Zülfüqarlı qardaşlarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şok müraciət

1 102 17-04-2019, 14:14 siyaset / cemiyyet / gundem

Zülfüqarlı qardaşlarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şok müraciət

Zülfüqarlı qardaşlarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şok müraciət
Nurəddin və Loğman Zülfüqarlı qardaşları “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədovun onlara qarşı qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Müraciətdə bildirilir:

Cənab Prezident, hörmətli Mehriban xanım, Sizin son zamanlar ölkəmizdə həyata keçirdiyiniz davamlı islahatlar respublika ictimaiyyəti tərəfindən, həmçinin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Lakin, təəssüflər olsun ki, bəzi qüvvələr Sizin ölkəmizin iqtisadi və siyasi həyatında atdığınız bu uğurlu addımlara kölgə salmağa çalışır.
Sizə bildiririk ki, “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədov mütəmadi olaraq Zülfüqarlı qardaşlar barədə mətbuatda həqiqətə uyğun olmayan, böhtan xarakterli yazılar yazdırır və açıqlamalar verir. Bundan başqa, məhkəmələrə təzyiq göstərərək, qanunsuz qərarlar qəbul etdirir və bu yolla bizə məxsus olan əmlakları ələ keçirir.
Sonuncu dəfə “Haqqın.az” saytına Rasim Məmmədovun verdiyi açıqlama bizi arzulamadığımız bu müraciəti sizə KİV vasitəsilə ünvanlamağa məcbur edib.
2002-ci ilin aprel ayında Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlarla görüş keçirildi. Ulu öndərin tövsiyəsi ilə tenderdə iştirak edərək, “Bakı Elektroştamp” zavodunun özəlləşdirilməsi ilə bağlı tenderin qalibi olduq. Bundan sonra külli miqdarda investisiya yatırmaqla yararsız vəziyyətdə olan həmin zavodda istehsal prosesini yenidən bərpa etdik. Yüzlərlə vətəndaşımız işlə təmin olundu.
Eyni zamanda 2002-ci ilin may ayında Ulu öndərimiz Heydər Əliyevin tövsiyəsi ilə “Bakı Poladtökmə” zavodunun özəlləşdirilməsi üçün elan edilən tenderdə də iştirak etdik. Həmin tenderin qalibi olaraq külli miqdarda investisiya yatıraraq adıçəkilən zavodu özəlləşdirərək, müəssisədə müasir texnoloji avadanlıqlar quraşdırıb istehsal prosesinə başlayaraq minlərlə vətəndaşımızı işlə təmin etmişdik.
Cənab Prezident, hörmətli Mehriban xanım, bundan başqa 2008-ci ildə külli miqdarda investisiya yatıraraq Qaradağ rayonu ərazisində Qafqazda analoqu olmayan iri diametrli spiral boru istehsalına başlayaraq “Xəzər-boru” zavodunu tikdik. Yuxarıda qeyd etdiyimiz zavodların hamısı təzyiq göstərilərək müxtəlif yollarla əlimizdən zorla alındı.
Eyni zamanda 2010-cu ildə Bakının Keşlə qəsəbəsində müasir universal şverler və armatur istehsalı üçün yayma xətti quraşdırdıq. Külli miqdarda investisiya yatırdığımız, bizə məxsus həmin xətti Rasim Məmmədov məhkəmələrə təzyiq göstərməklə qanunsuz qərarlar çıxartdıraraq, qismən ələ keçirməyə nail oldu. Məhkəmə qərarında həmin yayma xəttinin yalnız bir hissəsinin Rasim Məmmədova məxsus olması qeyd edilsə də, komplektliyi tam olmayan və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyləri ilə həmin avadanlığın istismara yararsız olduğu müəyyən edildiyi halda O, bu gün də məhkəmələrə təzyiq göstərməklə, qanunsuz olaraq bizdən əldən çıxmış fayda adı ilə külli miqdarda pul tələb edir. Baxmayaraq ki, bu tələb tamamilə qanunsuz və absurddur. R.Məmmədov əvvəlcə əmlakımızı zorla əlimizdən alır, sonra bu azmış kimi, bizdən əldən çıxmış fayda adı ilə külli miqdarda əlavə pul tələb edir. Onun bu davranışları hətta işə baxan hakimlərdə də təəccüb və ikrah hissi yaradır.
Bundan başqa, Loğman Zülfüqarlı 2004-cü ildə külli miqdarda investisiya yatıraraq Binəqədi rayonu, Binəqədi şossesi 53 M ünvanında 0,17 hektar torpaq sahəsində 2500 kvadrat metrlik ofis binası tikdirib. 2011-ci ilin yanvar ayından həmin əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışda ofisin şəxsi əmlak kimi göstərilməsinə baxmayaraq, Rasim Məmmədov zorla onu da ələ keçirib və bu günə qədər qaytarmır.
Bununla birlikdə, Elnur Zülfüqarlıya məxsus Binəqədi rayonu ərazisində, ümumi sahəsi 1147 kvadratmetr istehsal sahəsi olan qranitkəsmə sexinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair şəhadətnaməni belə nəzərə almadan, həmin sexi də zorla ələ keçirib və bu günə qədər də qaytarmır.
Rasim Məmmədov biz, Zülfüqarlı qardaşlarına qarşı hüquq-mühafizə, istintaq, məhkəmə orqanlarına təzyiq göstərərək dəfələrlə qanunazidd hərəkətləri ilə bizə məxsus əmlaklarımızı zorla ələ keçirərək və bizə dəyəri milyonlarla ölçülən zərər vurub. Həmçinin bunun nəticəsində minlərlə vətəndaşımız işindən məhrum olub. Zəbt olunan sadaladığımız zavodlar və digər müəssisələr isə Rasim Məmmədovun şəxsən rəhbərliyi ilə dağıdılıb və xarabalığa çevrilib.
Cənab Prezident, hörmətli Mehriban xanım, Rasim Məmmədov himayədarlarına arxalanaraq bu qədər saysız-hesabsız qanunsuz əməlləri törətməklə respublikanın rəhbərliyinə biz Zülfüqarlı qardaşları barəsində yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar verib. Hətta “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodlarını, bizi uydurma ittihamlarla həbs etdirərək ələ keçirmiş, lakin həmin əmlakların dəyərini bu günədək ödəməmişdir. R.Məmmədov tərəfindən zorla ələ keçirilən əmlakımızın dəyərinin ödənilməsi barədə respublika rəhbərliyi tərəfindən verilən tapşırığı yerinə yetirməyib və həmin məbləğ də bu günə qədər ödənilməyib. Bizdə olan məlumata görə, həmin məbləğ şəxsən R.Məmmədovun özü tərəfindən mənimsənilib.
Bizə qarşı bu qədər qanunsuzluğa, özbaşınalığa və analoqu olmayan haqsızlıqlara baxmayaraq, Rasim Məmmədov hansı üzlə, mütəmadi olaraq mətbuata Zülfüqarlı qardaşları barəsində həqiqətəuyğun olmayan ziddiyyətli, böhtan xarakterli açıqlamalar verir.
Biz inanırıq ki, Sizin müdaxilənizlə Rasim Məmmədov öz çirkin əməlindən, nəhayət geri çəkiləcək. Çünki Zülfüqarlı qardaşlarının Azərbaycan dövlətinə, hakimiyyətinə, xalqımıza hər zaman göstərdiyi xidmətlər respublika ictimaiyyətinə də məlumdur. Rasim Məmmədovun bu cür qanunsuz hərəkətləri ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurur, və ölkəmizin nüfuzuna ciddi xələl gətirir. Təəssüf ki, R.Məmmədov bunu hələ də başa düşmək istəmir.
Sizdən xahiş edirik ki, müvafiq tədbirlər görərək Rasim Məmmədovun əməllərindəki danılmaz cinayət faktlarının araşdırılması üçün hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz və işin ədalətli həllini şəxsi nəzarətinizə götürəsiniz.
Hörmətlə, Nurəddin və Loğman Zülfüqarlı qardaşları

P.S. Bizi bu müraciəti ünvanlanmağa “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədovun uzun illərdir davam edən qanunsuz hərəkətləri, böhtanları məcbur edib.


Xeberdar.net

XƏBƏR LENTİ