"Hökumət əhalinin güzəranını nəzərə alıb, işıqdan istifadəyə görə analoji qərar versə..."

1 067 17-05-2019, 10:47 iqtisadiyyat

"Hökumət əhalinin güzəranını nəzərə alıb, işıqdan istifadəyə görə analoji qərar versə..."Prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həllilə bağlı fərmanı cəmiyyətdə müsbət qarşılandı. Bununla belə, ölkənin bank sistemi ilə bağlı daha bir vacib problem qalır. Bu, sığortalanmış əmanətlərin qaytarılması ilə bağlıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Reyting.az-a müsahibəsində bu problemin həllindən, eləcə də əhaliyə elektrik enerjisi ilə bağlı tətbiq edilən limit məsələsinə Tarif Şurasının yenidən baxmasının mümkün olub-olmamasından danışıb.

- Əli bəy, sığortalanmış əmanətlərin qaytarılması ilə bağlı problem hələ də həll olunmamış qalır. Əmanətlərin Sığortalanması Fondu ilə bağlı xeyli narazılıqlar var. Müflis elan olunan bankların əmlaklarının qiymətləndirilməsi, bu banklarla bağlı əmanətçilərə hərtərəfli məlumatların verilməməsi də müşahidə olunur.

- Məlum olduğu kimi, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti bu ilin martında bitdiyindən, həmin qanunun fəaliyyət müddəti əlavə olaraq bir il də, yəni 2020-ci ilin mart ayının 4-ə qədər uzadıldı. Əvvəllər yalnız 30 min manatadək əmanətlər sığortalanırdı. Yeni qaydaya görə, artıq 4 ildir ki, qorunan əmanətlər tam sığortalanır. Bu qanunun məqsədi ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək, cəmi əmanətlərin 24,3 faizini (2,3 milyard manatını) kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə əmanət portfelinin 77 faizi (6,4 milyard manatı) kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24 faizini (1,5 milyard manatını) 30 min manata qədər əmanətlər təşkil edir. Qanunun müddəti uzadılmasaydı, 4,9 milyard manat əmanət ilə bağlı qeyri-müəyyənlik yarana bilərdi.

Göründüyü kimi, əmanətlərin tam sığortalanması və müddətin uzadılması təkcə əmanətçilər üçün deyil, banklara inamın artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Amma təəssüf ki, bir sıra hallarda sığortalanmış əmanətlərin qaytarılması, xüsusən də müflis elan olunan banklar üzrə xeyli problemlər var. Mövcud qanunvericiliyə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Əmanətlərin Sığortalanması Fonduna bildiriş göndərir. Fond bildiriş aldıqdan sonra 7 gün ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verməlidir. Vətəndaş banka borcunu vaxtlı-vaxtında ödəməyəndə cərimə, peniya və s. məruz qalır, bir sıra hallarda qanunu pozaraq əməkhaqqı kartında olanı tam götürürlər də…

- Bəs onda niyə vətəndaşın qanuni haqqı tapdalandıqda heç bir tədbir görülmür?

- Fikrimizcə, bu işi səhmana salmaqdan ötrü bütün aidiyyatı orqanlar səylərini artırmalı, xüsusən də Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədəki narazılıqların aradan qaldırılmasına nail olmaqdan ötrü işlək mexanizm hazırlayıb həyata keçirməli və effektiv nəzarət etməlidir.

Prosedur qaydaların pozulmasına görə məsuliyyət də artırılmalıdır. Şəffaflığın təmin olunmasına da ehtiyac var. Bu sahədə problemlə qarşılaşan əmanətçılər isə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib gecikmə səbəblərini rəsmən öyrənməlidir.

Maliyyə-bank sistemində islahatların aparılması hazırda həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Əgər xarici valyutada olan kreditlər kimi çox ağır bir məsələ ilə bağlı addım atıldısa, deməli, maliyyə-kredit sahəsində digər addımlar da, o cümlədən sığortalanmış əmanətlərin qaytarılması ilə bağlı problemin çözülməsi istiqamətində də addımlar atılacaq. Əlimizdə bu məsələ ilə bağlı yetərincə konkret faktlar olduqda, sığortalanmış əmanətlərin vaxtında qaytarılması problemlərini indiyə qədər olduğu kimi, bundan sonra da Milli Məclisin tribunasından qaldıracağıq.

- Əhalinin istifadə etdiyi təbii qaza limitlə bağlı məsələ qismən həll olundu. Elektrik enerjisi ilə bağlı məsələyə də baxılması zəruridirmi?

- Məlum olduğu kimi, Tarif Şurasının aprelin 30-da keçirilən iclasında əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu addım çoxmərtəbəli binalarda yaşayanların xeyli hissəsinin ishehlak etdiyi qazdan istifadəyə görə ödənişin hər kubmetrə görə 10 qəpikdən hesablanmasına imkan verir. Amma həyət evlərində yaşayanlar daha çox qaz işlətdiyindən 2200 kubmetrlik limit ilin 5-6 ayına zorla çatır, qalan müddətdə isə ödəniş 20 qəpikdən olduğundan, bir sıra ailələrin xərcləri ikiqat artır və ya qazdan istifadəni dayandırmalı olurlar. Bununla belə, bütün hallarda qazdan istifadəyə görə limitin artırılması müsbət haldır.

İşıq və qaz istifadəsində sərf olunan məbləğ ailələrin, xüsusən də azgəlirli ailələrin büdcəsinə ciddi təsir edir. Tarif Şurasının aprelin 30-dakı qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılmasının vacibliyi gündəmə gəlib. Hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Fikrimizcə, hökumətin əhalinin güzəranını nəzərə alıb, işıqdan istifadəyə görə analoji qərar verməsi məqsədəuyğun olardı.

XƏBƏR LENTİ