Əyləncə mərkəzlərində uşaqların həyatı təhlükədə

840 28-06-2019, 11:02 cemiyyet

Əyləncə mərkəzlərində uşaqların həyatı təhlükədə“Meqafun”da baş verən hadisənin yeni təfərrüatları ortalığa çıxır - şarlara helium yox, propan qazı vurulubmuş
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Meqafun” Əyləncə Mərkəzində iyunun 22-də helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla, 8 nəfərin yaralanması ilə bağlı valideynlərə müraciət edib. Müraciətdə baş verənlərdən təəssüf hissi ifadə edilib. Qeyd olunub ki, hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi işlər görülür: “Həmçinin komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu və ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük”.

Müraciətdə bildirilir ki, valideynlərin yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən edilmiş xəbərdarlıqlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur: “Valideynlər yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların süni qidalar - rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmalıdırlar”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Bakıda “Megafun” Əyləncə Mərkəzində baş verən hadisə ictimaiyyətdə ciddi rezonans doğurdu. Hadisədə xəsarət alanlar arasında müğənni Ayan Babakişiyeva və qızı da olub. Müğənni bu barədə sosial şəbəkədə məlumat paylaşıb. O, hadisənin günahını mərkəzə gələn animatorlarda görüb və qeyd edib ki, FHN sularının vaxtında açılması baş verə biləcək faciənin qarşısını alıb. Hadisənin baş verdiyi restoranın yerləşdiyi “Azure” kompleksinin rəhbərliyi BBC News Azərbaycancaya bildirib ki, baş verənlər “Megafun” Əyləncə Mərkəzində yox, kompleksdə fəaliyyət göstərən kafedə, banket zalında baş verib. Rəhbərliyin açıqlamasına görə, animatorları da, şarları da, avadanlıqları da müştəri gətirib:

“Hadisə animatorun qeyri-peşəkarlığı və ehtiyatsızlığı ucbatından baş verib. Otaqdakı suçiləyicilər işə düşüb və yanğın baş verməsinin qarşısını alıb. Obyektə də yüngül ziyan dəyib, hazırda orada boyama işləri gedir”. “Azure”nin rəhbərliyi bu hadisədən sonra burada keçiriləcək tədbirlərdə “odlu şouların tamamilə qadağan olunduğunu və gətirilən avadanlıqlara tək-tək baxış keçiriləcəyini” qeyd edib.

O da məlumdur ki, paytaxt Bakıda və bölgələrdə yaşayanlar əsasən mərkəzdə yerləşən AVM-dəki uşaq əyləncə mərkəzlərinə üz tuturlar. Bəs buradakı əyləncə mərkəzlərinin təhlükəsizliyi nə dərəcədə qorunur? Hər dəfə bu cür mövzular gündəmə gələndə ortalığa bir sual çıxır - niyə AVM-də uşaq əyləncə mərkəzləri əsasən yuxarı mərtəbələrdə təşkil olunur? Halbuki baş verə biləcək hansısa hadisə zamanı yuxarı mərtəbədən aşağı düşmək həm uşaqlar, həm də böyüklər üçün xeyli çətindir. Məsələn, son hadisənin baş verdiyi “Megafun” da 3 mərtəbədən ibarətdir. Uşaqlar üçün əyləncəli yer ikinci mərtəbədən başlayır. Elə hadisə də mərkəzin 2-ci mərtəbəsində baş vermişdi.

“28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində də uşaqlar üçün əyləncə məkanları 3-cü mərtəbədə, “Metropark”da 5-ci mərtəbədə, eləcə də “Park Bulvar”da 3-cü mərtəbədə yerləşir.

Bu məqamda ötən il Rusiyanın Kemerovo vilayətində yerləşən ticarət əyləncə mərkəzində baş verən faciəni xatırlatmaq olar. Həmin hadisədə yuxarı mərtəbədə yerləşən əyləncə hissəsində, kinozallarda yanğın baş vermişdi və nəticədə 41 uşaq da daxil olmaqla, ümumilikdə 64 nəfər dünyasını dəyişmişdi.

Məsələni daha yaxından araşdırmaq üçün Bakıdakı böyük ticarət mərkəzləri ilə əlaqə saxlamağa çalışdıq.
Əyləncə mərkəzlərində uşaqların həyatı təhlükədə
“28 Mall” Ticarət Mərkəzinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə İskəndərova “Yeni Müsavat”a danışıb. Qurum əməkdaşı mərkəzdəki uşaq əyləncə məkanlarının təhlükəsizliyinin qorunması haqda bunları bildirdi: “Ümumiyyətlə, ”Megafun"da baş verən hadisədən sonra mətbuatdan bizimlə əlaqə saxlayıb, təhlükəsizlik məsələləri ilə bağlı çoxlu sayda suallar verənlər oldu. Qeyd edim ki, “Megafun” Əyləncə Mərkəzi ilə bizim mall ticarət mərkəzlərimizin strukturu tam fərqlidir. Belə ki, bildiyim qədər adıçəkilən əyləncə mərkəzində bütün məsələlərin hamısına qurumun özündə nəzarət edirlər. Lakin biz də yerləri icarəyə veririk və təhlükəsizlik məsələlərinə sahibkar məsuliyyət daşıyır. Doğrudur, biz hər bir sahibkara öz daxili təhlükəsizlik qaydalarımızı izah edirik. Lakin dediyim kimi, təhlükəsizlik məsələlərindən onların özləri məsuliyyət daşıyır. FHN də vaxtaşırı gələrək buradakı təhlükəsizlik məsələlərini yaxından yoxlayır. Xüsusilə də Rusiyanın Kemerova şəhərindəki ticarət mərkəzində baş verən faciədən sonra təhlükəsizlik məsələləri daha da gücləndirilib. Buradakı qorunma ABŞ, eləcə də İngiltərə standartlartına uyğundur".
Əyləncə mərkəzlərində uşaqların həyatı təhlükədə
Qurum əməkdaşı “Megafun”da baş verən hadisəyə də münasibət bildirdi: “Düşünürəm ki, oradakı hadisə məsuliyyətsizlik ucbatından baş verib. Belə ki, mərkəzə helium şarları gətirilərək yuxarı buraxılıb və robotların hərəkətindən helium şarları partlayıb”.

“Park Bulvar” Ticarət Mərkəzinin meneceri Günay Malikqızı da açıqlama verərək bildirdi ki, mərkəzin təhlükəsizliyinə daim nəzarət edilir: “Fikrimcə, ”Megafun"da baş verən hadisədə rəhbərlik məsuliyyət daşıyır. Çünki deyilənə görə, şarların içinə helium deyil, digər tərkibli qaz vurulub. Çoxlarına məlumdur ki, helium şarları o qədər də təhlükəli deyil. Helium şarlarını qəbul edərkən mütləq şəkildə onun tərkibi ilə bağlı sertifikat tələb etmək lazımdır".

Qeyd edək ki, bir sıra mətbuat orqanlarında hadisəyə səbəb olan şarlara helium deyil, propan qazı vurulduğu barədə iddialar yayılıb. Məlum olduğu kimi, indi bir çox restoran və əyləncə mərkəzlərində helium şarlarına tez-tez rast gəlirik. Ekspertlər də qeyd edir ki, bəzən ucuz başa gəlsin deyə şarların içinə helium deyil, propan qazı vurulur. Bu isə böyük təhlükə deməkdir. Belə ki, işıq və ya qığılcımlar saçan oyuncaqların qığılcımları metan və ya digər qazlarla doldurulmuş şarlar üçün od mənbəyi ola bilər.

5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov da sputnik.az-a verdiyi açıqlamada deyib ki, hadisə həmin gün helium yox, propan doldurulmuş şara qığılcımın toxunması nəticəsində baş verib.

Uşaq əyləncə məkanlarının yuxarı mərtəbələrdə yerləşməsinin fəsadları, ümumiyyətlə, belə yerlərdə təhlükəsizlik məsələləri ilə bağlı ekspert İlham İsmayılla danışdıq. Təhlükəsizlik üzrə ekspert bildirdi ki, uşaq əyləncə məkanlarının mərkəzin 1-ci və yaxud sonuncu mərtəbəsində yerləşdirilməsinin ciddi fərqi yoxdur: “Məsələn, Las-Veqasda şəxsən özüm görmüşəm ki, uşaq məkanları ticarət mərkəzinin 22-ci mərtəbəsində yerləşir. Burada, sadəcə, təhlükəsizlik son dərəcə qorunmalıdır. Bu isə təkcə dövlət təhlükəsizliyi orqanlarının deyil, həm də mərkəzin özünün, ən elementar olaraq mühafizəçinin təşkil edəcəyi işdir. Müvafiq qurumlar bu sahədə daim profilaktik işlər görməlidir, xüsusən də qızmar yay mövsümündə".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

XƏBƏR LENTİ