Sülhəddin Əkbər: “Harada böhran yaranırsa, böyük oyunçuların mübarizəsi gedir”

Sülhəddin Əkbər: “Harada böhran yaranırsa, böyük oyunçuların mübarizəsi gedir”“İran Venesuelada möhkəmlənməyə çalışır, çünki bu Cənubi Amerika respublikası böyük uran ehtiyatlarına malikdir”.

“Yeni Müsavat”ın məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton forum zamanı belə deyib.

Ağ Ev rəsmisi qeyd edib: “Venesuela dünyada ola bilsin ki, Kanadadan sonra ən böyük uran ehtiyatlarına malik ikinci dövlətdir. Bu, onu İran üçün əsas məqsəd edir”.

Bu açıqlamadan belə nəticə hasil olur ki, Vaşinqtonla Tehranın savaş hüdudları genişlənir və Venesuela uğrunda mübarizə başlayır.

Bunun əksi isə Venesuelada uranın olmasını bəhanə edib İrana və Maduro iqtidarına təzyiqləri artırmaq ssenarisidir.

Politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, ABŞ-la İran arasında kəskin münasibətlərin tarixi inqilaba qədər gedib çıxır. Onun sözlərinə görə, Amerika və İsrailin İranla bağlı bəhanələri var:

“Bu bəhanələr nüvə proqramı, guya İranın terrorizmi dəstəkləməsi və s. məsələlərdir. Bilirsiniz ki, İran Suriyada, İraqda, Yəməndə, körfəzdə var. Amma Venesuelada elə ciddi rol oynamır”.

S.Əkbərin sözlərinə görə, dünyanın yeni nizamının quruculuğu prosesi gedir: “Bu gedişat sancılı, ağrılıdır. Çünki aparıcı oyunçular ABŞ, Çin, Avropa Birliyi və Rusiyadır. Hər birinin ayrı-ayrılıqda çatışmayan tərəfləri var və bəzən bu qüvvələrin maraqları üst-üstə düşə də bilir.

Ona görə də harada böhran, münaqişə ocaqları yaranırsa, böyük oyunçuların mübarizəsi gedir. Söhbət strateji, geopolitik qarşıdurmadan gedir.

Mən bildirmişdim ki, 2014-cü ildə Ukraynada geopolitik proseslərin həlledici dövrü başlayıb və 2030-a qədər dərinləşəcək. Ona görə ki, Çin 2030-a qədər dünya liderliyini hədəf qoyub.

Amerikanın niyyəti Çinin planlarını pozmaqdır, onu durdurmaqdır. Məlumdur ki, Çinin enerji ehtiyatlarına ehtiyacı var. Bu ehtiyacların əsas təminatçısı İrandır.

Amerikanın İrana qarşı kəskin siyasəti məhz Çini neft təminatından məhrum etmək istəyidir. Eyni zamanda Venesuela dünyada ən çox neft ehtiyatı olan ölkədir və proseslərə bu kontekstdən baxmaq lazımdır".

Siyasi şərhçi Elxan Şahinoğlu isə hesab edir ki, ABŞ rəsmilərinin çıxışlarında əvvəlki sərt ritorika yoxdur: “Təbii ki, sanksiyalar davam edir və Venesuela açıqlaması İrana təzyiqlərin artacağını deməyə əsas yaradır.

Amma bəzən kəşfiyyat məlumatları həqiqəti əks etdirmir. Məsələn, keçmiş müşavir Koren Pauer Səddam Hüseynin kimyəvi silahdan istifadə etdiyini və İraqa hücumun labüdlüyünü deyirdi.

Amerika İraqa girdi, dağıtdı, amma kimyəvi silah tapmadı. Çünki bəhanə idi. İndi kim təminat verir ki, Boltonun dedikləri düzdür?

Sadəcə, sanksiyalar üçün bir bəhanədir. İran uzaq Venesueladan uranı necə götürə bilər? Buna kəşfiyyat da imkan verməz".

E.Şahinoğlu ABŞ-ın İran üzərindən Çinə qarşı planlar qurmasına da bir o qədər inanmır: “Çin o qədər varlıdır ki, alternativləri çoxdur. İran ona neft sata bilməsə, gedib bir az baha Səudiyyə Ərəbistanından alacaq.

Amerika Səudiyyəyə deməyəcək ki, Çinə neft satma. İnanmıram ki, İran üzərindən Çini zəiflətmək siyasəti yürütsün".

Sülhəddin Əkbər: “Harada böhran yaranırsa, böyük oyunçuların mübarizəsi gedir”

  • 13-06-2019, 09:54
  • 64


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar
  2. İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib
  3. Sülhəddin Əkbər: “Harada böhran yaranırsa, böyük oyunçuların mübarizəsi gedir”
  4. Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı
  5. “Naxçıvandakı təlimləri rus bazası da izləyir” – Əcaba niyə?
  6. Rusiyanın Yerevandakı səfiri: “Hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır”
  7. Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019" döyüş atışlı taktiki təliminin əsas mərhələsi keçirilib
  8. Da Vinçinin itən tablosu… –Səudiyyə şahzadəsinin yaxtasında tapıldı
  9. Sabaha olan hava proqnozu
  10. Bakıda yanğın:körpə qız yanaraq öldü
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MARAQLI