdi ki, iqtisadiyyatdakı uğurun yarısı psixologiyadan asılıdır.

İqtisadiyyat liderlərinin təhlükə duymaqları siyasətçilərin ünvanına ittiham hesab edilir. Daha yüksək risklərin içərisində hədsiz tənzimləmə və siyasi sabitsizlik mühüm yer tutur. İxtisaslı kadrların çatışmamasında, ticarət münaqişələrində, geosiyası qeyri-sabitlikdə və proteksionizmdə də siyasətçilər günahlandırılırlar. Kiber risklər və texnoloji dəyişiklər qarşısında qorxunun öhdəsindən şirkət rəhbərlərinin özləri gəlməlidirlər.

Bütün dünya üzrə şirkət rəhbərləri süni intellektin dünyanı internetdən də dərin dəyişəcəyi fikrində yekdildirlər. Nə vaxtsa süni intellekt insan şüuru kimi həssas olacaq.

“PwC”-nin Almaniya üzrə bölməsinin rəhbəri Ulrix Şterk deyib: “Süni intellekt o zaman yaxşı ola bilər ki, onun bazasına yerləşdirilmiş məlumatlar yaxşı olsun. Almaniya şirkətlərinin rəhbərləri güman edirlər ki, məlumatların etibarlılığı hələ ki yetərli deyil”. Digər yandan onlar etiraf edirlər ki, bu istiqamətdə ixtisaslı kadrlar çatışmır.

“PwC” dəyərləndirməsinə görə, süni intellekt hesabına 2030-cu ilə kimi 15,7 trilyon dollar həcmində əlavə aktivlər yaradılacaq. Süni intellekt sferası üzrə hökmranlıq uğrunda Çin və ABŞ arasında mübarizə gedir. Avropa bu sferada zəif mövqe tutur.

Amma ABŞ və Çin kimi iqtisadi nəhənglər hər halda narahat olmalıdırlar. Bundan başqa şirkətlərin rəhbərləri Almaniyanın da mövqeyini sabit hesab etmirlər. Bu ölkələr mühüm bazarlardır, lakin onlar öz cazibədarlıqlarının əhəmiyyətli hissəsini itiriblər. Almaniyadakı şirkət rəhbərlərinin yalnız 13%-i öz ölkələrinin böyümə potensialını görür. Böyük Britaniya xaotik Breksit prosesi ilə məşğuldur. Britaniyalıların yalnız 8%-i öz ölkələrini böyümənin mühüm bazarı hesab edir. Keçid iqtisadiyyatlı Hindistan britaniyalıları ötüb.

Biznesin inkişafı üçün rəqabət planında siyasi xaos üzündən hansısa çaşqınlıq müşahidə olunur. Şirkət rəhbərlərinin 15%-i gələcəkdə öz bizneslərini harada inkişaf etdirəcəklərini bilmirlər.

ABŞ və Çin arasındakı münaqişə menecerlərin investisiya qərarlarına öz təsirini göstərib. Çin şirkətlərinin yalnız 17%-i ABŞ-dakı biznesin inkişafına inanır. Bu xüsusdakı reytinqdə Amerika Avstraliyadan da aşağıdadır. Almaniya və Çin münasibətlərində də geriləmə müşahidə olunur. Belə ki, Almaniya Çin şirkət rəhbərlərinin üstünlük verdiyi beş ölkədən biri deyil. Keçən il Almaniya hər beş çinlidən biri üçün cəlbedici ölkə kimi dördüncü yerdə gedirdi, lakin indi bu belə deyil.

(“Die Welt”-Almaniya)

XƏBƏR LENTİ