Hacı Muradın incidilən ruhu, etibarsız qonşular, regional təhdidlər

1 028 8-06-2019, 22:48 gundem

Hacı Muradın incidilən ruhu, etibarsız qonşular, regional təhdidlər

Neçə gün öncə məzarı Qax rayonunun Tanqut kəndində olan Şeyx Şamilin naibi olmuş ,adı Qafqaz qəhrəmanı kimi də yad edilən Hacı Muradın qəbrinin açılması və sümüklərinin oğurlanması ,olaydan iki gün sonra həmin sümüklərin Dağıstanın Xunzax rayonunda, doğulduğu məkanda dəfn edilməsi xəbəri haqda cəmiyyətdə müəyyən qədər ajiotaj da doğuran yanaşmaların şahidi olduq. Olayla bağlı əksəriyyətimizi isə ilk öncə yəqin bu suallar düşündürdu? Əcəba, gecə ikən məzarı açıb gizli şəkildə ekzqumasiya etmək hansı təfəkkürün məhsulu ola bilər? Vaxtilə kəfənsoyanların əməlinə bənzər bu iyrənc aksiyanı öz şəxsiyyətlərinə sığışdıranlar Qafqaz qəhrəmanına nə dərəcədə sayğısızlıq etdiklərini heç düşündülərmi? Hacı Murada gerçək sevgisi olan, qafqazlı mentalitetinə sahib biriləri onun ruhu bu şəkildə incidərdilırmi? Əlbəttə ki, yox!
Nəzərə alsaq ki ,bu olayla bağlı ilk məlumatlar məhz Moskva mediasında yayılıb. Hətta baş vermiş məzar oğurluğu haqqında bizim tərəf məhz bundan sonra xəbər tutub. Hələ “oğurluq” olayı müqabilində Azərbaycan Respublikasının hüquq mühafizə sisteminin, Qax İcra hakimiyyəti yetkililərinin, ölkənin sərhəd və gömrük xidmətlərinin aciz durumu da bir başqa müzakirə mövzusudur. Əsas nigaranedici məqam isə əsrlərdir Qafqaz xalqları arasına nifaq toxumu səpməyə çalışan, əslində Qafqazda daim münaqişə ocaqlarını körükləyən Kremlin məntəqədəki növbəti təxribatlarının yeni fazaya keçməsi ehtimalıdır. Bu olaydan neçə həftə öncə qonşu Gürcüstanla sərhəddəki Keşikçidağ məbədi ilə bağlı da nisbətən oxşaq avantüra ilə qarşılaşmışdıq. Unutmayaq ki, son illər Şimal ayısının Gürcüstanın siyasi həyatına müdaxiləsi artan xətlə inkişaf edib və artıq sonuclar göz önündədir. Son seçkilərdə Gürcüstanda yaşayan soydaşlarımızın çoxunun da həmin siyasi oriyentasiyaya qarşı çıxmasına şahid olduq. Seçkilərdən dərhal sonra başlamış “David Qareci avantürası”nın təsadüfi - bir neçə keşiş ya fəal tərəfindən düzənlənməsi də gülünc təsie bağışlayır.
Digər tərəfdən ötən həftə Qırğızıstanda, Fərqanə faciəsinin 30-cu ildönümündə Ahiska türklərinə qarşı yeni bir hücum xəbərini də duyduq. Birdən-birə nə baş verdi ki?! Amma olduqca üzücü və utancverici olan bu olayın da məhz həmin aspektdən (Kreml faktoru) dəyərləndirilməsinin tərəfdarıyam. Elə isə gerçəkdən nə baş verir?
Nəzərə alsaq ki, son aylar beynəlxalq arenada qonşu İranla bağlı artan nigarançılıqlar, daha korrekt ifadə etsək, İrana qarşı müharibə çağırışlarının intensivləşməsi, eləcə də qərbin öz enerji təminatını Rusiayanın asılılığından qurtarması xüsusunda səslənən çağırışlar Azərbaycanın tranzit önəmini daha da qabartmışdır. Həmin kontekstdə bu gün Xəzərin şərq sahilindəki enerji resurslarının məhz Azərbaycan ərazisindən qərbə çıxarılması məsələsi aktuallığını daha da artırmışdır. Bu reallığın Şimal və Cənub qonşularımız üçün müəyyən həssasiyyətlərə səbəb olması da istisna deyil. Hətta ötən ay Naxçıvanla-Iğdır arasındakı Dilicu gömrük məntəqəsində Azərbaycana məxsus neft tankerinin İran tərəfindən vurulması da təsadüf ,ya xəta sayılmamalıdır. Hər halda ortada enerji faktoru var. Görünən mənzərə budur ki, qonşularımız narahat və nigarandır. Hətta Rusiyanın nankor qonşumuz Ermənistanın onun təsir dairəsindən çıxma cəhdindən qəzəblənməsi halları da ara-sıra özünü biruzə verməkdədir. Amma görünən budur ki, Kreml üçün bu qəzəbin “faturasını” da, torpaqlarımızın beşdə birini peşkəş etdiyi “forpost”una deyil, Azərbaycana kəsmək daha maraqlıdır. Bir sözlə mövcud iqtidarımızın istər Rusiya , istərsə də İran müqabilində illərdir sərgilədiyi dişsiz siyasət belə artıq təsirsiz görünür. Çünki ortada Moskvanın da, Tehranın da öz maraqları var. Əslində tarixi qonşularımız üçün siyasətdə heç vaxt daimi dost anlayışı da olmayıb. Bu məngənədə varlığımızı qorumaq üçün hələ ki, tək çıxış yolu budur - Azərbaycan demokratik dünyanın bir parçası olmalıdır.

Rüfət Muradlı
08.06.2019

XƏBƏR LENTİ