Müstəqillik illərində ailə-nikah münasibətlərində yaranmış probemlər və Ümid Partiyasının problemə baxışı və təklifləri

860 16-04-2019, 13:14 siyaset / gundem

Müstəqillik illərində ailə-nikah münasibətlərində yaranmış probemlər və Ümid Partiyasının problemə baxışı və təklifləri
Ailə bütün cəmiyyətlər üçün ən universal institut hesab olunur. Bu institut nəsilartırmadan başqa bir sıra funksiyaları yerinə yetirir ki, onlar arasında cəmiyyətin kiçik modellərinin formalaşması, münasibətlər sisteminin bazasının hazırlanması, toplum mədəniyyətlərinin bünövrəsi və s. var.
Məlumdur ki, ailə münasibətləri təhsilin, elmin təşkiliylə bağlı problemlərin geniş dairəsinə, cəmiyyətdə sağlam həyat tərzinin formalaşması üçün şəraitin reallaşdırılmasında əsas baza rolunu oynayır. Ailə sosial cəmiyyətin və sosial münasibətlərin ilkin tarixi formalarındandır və cəmiyyətin miniatür formasını özündə əks etdirir. Görkəmli Roma natiqi, siyasətçi, filosof Mark Tulli Siseron nikahı insan cəmiyyətinin ilk pilləsi sayırdı. Ailə tarixin müxtəlif inkişaf mərhələlərində özünəməxsus spesifik xüsusiyyətlərə malik olub. Cəmiyyətin müasir inkişaf mərhələsində isə ailə daha çox ər-arvad, uşaqlar və valideynlər, qohumlar, insan və cəmiyyət arasında münasibətlərin dəyişən və sistemləşən əlaqələrini özündə əks etdirir.
Dünyada XX əsrin əvvəllərində artıq kofiqurativ (kofiqurativ mədəniyyətin əsasını eyni mühitdə, eyni cəmiyyətdə yaşan insanların davranış modeli təşkil edir. Burada uşaqlar da, böyüklər də öz həmyaşıdlarından öyrənirlər) mədəniyyətin təsiri hiss olunmağa başladı. Belə ki, nuklear ailələr yarandı və bu ailələrdə yaşlı nəslin nümayəndələri-nənə və babalar - ilə nəvələrin əlaqələri getdikcə azaldı. Ailə təkcə valideyn və övladlardan ibarət oldu. Azərbaycanda bu proses demək olar ki, 1990-cı illərdən sonra özünü qismən də olsa göstərməyə başladı. Artıq Azərbaycanda ənənəvi böyük ailə modeli öz aktuallığını itirməyə başladı. Övladlar daha çox valideynlərdən ayrı yaşamağa, müstəqil ailə sahibi olmağa can atırdı. Bu tip ailələrdə uşaqların tərbiyəsinə valideynlərin təsiri bir o qədər də hiss olunmur, əvəzində bu funksiyanı olduğu mühit, kütləvi informasiya vasitələri, məktəblər, cəmiyyətdə mövcud sosial qruplar və s. yerinə yetirir. Bu da təbii ki, nəsillərarası konfliktlərə, mədəniyyətdə varislik prinsipinin pozulmasına gətirib çıxarır. Buna səbəb də uzun illərdir Azərbaycan ailəsinin laqeyd və sistemsiz siyasətdən əziyyət çəkməsidir. Təəssüflər olsun ki, bu da cəmiyyətin formalaşmasına təsirsiz ötüşmür.
Azərbaycan vətəndaşlarının 51%-ni qadınların təşkil etməsinə baxmayaraq, qadın və uşaqlara yönəlik siyasət də digər mühüm sahələr kimi ölkə vətəndaşlarının maraqlarına və gələcəyimizin planlaşdırılmasına cavab vermir.
İctimai və sosial həyatda qadınların rolu və yeri elə də nəzərə çarpmır, zorakılığa qarşı effektli mübarizə aparılmır, cinsi zorakılıq aradan qaldırılmır, dövlət və özəl müəssisələrdə gender bərabərliyinə əməl edilmir.
Uşaqlara yönəlik mövcud siyasət də planlı və gələcəyə yönəlik deyil, cari layihələrdən kənar dövlətin uşaq siyasəti layihələndirilmir. Bütün bu səbəblərdən dolayı, ailə, qadın, uşaq problemləri bizi ən çox narahat edən və prioritet hesab etdiyimiz sahələrdəndir.
Ümid Partiyasının Ailə, Qadın, Uşaq problemləri və Gender bərabərliyi məsələləri üzrə təkliflər paketi var və bu təkliflər paketində vacib saydığımız bir çox məsələlərin həlli yolları öz əksini tapıb:
- Ailə sağlamlığının qorunması, uşaq dünyaya gətirilməsi, onların tərbiyə olunması , təhsili müvafiq qurumlar tərəfindən sistemli və ardıcıl proqramla qorumaq və nəzarət etmək;
- Ailədə milli mənəvi dəyərlərin qorunması ilə yanaşı, azad, şəxsiyyət formalaşdıran mühitin saxlanılmasını təşviq etmək;
- Çoxuşaqlılığı dövlət tərəfindən himayəyə götürmək;
- Hər bir uşağın doğulmasına görə ailəyə maddi vəsait ödənilməsi və bu vəsaitin uşaqlar 18 yaşına çatana qədər toxunulmazlığını təmin etmək;
- Analıq məzuniyyətinə çıxan qadınlara dövlət dəstəyini təşkil etmək;
- Ailədaxili şiddəti önləyici tədbirlər görülməsi, bundan zərər çəkən qadın və uşaqları qoruyacaq hüquqi normalar, qaynar xətlər yaratmaq;
- 18 yaşa qədər hər bir uşağa mərhələli uşaq pulu ödəmək və s.
Ailədə problemlərdən biri qadınlar və kişilərin arasında gender bölgüsüdür ki, bu da fəaliyyətin və sosial rolların növlərinin effektiv bölgüsünü təşkil edir.
Cəmiyyətdəki demokratik dəyişikliklər gender problemlərini yenidən işıqlandırmaqla qadınların cəmiyyətdə yeni maarifləndirici statusunun formalaşmasına şərait yaradır. Eyni zamanda, yeni münasibətlər patriarxal təsəvvür və stereotiplərlə səsləşərək, cəmiyyətin bu və ya digər sferalarında qadının iştirakının sərhədləri haqqında təsəvvürlər formalaşdırır.
Hesab edirəm ki, cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətində özünü göstərir. Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır. Qadına və uşağa olan münasibət kişinin insanlara qarşı nə dərəcədə düzgün və mərhəmətli ola biləcəyinin qüsursuz mənəvi ölçüsüdür.
Özünün doğurqanlıq funksiyası ilə əlaqədar qadın nəsillə əlaqədar məsələlərdə sosial cəhətdən daha tez yetişir, ailə işlərində daha düşüncəli və dərin intuisiyaya malik olur.
Ölkə idarəçiliyində gender balansının gözlənilməsi müsbət faktor hesab olunur. Bunun nəticəsi olaraq, bir çox ölkələrin sosial-iqtisadi və idarəçilik sahələrindəki siyasəti gender bərabərliyi istiqamətində aparılır. Hazırki mərhələdə 170-dən çox ölkə 1979-cu ildə qəbul edilmiş “Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya”ya qoşulub. Bu, qadının cəmiyyətdəki yeri və rolunun dərk edilməsi istiqamətində irəliləyiş deməkdir. Lakin təəssüflə qeyd edə bilərəm ki, hələ də bir çox ölkələr bu istiqamətdə heç bir addım atmayıblar, hələ də, heç bir ölkə iqtisadi, siyasi, sosial, mədəni, ailə-məişət sahələrində tam gender bərabərliyinə nail ola bilməyib. Biz də bu ölkələr sırasındayıq.
Qadınların təhsili istiqamətində görülən işlər, eyni zamanda bu istiqamətdə təhsil modelinin yaradılmasını zəruri edir. Qadın təhsili modeli qadına təhsili başa vurduqdan sonra cəmiyyətdə mütəxəssis kimi reallaşmasına, müxtəlif sosial və ailədaxili rolların reallaşmasına təminat verməldir. Qüvvədə olan təhsil sistemlərinin tədqiqatı göstərir ki, onlar əsasən cəmiyyətdə kişilərin üstün mövqeyini əks etdirən ənənəvi iyerarxiyanı canlandırırlar. Bununla belə, gender bərabərliyinin milli strategiyalarının analizi onların fərqli xüsusiyyətlərini görməyə imkan verir. Beynəlxalq təcrübələri müqayisə edərkən qeyd edə bilərik ki, müxtəlif dövlətlər bu istiqamətdə öz milli mədəni ənənələr, spesifik siyasi vəziyyət, milli mentalitet xüsusiyyətləri və s. özəllikləri ilə hərəkət edirlər. Məsələn, Fransa Milli Məclisində qadın deputatların payı ənənəvi olaraq, o qədər də çox deyil. Bunu nəzərə alaraq, 2000-ci ildə siyasətdə qadın və kişi bərabərliyinin təmin edilməsi istiqamətində bir sıra qanunlar qəbul edilib. Almaniya Bundestaqında isə əksinə, gender hüquq bərabərləyinin qorunması istiqamətində heç bir hüquqi-normativ aktlar, qanunlar qəbul edilmədiyi halda, bu ölkədə qadınlar demək olar ki seçkilərdə deputat yerlərinin yarısını qazanılar. Bu da qadının cəmiyyətdəki yerindən irəli gəlir.
Azərbaycanda gender problemlərinin vəziyyəti və dinamikasını araşdırarkən qeyd edə bilərik ki, son illərdə Azərbaycan Respublikasında qadınların sosial funksiyalarında və fəaliyyət formalarında müsbət mənada bir sıra dəyişiklik və yeniliklərin baş verdiyi danılmaz bir gerçəklikdir. Bu gün ölkəmizdə qadın problemləri ilə məşğul olan onlarla strukturlar və qeyri-hökumət təşkilatları rəsmi şəkildə fəaliyyət göstərir. Bununla belə, Azərbaycan mədəniyyətində androsentrizm üstün mövqeyini qoruyub saxlayır. Bu isə gender asimmetriyasının, ənənəvi standartlaşmış təsəvvürlərin-gender stereotiplərinin qorunub saxlanılmasını təmin edir. Bu həqiqət genderin inkişafı yolunda ölkəmizdə sosial institutlar, o cümlədən təhsil sistemi qarşısında çox işlərin görülməsi məsələlərini irəli sürür. Müasir cəmiyyətin bütövlükdə və onun ayrı-ayrı institutlarının hərtərəfli inkişafı təhsil sisteminin inkişafı olmadan mümkün deyil. Məlumdur ki, son illər ölkəmizdə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılıb. Azərbaycan Respublikasının qanunvericiliyi qadınların bu müəssisələrdə kişilərlə bərabər hüquqda təhsil almasını təmin edir. Ümumiyyətlə, Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiyasında və digər qanunverici sənədlərdə qadın və kişilərin hüquq bərabərliyi, azadlıqları birmənalı şəkildə qətiyyətlə təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, “kişi və qadının eyni hüquqları və azadlıqları vardır”. 14 yanvar 1998-ci il tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsi, 6 fevral 2006-cı il ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılsa da bu sahədə hələ də nəticələr ürəkaçan deyil.
Regionlarda da gender bərabərliyi mövzusu bir qədər geridə qalır. Ənənəvi olaraq, qadın və kişilər arasında kəskin əmək bölgüsü mövcuddur. Müvafiq resurs mərkəzlərinin olmaması, stereotiplər və ev işlərinin çoxluğu, özünə inamın zəif olması qadınların sosial aktivliyinə birbaşa təsir edir. Gənc qızlar ictimai fəaliyyətlərə az maraq göstərir, düşünmürlər ki, bu onların gələcək ailə həyatına təsir edə bilər. Gənc xanımların ev, həyat yoldaşı və azyaşlı uşağının qayğısına qalmaq məcburiyyəti, böyüdükləri mühit, üstəlik həyat yoldaşının qısqanclığı onların sosial həyatda daha aktiv mövqeyinə mane olur.
Qaçqın və məcburi köçkünlər, ailə başçısını itirmiş və az təminatlı ailələrdəki qadınlar daha həssas qruplara aid edilir. Həyat yoldaşının vəfatı, müharibədən sonra fiziki imkanlarının məhdudlaşması və ya ölkəni tərk etməsi ailənin bütün yükünü qadının üzərinə salır. Bu cür ailələrdəki qadınlar şəraitdən dolayı daha az bacarıqlara, biliyə, resurslara malik olduqlarından, digərlərinə nisbətən zorakılığa, ayrı-seçkiliyə daha çox məruz qalırlar. Bu və ya digər obyektiv səbəblərdən regionlarda yaşayan qadınlar təhsildən, inkişafdan geri qalır.
Cəmiyyətdə gender bərabərsizliyinin, qadına qarşı diskriminasiyanın aradan qalxmasına bir çox hallarda təhsil prosesində edilən dəyişikliklər kömək ola bilər. Lakin bunun başlanğıcı ailə tərbiyəsində, valideynlər və yaxın qohumların bizim ənənəvi mədəniyyətimizdə oğlanlar və qızların assosiasiya olunduqları təsəvvürlərə və anlayışlara düzəliş etmək istəyinin olmasındadır. Uşağın gender identikliyinin qurulması erkən yaşlardan başlayır və insanın həyatı boyu ona düzəliş edilir. Təəssüflə qeyd etmək lazımdır ki, erkən yaşlarından oğlanlar və qızlar üçün informasiya proseslərinin seleksiyası mövcuddur. Məsələn, qızlara gəlinciklər, mətbəx əşyalarına bənzəyən oyuncaqlar almaq və ya nisbətən böyük yaşda musiqi, toxuculuq məktəbinə yazdırmaq və s., oğlanlar üçünsə maşın, robotlar, müharibə və ya fantastik qəhrəmanları əks etdirən oyuncaqlar, kompüterlər və s. almaq, şahmat məktəbinə, üzgüçülüyə yazdırmaq. Bununla da qızların rasional və mücərrəd düşüncə sahəsi bir qədər dar çərçivədə qalır. Onun geniş aspektdə düşünməsinə şərait yaradılmır.
Bu istiqamətdə Ümid Partiyasının Ailə, Qadın. Uşaq problemləri və Gender bərabərliyi üzrə müavinliyi fəaliyyətini bir çox istiqamətlər üzrə qurmuş və davamlı olaraq, müxtəlif təşəbbüs və təkliflərlə çıxış edir:
• insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə, uşaq və qadın hüquqlarının qorunmasını və onların pozulmasının qarşısını almağın yollarını ictimailəşdirmək və təşviq etmək;
• müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;
• müvafiq sahə üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında təkliflərlə iştirak etmək;
• müvafiq sahə üzrə proqramlar və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
• qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq;
• müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq aidiyyatı qurumlara təkliflərin verilməsini təmin etmək;
• məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində partiya siyasətinə uyğun olaraq, qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələr hazırlamaq və əlaqədar təşkilatlara təkliflər vermək;
• ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, xüsusilə əlil qadınların və uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə proqram və vəsatətlərlə çıxış etmək və s.

İlahə Sadıqova
Ümid Partiyası sədrinin Ailə, Qadın, Uşaq problemləri və Gender bərabərliyi məsələləri üzrə müavini, kulturoloq

XƏBƏR LENTİ