"Səadət Butanın Aşıq Hüseyn Saraclı haqqında xatirələri"

765 2-04-2019, 23:51 cemiyyet

"Səadət Butanın Aşıq Hüseyn Saraclı haqqında xatirələri"Səadət Butanın Aşıq Hüseyn Saraclı haqqında xatirələri"

Borçalının gözəl şairi, sevimli və gözəl xanımı Səadət Buta həm də sözün-söhbətin çox gözəl xiridarıdı. Onun yaddaşında neçə-neçə kitaba sığmaz olan sözü var, söhbəti var. Hər görüşümüzdə yeni-yeni və maraqlı söhbətlərinin şahidi oluram Buta xanımın. Görüşlərimizin birində də sözümüz ustad aşığımız, rəhmətlik Hüseyn Saraclıdan düşdü. Səadət də ondan başladı söhbətə. Mən də onlardan bəzilərini dəftərimə yazmağa başladım. Ustadımızın anım günü ərəfəsində şair Səadət Butanın dediklərini sizlərlədə paylaşıram.

-Buta: Mən ustadı səsinnən, sazınnan tanıyırdım. Amma özünü ilk dəfə “Sovet Gürcüstanı” qəzetinin bir tədbirində görmüşəm. Süleyman müəllim məni ustada Dmanisinin şairi kimi təqdim elədi. Onun Koroğlu kimi görkəmi varıydı. Yerişində, duruşunda ləngərli dağlara bənzəyirdi. Adam onun heykəl duruşuna baxdıqca baxmaq istəyirdi. Rəhmətlik bir xeyli şirin-şirin danışannan sonra mən sual verdim. Və dedim ki, ay ustad, mən aşıq olmaq istəyirəm. Qardaşlarım, atam izin vermədi. Mən aşıq olsaydım dünya dağılardımı? Rəhmətlik bığaltı gülümsündü və dedi: – Dağılmağına dağılmazdı. Aşıq Sona kimi saz da çalardın, amma nə alan olardı, nə satan.
Ustadın arvadının əmisi qızı bizim kənddə yaşayırdı. Saraclı özü də Qızılkilsəyə həmişə gəlib-gedərdi. Bizim kəndin kolxoz sədri Bilaloğlu (Məhəmməd Bilal oğlu) Aşıq Hüseynən dost olub. Bir gün aşıq onlara gələndə qonşuluxdakı bir dul qadın öz oğlunu götürüb Saraclının yanına gəlir. Deyir ki, ay Saraclı babası, mənim oğluma saz öyrət. Saraclı əlini bığına çəkir və deyir:
– Baş üstə, Sənəm qarı. Oğluyun sazı varmı?
– Yox, atam-anam. Bir comuşum var, satıb, oğluma saz alajam.
Sonra ustad deyir ki, oğul bala, bir mahnı oxu görüm? Uşaq başlayır oxumağa.

Başkeçidin yolu əymə-üymədi,
Ay qız, yaxandakı qızıl düymədi.

Ustad gülümsünür və deyir ki, ay Sənəm qarı, get o comuşu sat, oğluna arvad al. Bunnan aşıq olmaz.
...1982-83-cü illərdi Bakıya getmişdim. Qardaşım dedi ki, aşıqların konserti var filarmoniyada. Getdik, başqa aşıqlar da varıydı. Onlar oxudu. Sonra ustada söz verildi. O, öz ağır yerişiylə səhnəyə gəldi. Tamaşaçılara baş əyib, təzim elədi. Yenicə sazı kökləyib çalmağa başlamışdı ki, anasıyla bərabər konsertə gələn bir körpə uşaq ağlamağa başladı. Hamı narahat oldu. Uşaq susmayanda milis bu ana-balanı bayıra çıxartmaq istədilər. Ana getmək istəımirdi. İşi belə görən ustad milisə üz tutdu:
– Oğul, onlara dəymə. Uşağı da qınamayın. O gördü ki, aşığın yanında zurna-balaban yoxdu. Bu işi özü görmək istəyir. Salonda böyük canlanma yarandı və ustad öz gözəl məclis aparmasıyla ağlayan uşağı da sakitləşdirdi, məclis əhlini də məmnun elədi.
...Bir gün Dunus kəndinə toya getmişdim. Məclisi rəhmətlik Hüseyn Saraclı aparırdı. Yanında da Əhməd Sadaxlı və Sədi Ulaclı varıydı. Bir gəlin ustada yaman qulluq eləyirdi. Ustad arifiydi, gördü ki, bu qulluğu bir az ağ eləyir. Özü də bir güllü don geyinib, fırfıra kimi fırraner. Bu dəm oxuduğu sözün arasına belə bir gül qoşdu:

Ay qız, yeri-yeri, ay donu güllü,
Dad sənin əlindən qırx iki dilli.

Bu tulamazdıyı eşidən gəlin o gedən oldu, bir də qayıtmadı.
... Salamməlikdə bir dostu varıymış ustadın. Bu dostun da qarımış bir qızı varıymış. Arvadı ölmüş bir kişi bu qıza elçi düşür. Qızın atası razılaşır, amma qız özünü öldürür ki, mən qız uşağıyam, dul kişiyə niyə gedim? 38 yaşlı bu qız daş atar, başını həmən daşın altına tutarmış ki, o hara – mən hara? Əlacsız qalan qızın atası öz dostu Aşıq Hüseyn Saraclıya üz tutur ki, onsuz da öydə qalan bu qızın başına bir ağıl qoysun. Onun əlini başına yığmağa yardımçı olsun. Dərdini danışır ki, mən adamlara söz vermişəm, xəjil olmayım. Bunu yola gətir. Hüseyn Saraclı da dostunun qızını yanına çağırır. Hal-əhvaldan sonra bu kişiylə niyə evlənməyə razı olmadığını soruşur. Qız da ürəkli-ürəkli başlayır ki, ay əmi, mən bir qız uşağı, oysa bir dul kişi. İstəmirəm, bir ayrı qismətim açılar onda gedərəm. Toyumu da sən çalarsan.
Saraclı da əlini bığına çəkib gülümsəyir və dostunun bu yaşda yenicə baxtı açılan və buna da arxa çöyürmək istəyən qızına görək nə deyir?
– Hə, qızım, sən düz deyirsən, amma qulaq as bu qoca əminə. Hürnisə, Pərnisə bacıları olur. Birinin 70, o birinin 60 yaşı varıymış. Bir gün bunlar dərdləşir. 60 yaşlı Pərnisə deyir ki, a bajın ölsün, bizi də bu yaşa qədər heç alıb-satan olmadı, qarıdıq, evdə qaldıq. 70 yaşlı Hürnisə də deyir ki, a bajı, qız oturar baxt üstündə. Bir gün bizim də baxtımız açılar. İndi o nisyəyimi gözdəsən xeyirdi, yoxsa bu nağdıyımı alsan? Qız razılaşır və elə Aşıq Söyün ordaykən qızın “hə”sini verib, şirinliyini içellər.
...Bir dəfə bizim kənddə bir toy varıydı. Toyu da ustad aparerdi. Mən də bir daldey yerdə aşığı dinləyerdim. O vaxt qızdarı kişi məclisinə qoymazdılar. Həmən məclisdə çox içən bir kişi varıydı. Heç kəsə aman verməz, elə özü danışar və arayı qatardı. Ustad aşıq bu vəziyyətə baxıb üz tutdu məclisə və bircə söz dedi:
– Hər canlıyı anası doğar, bu araq zəhrimarı da balası doğar.
Bu söz hər kəsə yetdi və o kefli adamı məclisdən araladılar.
...1984-cü iliydi. Narınc Xatın bizə gəlmişdi. Aşıq da bizə, Xatınnan görüşməyə gəldi. Mənim başım qarışmışdı. Qonşu gəlin gəldi ki, ay Buta, sizə qoja-qoja kişilər gəler. Bu sözü eşidən aşıq: a bala, mən Söyün Saraşdıyam.
Gəlin də ona:
– Sən Koroğluya oxşayırsan, ay Saraşdı bava.
Saraşdı cavabında: a qızım, sözün əvvəlini nə gözəl dedin, kaş əməlimizlə biz də Koroğlu olaq.
Rəhmətliknən sonralar çox doğmalaşdıq. O mənə, mən ona şeirlər yazdıq. Rəhmətlik məni çox istəyirdi. Mənə yazdığı üç bəndlik bir şeiri varıydı. Həmin şeiri sizlərə göndərirəm, əziz oxucular.


Eyləyibsən

Ağız, a günü qara, xavarın varmı,
Aşığı eşqinlə xan eyləyibsən.
A qannara düşmüş, qara gözünnən,
Bilirsənmi nejə qan eyləyibsən?

Qoynun için bənzər bağı- bostana,
Yazım tərifini salem dastana.
Çatdırem sazımnan düz Alosmana,
Görərsən gecəni dan eyləyifsən.


Yerişin, duruşun işvədi, nazdı,
Öyünmə, Saraclı tərifin yazdı.
Səndə də qiymətdi o qara gözdü,
Onu da aşıqdan yan eyləyibsən.
________________________________________
Qələmə aldı:
Güllü Eldar Tomarlı

XƏBƏR LENTİ