“SÖZLƏRİMİN ÜSTÜNDƏ DAYANIRAM!…” – “Bu dövlət üçün canımı qoymuşam…”

600 9-09-2019, 16:18 cemiyyet

“SÖZLƏRİMİN ÜSTÜNDƏ DAYANIRAM!…” – “Bu dövlət üçün canımı qoymuşam…”Milli Məclisin komitə sədri, YAP-çı deputat Eldar İbrahimov iqtidar tərəfə keçən müxalifətçilərin düşmən olduqları haqda dünənki qalmaqallı açıqlamasına aydınlıq gətirməyə çalışıb.

Prezidentin köməkçisi Əli Həsənov və Baş nazirin müavini, YAP-ın icraçı katibi Əli Əhmədovun onu qınamasından sonra E.İbrahimov “Etikxeber.az” saytının əməkdaşına müsahibə verib.

Xeberdar.net Eldar İbrahimovun həmin müsahibəsini təqdm edir:

- Eldar müəllim, sizin mətbuata son açıqlamanız bir qədər qalmaqala səbəb olub. YAP-ın Sədr müavini və İcra katibi Əli Əhmədov, o cümlədən, YAP-ın İdarə Heyətinin üzvü, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ard-arda təkzib xarakteli müsahibə və açıqlamalarla çıxış ediblər. Siz bir daha bu haqda nə deyərdiniz?

-Əvvəla, mən Azərbaycanda deyiləm, kənardayam. Müsahibəm və açıqlamamla da tam tanış olmaq imkanım olmayıb. Amma mən orada indiki müxalifətin, xüsusilə də, hansısa partiyanın və ya partiyaların, o cümlədən, parlament müxalifətinin və müxalifət təmsilçilərinin adlarını çəkməmişəm. Onlar haqqında heç bir fikir söyləməmişəm. Mən, sadəcə, radikallar, “söyüş” müxalifəti, vaxtilə parlamentdə təmsil olunub, indi kənarda qalan və Azərbaycan dövlətinə, dövlətçiliyinə qənim, düşmən kəsilən müxalifət və onun təmsilçiləri haqqında ad çəkmədən fikirlərimi bildirmişəm və bu gün də öz mövqeyimdə qalıram. Hesab edirəm ki, onların tutduğu yol yol deyil. Onlar Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı anti-Azərbaycan qüvvələrlə birləşiblər. İndi necə, mən buna səssizmi qalmayılam, susmalıyammı?

Mən hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və qurucularından, onun ilk təşəbbüskarlarından biriyəm. Mən bu dövlət və dövlətçilik üçün canımı qoymuşam, canını qoyanlardan biriyəm. Hər zaman heç kimdən, heç nədən çəkinmədən Əliyevçi olmuşam, bu gün də beləyəm, sabah da belə olacam. Eyni zamanda, Heydər Əliyev siyasətinin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin tərəfdayıram, onun əsgəriyəm, hər zaman onu dəstəkləmişəm, dəstəkləyirəm və bundan sonra da dəstəkləyəcəm. Mənim bir amalım, bir əqidəm, bir sifətim var. Kimsə buna şübhə etməsin və edə də bilməz. Atalarımız da yaxşı deyib ki, görünən dağa nə bələdçi?!

Mənim Azərbaycandakı konstruktiv mövqedə duran – iqtidarlı, müxalifətli bütün partiyalara hörmətim var. Eyni zamanda, parlamentdə təmsil olunan müxalifət partyalarına, onların sədrlərinə, təmsilçilərinə hörmətim var. Parlament üzvü olan YAP-çı həmkarlarıma necə hörmətim, münasibətim varsa, onlara da o cür münasibətim var. Onlar da həmişə bir insan, bir ağsaqqal kimi mənə hörmətlə yanaşıblar, hörmətimi saxlayıblar. Mən nəinki onlar, radikallıqdan, söyüşdən uzaq heç bir müxalifət partiyası və müxalifətçi haqqında heç nə deməmişəm.

Hesab edirım ki, parlamentdəki müxalifət partiyaları və digər partiyalar ümumilli məsələlərdə, ölkə prezidentinin Azərbaycan naminə ortaya qoyduğun fəaliyyətin, siyasətin dəstəklənməsində bizimlə, hakim YAP-la daim həmrəy olublar, öz dəstəklərini veriblər. Biz bütövlükdə buna İlham Əliyevin yürütdüyü siyasətin bütün xalq tərəfindən dəstəklənməsinin daha bir ifadəsi kimi yanaşırıq. Bu, həqiqətən belədir. Hörmətli Əli müəllim Əhmədovun da dediyi kimi, onlar – Azərbaycan siyasətində uzun illər tanınan həmin adamlar hörmət və nüfuz sahibləridir, partiya rəhbərləridir, ziyalılardır. Onlar əhalinin müəyyən qisminin maraqlarını ifadə edir və ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayırlar.

Buna görə də onlara hər zaman hörmət və ehtiramla yanaşılıb, onların özləri, fəaliyyətləri müsbət qiymətləndirilib, təqdir edilib, alqışlanılıb. Şəxsən mən özüm də hər zaman bu mövqedə olmuşam və kimsənin də haqqında artıq-əskik fikirlər səsləndirməmişəm. Əgər indi kimlərsə mənim sözlərimdən narazı qalıblarsa, demədiyim sözləri öz adlarına çıxıblarsa və ya kimlərsə ara qarışdırmaq, məni və mənim timsalımda YAP-ı ortaya atmaq, gərginlik yaratmaq istəyirlərsə, səhv edirlər, yanlış yoldadırlar. Mən nə dediyimi, kimlər haqqında nə danışdığımı yaxşı bilirəm və onların da üstündə qalıram…

- Yəni, bir daha vurğulayırsınız ki, Sizin fikirlərinizin onlara şamil olunması düzgün deyil və kimlərinsə “özfəaliyyəti”nin nəticəsidir…

– Bəli, bir daha altını qırmızı xətlərlə çızaraq bildirmək istəyirəm ki, mənim siyasi partiyalarla, o cümlədən, parlament partiyaları və parlamenti müxalifəti ilə heç bir işim olmayıb və yoxdur. Axı, nəyə görə, onlar haqqında nəsə deməliyəm? Deməmişəm axı… Kimlərsə ara qarışdırmaq, dediklərimi başqa yerə yozub gərginlik yaratmaq, YAP-ı, iqtidarı haqsızcasına və vicdansızcasına suçlmaq istəyirlərsə, böyük səhvə və yanlışlığa yol verirlər. Heç bir haqları və əsasları yoxdur. Dediyim kimi, onlara, konstruktiv müxalifət partiyalarına, parlamentdə təmsil olunan müxalifətə və digər partiyalara hər zaman ehtiramla yanaşmışam və bu gün də öz mövqemdəyəm. Mən keçmişdəkiləri, radikalları, söyüşcülləri, böhtançıları nəzərdə tutmuşam və mövqeyimin də haqlı olduğunu düşünürəm. Kimsə də mənim sözlərimdən istifadə edib, YAP-ın, iqtidarın üzərinə gedə bilməz.

XƏBƏR LENTİ