Arazlardan, Hadılardan xilas zamanı: siyasətdə Ümidsizlik və İqbal Ağazadə boşluğu...

670 2-04-2019, 12:23 siyaset

Arazlardan, Hadılardan xilas zamanı: siyasətdə Ümidsizlik və İqbal Ağazadə boşluğu...İngilis yazıçısı Samuel Consonun “Vətənpərvərlik əclafların son sığınacağıdır” fikri bu günlərdə arxi - aktuallığını daha çox hiss etdirir. O günlərdə ki, prezidentlərin Vyana görüşündən sonra qeyd-şərtsiz və birmənalı şəkildə aydın oldu ki, Qarabağın azadlığı hərb yolundan keçir.
Vətənpərvərliyi özünə son sığınacaq edən əclaflar susarkən, kimisi Aydın Xırdalanlı, kimisi çılpaq qızlar videosu, kimisi kazbek mahnısı kimi gündəmdə icazəli, təhlükəsiz mövzulardan klaviatura arxasında şirə dönüb yazarkən, Ümid partiyasının sədri İqbal Ağazadə kazbekdən də, əxlaqsızlıq videosundan da ağır dərd olan Qarabağ məsələsi ilə bağlı həyəcan təbili çaldı, əlini azman daşın altına qoydu.
İ.Ağazadə sistem qaydalarına biət etmədən, tükdən incə, həssas proseslər getdiyi vaxtda açıq və net danışdı: “Qarabağ uğrunda son ana qədər, son adamına qədər kəfən geyinib, canlı bomba olub döyüşəcəyik, amma o torpaqları verməyəcəyik!”
Və ingilis yazıçısından ingilis siyasi xadiminə keçid edərək Uintson Çörçillin buna bənzər çıxışını xatırlatmaq yerinə düşür. Bu haqda hörmətli təhsil eksperti Etibar Əliyev yazmışdı.
Çörçill deyirdi: “Biz öz adamızı nəyin bahasına olursa-olsun qoruyacağıq. Biz sahil boyu, aerodromlarda, meydanlarda, küçələrdə, dağlarda döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq”.
Çörçill Ağazadədən fərqli olaraq, 60 il parlament üzvü olub, dövləti idarə edib və bu qətiyyətli mövqeyə malik Ümid sədri də dövlət idarəçiliyində iştirak eləsəydi, Qarabağın işğaldan azad olunması istiqamətində fərqli siyasətin şahidi ola bilərdik.
Amma onu nəinki idarəçilikdə təmsilçiliyə yaxın buraxıblar, parlament təmsilçiliyindən də uzaq tutublar. Görəsən, hər çıxışı nifrət doğuran Araz Əlizadə kimə lazımıydı? Hardan çıxdı, necə çıxdı, bilmədik!
A.Əlizadənin deputat təyin olunmasına görə bəlkə iqtidardakılar da peşman olublar. Onun nə Milli Məclis fəaliyyəti, nə çıxışları ictimai rəyə təsiri edir. Siyasətlə ləyaqətli adamlar ləyaqətlə məşğul olmalıdırlar.
İ.Ağazadə təkcə modern siyasətçi deyil, tarixi bilən ziyalıdır, gəncliyə xitab etməyi bacaran natiqdir, çağdaş dövrün tələblərini, demokratiya ilə bərabər dövlətçilik, xalqçılıq prinsiplərini dərdindən bilən partiya sədridir.
Onun parlamentdəki çıxışlarına xronoloji ardıcıllıqla diqqət yetirsək, İ.Ağazadənin müxalifətçiliyi necə etmək lazımdır səmimiyyətini, peşəkarlığını görəcəyik, millətin millət vəkilliyini necə etdiyinə şahid olacağıq, Qarabağ, dövlətçilik kimi ümummilli maraqlar naminə hansı mövqeni tutduğunu biləcəyik.
İ.Ağazadə o siyasi fiqurlardandır ki, müxalifətin və iqtidarın ona nöqsan tutmağa arqumenti yoxdur. Çünki 90-ların siyasətində iştirakı olmayıb, o dövrün xətalarının məsuliyyətini daşımır, Ümid partiyası və onun gənc sədri siyasətə təkbaşına qoşulub.
İ.Ağazadə fərd olaraq bir partiyaya bərabərdir, onun siyasi çəkisi, sanbalı, nüfuzu bu gün Azərbaycan siyasətində zəruridir, hava-su kimi lazımlıdır.
Siyasi meydan korşaldıqca, dəyərlərin deqradasiyası getdikcə, cəmiyyəti silkələyən kənar təsirlər meydana çıxdıqca, insanları qıcıqlandırıb dövlətin üstünə qaldıran katalizatorlar “at oynatdıqca” gerçək siyasətçilərə, nüfuzlu ziyalılara, onların çağırışlarına ehtiyac duyulur.
İ.Ağazadə onlardan biridir, milli barış tərəfdarıdır, sözünü cəmiyyət eşidir, qəbullanır. Onun söyüş müxalifətinə bir barışçı mövqedən səslənməsinə, Qarabağ məsələsində qətiyyətli fikirlərinə hamıdan çox hakimiyyətin özü zərurət duymalıdır. Axı Araz Əlizadələr, Hadı Rəcəblilər kimə lazım idi?
Doğrudanmı, İlham Əliyevin siyasi kursunu müdafiə edən bu adamların çıxışları hakimiyyətə töhfə verir? İnandırıcı deyil, zərbədən başqa xeyirləri yoxdur.
İ.Əliyev köhnəlikdən qurtulmaq istəyində görünür, keçmişin eybəcərliklərini saxlayan, status-kvo istəyən məmurlarla vidalaşır, siyasi kimliyini, pasportunu yeniləyir, ölkəyə yeni siyasi sistem gətirmək niyyətində olduğu hiss edilir və Qərbin də təqdirlə qarşıladığı bu prosesi inkişaf etdirmək lazımdırsa, arazlardan, hadılardan da xilas olmaq, ən yeni parlament qurmaq zamanıdır.
Çağdaş siyasətin nəbzinə uyğun fəaliyyət göstərən, İqbal Ağazadə, Erkin Qədirli, Bəxtiyar Hacıyev kimi düşünən modern siyasətçilər parlamentdə olmasalar, hakimiyyətin siyasi reformaları yarımçıq qalacaq, ölü doğulacaq.
Axı kor-kor, gör-gör, hətta iqtidarın sərt tənqidçilərindən olan Emin Milli də islahatları bəyənir, davamına çağırış edir. Vaxtilə ABŞ Dövlət Departamenti parlamentdə yeganə tanıdığı müxalifət Ümid partiyası olduğunu açıqlamışdı. Bütün bu mesajlar, gerçəkliklər irəli pozitiv baxmağa kifayət etmirmi?
O baxımdan İ.Ağazadənin Qarabağ məsələsi ilə bağlı Çörçillsayağı qürurverici, cəsarətli və məğrur bəyanatına ilk növbədə hakimiyyətin özü reaksiya verməlidir, münasibətini bildirməlidir. Usta qələm adamı Aydın Canıyevin bu mövzudakı irihəcmli məqaləsində altından qırmızı xəttlə çiziləcək bir sətir var: Bu xalq və bu hökümət kimin haracan ciddi, səmimi, iradəli və qətiyyətli olduğunu bilir....

anaxeber.info

XƏBƏR LENTİ