İstanbuldakı seçkiyə münasibət Türkiyə demokratiyasının barometridir

706 16-04-2019, 17:25 siyaset / cemiyyet

İstanbuldakı seçkiyə münasibət Türkiyə demokratiyasının barometridir

Türkiyədə yerli seçkilərdən artıq 17 gün ötür. Seçki sonuclarına görə hakim partiya daha çox bələdiyyə yerləri əldə edərək seçimi qazanmış hesab olunur . Amma görünən budur ki, böyük şəhərlərdə müxalifətin qələbəsi seçkilərdə iqtidar partiyasını olduqca nigaran durumda buraxıb. Özəlliklə hakim partiyanın İstanbuldakı seçkinin sonucuna münasibəti qardaş ölkədə demokratiyanın durumunun hələ də kövrək olduğunu göstərdi. Belə ki, şəxsən mənim üçün iqtidar mənsublarının seçki öncəsi mesajları ilə seçki sonrası açıqlamalarının uyuşmaması ədalətli seçki tələbindən daha çox məğlubiyyətlə heç cür barışmama ,nəyin bahasına olursa olsun seçkinin qalibi kimi tanınma təsiri bağışlayır. Paradoksal tablo isə çox açıq, həm də üzücüdür.
Seçki öncəsi mesajlara diqqət edək.
“Saxta, hayali seçici deye bir şey yox” ( YSK başqanı S.Güven)
“Seçimi dünyada bizim YSK-dan daha yaxşı yapan yoxdur”.(Ali İhsan Yavuz Akp il başqanı)
“Türkiye seçim yapma ve seçim güvenliği konusunda dünyada önde gelen ülkelerden biridir ve hatta başlarındadır" (Dİ naziri Süleyman Soylu) və sair.
Seçkidən sonra isə tam fərqli mövqeyin şahidi oluruq.
R. T. Erdoğan: “Ümid edirəm İstanbul nəticələri ləğv ediləcək”
B. Yıldırım "Bu seçim murdar olmuş bir seçimdir”
Kimsəyə sirr deyil ki, Azərbaycan olaraq əsas istəyimiz güclü Türkiyənin varlığıdır . Bizə ən yaxın, qardaş ölkədə azad, demokratik seçkilərin keçirilməsi həm də Azərbaycanda demokratik islahatları , azad seçkiləri tələsdirmək , 20 ildir komada saxlanılan siyasi institutlaşmanı dirçəltmək baxımından da önəmlidir. Ona görə Türkiyədəki seçkilərin taleyinə biganə deyilik və inanıram ki, ən çox mübahisəyə səbəb olmuş İstanbul seçkilərinin sonucu ədalətli şəkildə açıqlanacaq və qazanan təkcə 16 milyonluq meqapolis deyil, bütövlükdə cumhuriyyət dəyərləri və demokratiya olacaq. Güclü Türkiyenin varlığı üçün demokratik seçim vazkeçilməzdir. Bununla paralel olaraq 1923-cü ildən izlənən Atatürk ilkələrinə sahib çıxmaq da Türkiyə siyasilərinin dəyişməz prinsipi olmalıdır. Düşünürəm ki, iqtidarda hansı partiyanın təmsil olunmasından asılı olmayaraq bu prinsiplər bütün dönəmlər üçün dəyişməz olaraq qalacaqdır. Ən azı diləyimiz budur...

Rüfət Muradlı

Ümid Partiyası sədrinin müavini

Xeberdar.net

XƏBƏR LENTİ